BDU-nun Filologiya fakültəsində Türkiyənin Fırat Universiteti Çağdaş türk dilləri kafedrasının müəllimi, doktor Süleyman Kaan Yalçının Bakı Dövlət Universitetinin 100 illiyinə ithaf etdiyi “Azerbaycan Türkçesi Grameri” kitabının təqdimatı keçirilib. Tədbirdə fakültə rəhbərliyi, kitabın müəllifi, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Elçin Məmmədov qonağı salamlayaraq, universitetimizin 100 illiyi ərəfəsində belə bir kitabın ərsəyə gətirilməsinin həm bu ali təhsil ocağına, həm də Azərbaycanın elmi ictimaiyyətinə böyük töfhə olduğunu bildirib. Dekan qeyd edib ki, əsər Türkiyədə Azərbaycan dili haqqında qələmə alınmış ilk monoqrafik tədqiqatdır və Azərbaycan dilinə dövlət qayğısının daha da gücləndirildiyi bir zamanda Türkiyədə belə bir təşəbbüsün həyata keçirilməsi – ana dilimizin akademik səviyyədə öyrənilməsi iki ölkə arasında qardaşlıq münasibətlərinin elm sahəsində də uğurla davam etdirildiyini göstərir. BDU-nun Filologiya fakültəsi də türkologiya istiqamətində qarşılıqlı elmi əlaqələrin inkişafına xüsusi önəm verir, fakültə alimlərinin və gənc tədqiqatçıların bu sahədəki fəaliyyətlərini həmişə dəstəkləyir.
Sonra söz qonağa - türkiyəli alim Süleyman Kaan Yalçına verilib. Müəllif universtetdə ona göstərdikləri xüsusi diqqət və qonaqpərvərliyə görə fakültə rəhbərliyinə, kitabın ərsəyə gəlməsində verdiklərə dəstəyə görə fakültə alimlərinə, xüsusən BDU-nun Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayevaya, Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazovaya, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları – Pərvin Eyvazov və Anar Fərəcova dərin təşəkürünü bildirib. Tədqiqatçı vurğulayıb ki, bu, onun Azərbaycanla bağlı ilk tanışlığı deyil. Bir neçə dəfə elmi-ədəbi tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə səfər edən alim həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. S.K.Yalçın görkəmli Azərbaycan yazıçısı C.Cabbarlının hekaylərini türk dilinə tərcümə etdiyinə görə 2012-ci ildə Türkiyənin Elazığ şəhərində keçirilmiş “Cəfər Cabbarlı mükafatı”nın təqdimat mərasimində həmin mükafata layiq görülüb.
Kitabın elmi redaktoru Fırat Universitetinin Çağdaş türk ləhcələri kafedrasının müdiri, professor Ahmet Buran, rəyçiləri həmin kafedranın professoru Ercan Alkaya, BDU-nun müəllimləri - Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova və Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Azərbaycan dili üzrə redaktoru “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazovdur.
BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Hüseyn Əsgərov, kitabın azərbaycanlı rəyçilərindən biri dosent Qızılgül Abdullayeva və başqaları çıxış edərək, monoqrafiya haqqında fikirlərini bölüşüb, S.K.Yalçının bir alim kimi fəaliyyətindən, yüksək şəxsi keyfiyyətlərindən, dilimizə və mədəniyyətimizə olan xüsusi diqqət və marağından danışıblar. Qeyd olunub ki, müəllif əsəri yazarkən çoxsaylı dil faktlarına və elmi ədəbiyyatlara, o cümlədən görkəmli Azərbaycan dilçilərinin yaradıcılığına istinad edib. Təqdim olunan kitab ana dilimizin zənginliklərinin türkdilli oxuculara çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda dekan E.Məmmədov türkiyəli alimə Universitet adından xatirə hədiyyələri təqdim edib. Kitabın müəllifi S.K.Yalçın da öz növbəsində Fırat Universitetinin rektoru adından Bakı Dövlət Universitetinə xatirə hədiyyələri bağışlayıb.

Kriteri.az

Daxil olundu: 23.11.2018 » Oxundu: 999
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!