BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin ənənəvi III mart toplantısı - 2019-cu ildə ilk iclası keçirilib. İclasda Filologiya fakültəsinin dekan müavinləri professor Nizami Xəlilov, dosent Cavanşir Muradov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, fakültə Elmi Şurasının katibi Məhəmməd Məmmədov, tələbələr və magistrantlar iştirak edib.
TEB-in illik hesabatına və idarə heyətinin yenidən formalaşdırılmasına həsr olunmuş tədbiri giriş sözü ilə açan dekan müavini dosent Cavanşir Muradov birliyin ötənilki fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, TEB son bir il ərzində elmi seminarlar təşkil edib, tələbələrin respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə iştirakını təmin edib. Həmçinin qeyd olunub ki, tələbələrin elmi fəaliyyətə cəlb olunması və konfranslarda aktiv iştirakı üçün şərait yaradılmasına bundan sonra da ciddi nəzarət olunmalıdır və gənclər də yeni təkliflərlə çıxış edərək bu istiqamətdə özlərini formalaşdırmalıdırlar.
Filologiya fakültəsinin elmi işlər, qiyabi və magistratura üzrə dekan müavini, professor Nizami Xəlilov və dosent Məhəmməd Məmmədov çıxışlarında tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən, birliyin fəaliyyətinin məqsədindən, elmi təşkilatlanmanın faydalarından danışıb, tələbələrə öz tövsiyələrini veriblər.
Sonra TEB-in illk hesabatı dinlənilib. II kurs magistrantı Aygün Əliyeva birliyin 2018-ci il ərzində gördüyü işlər barəsində auditoriyanı məlumatlandırıb. Daha sonra TEB-in elmi rəhbəri Pərvin Eyvazov idarə heyətinin yenidən formalaşdırılması ilə bağlı bir sıra meyarlar haqqında məlumat verib, tələbələrlə fikir mübadiləsi aparıb. İdarə heyəti formalaşdırıldıqdan sonra üzvlər səsvermə yolu ilə Filologiya fakültəsinin SABAH qrupları üzrə III kurs tələbəsi Elnarə Talıbovanı TEB-in sədri seçib. Həmçinin idarə heyətində Raziyyə Həsənova magistratura üzrə baş koordinator, Aidə Musazadə bakalavriat üzrə koordinator, Qismət Cəfərov tələbə elmi seminarının rəhbəri, Səidə İsmayılova SABAH qrupları üzrə koordinator, İlkanə Məmmədova ictimaiyyətlə əlaqələr üzrə koordinator vəzifələrini icra edəcək.

Kriteri.az

Daxil olundu: 04.03.2019 » Oxundu: 2102
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!