2019-cu il iyul ayının 09-da Beynəlxalq Mətbuat Mərkəzində “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin və Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin birgə təşəbbüsü ilə BDU-nun Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın açılış mərasimində Azərbaycanın tanınmış alimləri, ziyalılar, gənc tədqiqatçılar və tələbələr iştirak edib.
Konfransa Türkiyə və Şimali Kipr Türk Cumhuriyyətindən, o cümlədən Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrindən ümumilikdə 139 tezis təqdim olunub. Onlardan 109-u təşkilat komitəsi tərəfindən çapa tövsiyə edilib. Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci qrant müsabiqəsinə layihə şəklində təqdim edilib və qalib gəlib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Açılış nitq ilə çıxış edən “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin sədr müavini Saday Vəliyev təşkilatın son illər həyata keçirdiyi layihələrdən, BDU-nun Filologiya fakültəsi ilə uğurlu əməkdaşlıqdan və keçirilən konfransın mühüm tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycanda dilçi və ədəbiyyatşünas kadrların hazırlanmasında universitetin Filologiya fakültəsinin müstəsna rolu olub.
BDU-nun Filologiya fakültəsinin dekan müavini professor Nizami Xəlilov Filologiya fakültəsinin keçdiyi yüzillik şərəfli inkişaf yolundan, burada fəaliyyət göstərmiş görkəmli ziyalıların xidmətlərindən danışıb, universitetin ilk azərbaycanlı müəllimlərindən biri olan Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığının bəzi mühüm məqamları haqqında məlumat verib.
BDU-nun “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi, təşkilat komitəsinin üzvü Pərvin Eyvazovun konfrans barəsində hesabat xarakterli çıxışından sonra söz qonaqlara verilib.
Gəncə Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Xəlil Yusifli Azərbaycan ədəbiyyatşünaslığının inkişafında Bakı Dövlət Universitetinin rolundan, Filologiya fakültəsinin respublikamızdakı nüfuzundan, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədli BDU-nun Filologiya fakültəsinin elmi mühitindən, universitetin görkəmli dilçi alimlərinin fəaliyyətindən bəhs edib.
Sonra Türkiyənin Fırat Universiteti Müasir türk dilləri kafedrasının dosenti Süleyman Kaan Yalçının və Şimali Kipr Türk Cumhuriyyəti Girne Amerikan Universitetinin Türk dili və ədəbiyyatı müəllimliyi kafedrasının müdiri dosent Elza Alışova Dəmirdağın çıxışlarını əks etdirən videomaterial dinlənilib. Hər iki çıxışçı Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin yüz illik yubileyi münasibətilə konfrans iştirakçılarına təbriklərini çatdırıb, təşkilatçılara öz təşəkkürlərini bildiriblər.
Daha sonra çıxış edənlər: BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Almaz Əliqızı, BDU-nun Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin böyük elmi işçisi dosent Qüdsiyyə Qəmbərova qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu elm ocağı müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən zəngin və şərəfli bir yol keçib, böyük ziyalıların fədakar əməyi sayəsində yetişdirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın tərəqqisinə misilsiz töhfələr verib.
Sonda konfransın təşkil olunmasında fəal iştirak etmiş BDU-nun Filologiya fakültəsinin bir qrup müəllim və tələbəsinə “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyi adından təşəkkürnamələr təqdim olunub.

Kriteri.az

Daxil olundu: 10.07.2019 » Oxundu: 1914
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!