09-12 dekabr 2018-ci il tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində “Təhsilin inkişafı” Dövlət Proqramı çərçivəsində Rusiya xalqlarının və MDB-yə daxil olan türkdilli ölkələrin ədəbiyyatlarına həsr olunmuş şagird və tələbələrin beynəlxalq festivalının yekun turu keçirilib.
Festivalın əsas məqsədi mənəvi mədəniyyətin qurulması, qorunması və ötürülməsi istiqamətində Rusiya Federasiyası xalqlarının və MDB-yə daxil olan ölkələrin dilləri və ədəbiyyatlarının, rus dili və ədəbiyyatının başlıca vasitə kimi mövqelərinin möhkəmləndirilməsi, həmçinin rus dilinin Rusiya Federasiyası xalqlarının və MDB-yə daxil olan türkdilli ölkələrin ədəbiyyatlarında mədəniyyətlərarası dialoq və yaradıcı özünüifadə vasitəsi kimi təbliğidir.
Festival iki turdan - regional və yekun mərhələlərdən ibarət olub. İlk mərhələ - regional tur 15-20 oktyabr 2018-ci il tarixlərində baş tutub. Yekun tur isə 09-12 dekabr 2018-ci il tarixlərində Kazan Federal Universitetinin bazasında keçirilib.
Festivalın auditoriyası Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan (Qaraqalpaqıstan), eləcə də Rusiya Federasiyasının Kalmıkiya, Komi, Altay, Saxa (Yakutiya), Buryatiya, Xakasiya, Kabardin-Balkar, Mordoviya, Tatarıstan, Udmurtiya və bir sıra digər milli respublikalarının istedadlı tələbə gənclərini əhatə edib.
Bu mötəbər tədbirdə ölkəmizi Bakı Dövlət Universitetinin Filologiya fakültəsi rus bölməsinin IV kurs tələbələri Cəmilə Şərafutdinova və Zümrüd Məmmədova təmsil edib. 130-dan artıq iştirakçı arasında Zümrüd Məmmədova festivalın qalibi olub, ona 2-ci dərəcəli diplom təqdim edilib. Cəmilə Şərafutdinova isə festivalın mükafatçısı olub.
Tələbələrin elmi rəhbəri, BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Aqil Hacıyev və festivalın regional turunun təşkilində və keçirilməsində fəal iştirakına görə BDU-nun Filologiya fakültəsinin dekan müavini, dosent Cavanşir Muradov festivalın Təşkilat komitəsi tərəfindən “Təşəkkürnamə”yə layiq görülüb.
Festivalın keçirildiyi müddətdə Kazan Federal Universitetinə, şəhərin ən yaxşı muzeylərinə, tarixi yerlərinə ekskursiyalar təşkil olunub, aparıcı mütəxəssislərin iştirakı ilə milli ədəbiyyatların problemləri üzrə dəyirmi masalar, ustad dərsləri, tatar yazıçı, şair və tərcüməçiləri ilə yaradıcı görüşlər keçirilib.

Kriteri.az

Daxil olundu: 17.12.2018 » Oxundu: 1494
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!