
Millətimizi sevmək üçün ən irəli dilimizi sevməliyik. Həm də elə bir eşq ilə sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin. Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır.
Ö.F.Nemanzadə
Mənim ana dilim, mənim kimliyim,
Pasportum! Özümə öz hakimliyim.
Mənim mənliyimin füsunkarlığı,
Danışan kamalı, ağlıdır dilim.
B.Vahabzadə
XX əsr Azərbaycan ədəbiyyatı və incəsənətinin qızıl dövrüdür. Bu dövrün görkəmli nümayəndələrindən biri də türk dünyasının şair oğlu Bəxtiyar Vahabzadədir. B.Vahabzadənin şeirləri, poemaları, dram əsərləri müxtəlif mövzuları əhatə edir. Şeirlərinin dili aydın və sadədir. O, bizə adi görünən hər bir hadisəyə, əşyaya tamamilə başqa cür yanaşır. Onun əsərlərinin ana xəttini vətən, millət, dil, milli mədəniyyət, azadlıq mövzuları təşkil edir. Şair vətənini nə qədər sevirsə, dilini də o qədər sevirdi.
Sənsiz adım haram, Vətənim haram.
Ana südü kimi halalım dilim!
Harda sən varsansa, orda mən varam,
Ey mənim ulduzum, hilalım dilim.
Gənclər bunu bilməzlər. Yaşlı nəslin yaxşı yadındadır ki, biz elə zamanda yaşamışıq ki, dövlət əhəmiyyətli bütün sənədlər, hətta xəstəxanalarda xəstəlik tarixləri belə rus dilində yazılırdı. Şairin həmin dövrdə ana dilinə aid ürək ağrısı ilə yazdığı nə qədər şeiri var. 1967-ci ildə yazdığı “Latın dili ” şeirində o, xalqı ölü olan, dili yaşayan və xalqı yaşasa da, dili rəsmi idarələrdən qovulan dillərdən söz açmışdır. Özünü qorumaq üçün şeirin sonunda Kasablanka yazmışdı. Buna baxmayaraq, şeir çap olunandan bir neçə il sonra onu məhşər ayağına çəkdilər, incitdilər.
Söylə, necə azadsan ki,
Komalarda dustaq olub ana dilin?
Böyük-böyük məclislərdən
İtirilib ilim-ilim.
İclaslarda bir kəlməsi, sözü yoxdur, Bəlkə... onun böyük, rəsmi məclislərə Çıxmaq üçün üzü yoxdur? ...Bəlkə, bu dil çox kasıbdır, Qucağına sığışmayır Əsrin böyük fikirləri?
Şair şeirin sonunu düşündürücü suallarla bitirir:
İndi söylə,
Hansı dilə ölü deyək?
Vətən varkən,
Millət varkən,
Kiçik, yoxsul komalarda
Dustaq olan bir diləmi?
Yoxsa uzun əsrlərdən keçib gələn,
Xalqı ölən,
Özü qalan bir diləmi?
Şair həmişə ana dili haqqında sevə-sevə, yana-yana danışırdı. Elə bu sevgi “Ana dili”, “Latın dili”, “Cavab”, “Nə ondansan, nə bundan”, “Riyakar” şeirlərinin, “Mərsiyə”, “Ağlar-güləyən”, “İki qorxu” kimi poemaların yaranmasına səbəb oldu. Bu barədə şair özü yazırdı: “Ana dilimizə həsr etdiyim bir çox şeirlərimdən başqa, məqalə və poemalarımda ana dilinin hər bir xalqın milli varlığının birinci göstəricisi olduğunu dəfələrlə vurğulamışam. Bu tipli yazılarımın hamısında “Dil yoxsa, millət də yoxdur” fikrini təbliğ etmiş, mübarizəmi bu proqram əsasında aparmışam”.
Şair öz şeirlərində dilini bilməyənlərə, bəyənməyənlərə qarşı çıxır, qorxmadan, çəkinmədən öz sözünü deyirdi. 1967-ci ildə yazdığı “Riyakar” şeirində öz uşaqlarına dərs deyən müəllimlərin əksəriyyətinin uşaqlarını rus məktəblərində oxutduqlarını biləndə dəhşətə gəlir:
Mənim övladıma ana dilində
Dərs deyən “ağıllı” müəllimə bax.
“Vətən”, “vətən” deyir, öz övladını
Əcnəbi dilində oxudur ancaq.
Özgəyə “dilini öyrən” deyirsən,
Özünsə bu dili bəyənməyirsən.
B.Vahabzadə özünün də dediyi kimi bütün həyatı boyu dilimizin saflığı uğrunda mübarizə aparmış, ana dilimizin yad dillərin içində əridilməsinə qarşı çıxmışdır. Müəyyən dövrlərdə ərəb, rus, son dövrdə isə ingilis dilinin üstünlük qazanması, dilimizi sıxışdırması şairi narahat edir və o, şeirlərində, poemalarında bu məsələyə kəskin münasibətini belə bildirir:
Vətəndən qovuldu ana dilimiz,
“Ana dili” dedik gəlmə, yad dilə.
Ərəbcə danışdıq ölülərlə biz
Rusca qırıldatdıq dirilər ilə.
Öz ana dilimiz “lallığımızdan”
Ölüyə küfr oldu, diriyə nöqsan.
Bir zamanlar rəsmi dairələrdə reklamlarda rus dili hakim dil kimi işlədilirdisə, indi o, öz yerini ingilis dilinə verib. Özünün dediyi kimi ana dilimizin uğrunda həm əməli işdə, həm də yaradıcılığında mübarizə aparan şair buna laqeyd qala bilmir və
Bir zaman ruscaydı reklam işıqlar,
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə,
-deyə öz etirazını bildirir.
Sovet rejiminin tüğyan etdiyi bir dövrdə H.Əliyev BDU-nun 50 illik yubileyində doğma ana dilində çıxış etmiş, Azərbaycan SSR-nin 1978-ci ildə qəbul olunmuş konstitusiyasına digər sovet respublikalarından fərqli olaraq Azərbaycan dilinin dövlət dili olması haqqında maddə salınmasına nail olmuşdu. Lakin H.Əliyevin özünün dediyi kimi “bu da bizdə Azərbaycan dilinin hakim dil olmasını təmin edə bilməmişdi. Çünki biz böyük bir dövlətin içində idik. Bütün işlər o dildə keçirilirdi”. Böyük şairimiz o dövrün mənzərəsini öz misraları ilə gözümüz önündə belə canlandırır:
Yadın fitvasıyla, öz gülləmizlə
Özgənin dilinə ov olan dilim.
Möhürlü, hüquqlu idarələrdən
Daxmalar küncünə qovulan dilim.
Ali təbəqələr səni dandılar,
Sən bir ümman ikən dayaz sandılar.
Özgənin dilində xoruzlandılar,
Sən ey öz sacında qovrulan dilim.
Xətayi taxtında sən fərman oldun,
Dillərə hökm edən qəhrəman oldun.
Bəs niyə sən bu gün pərişan oldun,
Bilgə qılıncından od alan dilim?
Tarixin yolunu keçdin uğurlu,
Sənə batammadı bir qoluzorlu.
Dünəni möhtəşəm, sabahı nurlu,
İndisi tapdanıb ovulan dilim.
Atalı, analı a yetim dilim,
Şərəfim, şöhrətim, qeyrətim dilim.
“Nə ondansan, nə bundan”, “Cavab” şeirlərində isə Cənubi Azərbaycanda yaşayan, milliyyətcə azərbaycanlı olsalar da, öz dillərinə laqeyd münasibət bəsləyən, dillərini bilməyənlər tənqid olunur. Birinci şeirdə Cənubi Azərbaycanda yaşayan azərbaycanlı dilini öyrənmək üçün dərslik göndərilməsini istəyir. Şairin bu azərbaycanlıya cavabı belədir:
Yazırsan: “Dəyişmişəm,
Başqa gözlə baxıram indi bütün hər şeyə,
Mənə dərslik göndərin dilimi öyrənməyə.
Dərslik?
Bu nə deməkdir?
Kitablardan nə səmər?
Axı ana dilini anadan öyrənərlər.
Anan bunu etmədi.
O, sənə öyrətmədi
Anasının dilini.
Anan sənə öyrətdi ağasının dilini.
Öz doğma övladına doğma ana dilini
Öyrətməyən analar,
Bəs ana adlanmağa sizin haqqınızmı var?
Dilinizi danırkən
Özünüzü dandınız!
Ancaq bu alçaqlığı siz ucalıq sandınız,
Ey kökündən ayrılıb öz-özündən qaçaqlar,
Əmin olun,
Sizi də bir zaman danacaqlar!
Eyni mövzuda yazılan “Cavab” şeiri isə milliyyətcə azərbaycanlı olan, lakin dilini, xalqını farsların tör-töküntüsü hesab edən Yəhya Zəka kimi “alimlərə” tutarlı cavabdır.
Mən yaxşı bilirəm məqsədin nədir,
Uydurma tarixin məramı nəymiş.
Nəsimi, Füzuli, Xətayi, Sabir
Səncə Firdovsinin yetimləriymiş.
Altay dağlarını baban aşanda
Ağan bu cürəti heç danmamışdı.
Qorqud öz dilində nəğmə qoşanda
Sədinin qəzəli yaranmamışdı.
Tarixlər yaradıb tarixdən qədim
Bu xalqın qılıncı, bu xalqın sözü.
Bəs necə oldu ki, ey dönük alim,
Biz olduq özgənin tör-töküntüsü?
B.Vahabzadə publisist məqalələrində də yeri gəldikcə bu məsələyə toxunub. “Ana dilim-ana köküm” məqaləsində vəzifəli adamların öz dilini bilməməsindən utanmaq əvəzinə rəsmi yığıncaqlarda ana dilində danışanları “geridə qalmış adam”, özlərini isə irəli getmiş, müasir və mədəni adam hesab etmələrinə rişxənd edir. Şair yazır: “İndi bizə nə lazımdır? Özümüzü başqaları ilə bərabərhüquqlu bir xalq kimi dərk etmək! Özümüzə, milli varlığımıza hörmət etmək! Heç kəs bizə yuxarıdan demir ki, övladlarına ana dilini öyrətmə, ana dilində olan məktəblərə biganəlik göstər, dövlət dilində ərizəni qəbul etmə! Ana dilində danışma!
Bu yaxşı haldırmı ki, ümumdünya şöhrəti qazanmış, ana dilinin gözəl bilicisi Üzeyir bəyin anadan olmasının 100 illik yubiley iclası ana dilində keçməsin? Eləcə də ədəbi dilimizin əsasını qoyan Nəsiminin yubileyi. Dilimizə bu cür biganə olanlar kimdir? Öz kökündən ayrılmış, doğma xalqının dilini, tarix və mədəniyyətini bilməyən, bilmədiyinə görə də bilmədiyinə qənim kəsilən bəzi milli nihilistlər”. Şairin bu cür insanlara “Mənim ana dilim” şeirində cavabı belədir:
Fərqini bilməyib ağdan qaranın
Adam var bu dili yad sayar bu gün.
Dədəsi bu dildə cəbhə yaranın
Özü özgə dildə banlayar bu gün.
Nə yarpaq, nə külək, nə metal, nə quş
Səslənmir, oxumur özgə dilində.
Bəs sənə nə düşüb, ay dili yanmış,
Yad dildə ötürsən öz mənzilində?
“Ana dili” (“Bir məktuba cavab”) məqaləsində göstərilir ki, Culfa rayonundan bir həkim şairə yazır ki, uşaqlarını orta məktəbdə rus bölməsində oxudur. O vaxt milli məsələ yox idi. İndi dostları uşaqlarını rus bölməsindən çıxarır. Şəxsən mənim gələcəyə inamım yoxdur deyə məsləhət istəyir ki, uşaqların məktəbini dəyişsin, yoxsa yox. Şairin bu həkimə cavabı belədir: “Ana dili millətin namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən. Sizə məsləhətim budur ki, yenə havaya görə iş görəsiniz. Çünki özünüz yazırsınız ki, sizin gələcəyə inamınız yoxdur. İnamınız yoxdursa, xalqın namusu və qeyrəti olan ana dilini istədiyiniz zaman istədiyiniz dilə dəyişə bilərsiniz. Sizin kimilər bundan dərd çəkməyə bilər.
O ki qaldı mənə, mənim böyük Füzuliləri, Sabirləri, Üzeyir bəyləri yaradan xalqımın gələcəyinə də, onun dilinə və mədəniyyətinə də inamım böyükdür. Ana dili vaxta görə seçilməməli, ana dili olduğuna görə bütün dillərdən seçilməli və sevilməlidir”.
Bu yerdə Əhməd Şmidenin sözlərini xatırlatmaq yerinə düşər: “Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən B.Vahabzadədən öyrəndim”.
B.Vahabzadənin ana dilinə aid şeirlərini, məqalələrini oxuyanda eyni hissləri keçirən, dilimizə böyük məhəbbətlə yanaşan vətən sevdalısı C.Məmmədquluzadə, M.Ə.Sabir, Ö.F.Nemanzadə yadımıza düşür. Eyni hiss, eyni göynərti, eyni dərd, eyni ağrı... Və millətinə, dilinə eyni bağlılıq, eyni sevgi.
Sevindirici haldır ki, əsrlərlə başı min bir bəla çəkmiş, müxtəlif təyziqlərə məruz qalmış dilimiz bu gün öz həqiqi qiymətini almışdır. Əcdadlarımızın bizə miras verdiyi bu qiymətli xəzinəni qorumaq, zənginləşdirmək və gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs borcu olmalıdır. Şairimizin dediyi kimi
Dil açanda ilk dəfə “ana” söyləyirik biz,
“Ana dili “ adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil bizim ruhumuz, eşqimiz, anımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir...onu gözlərimiztək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Bu yazımı Əhməd Bican Ərculasunun fikri ilə tamamlamaq istəyirəm: “B.Vahabzadə bizə öyrətdi ki, hər millətin ana dili o millətin namusu və vicdanıdır. O, nəsillərin bir-birinə ötürdüyü ən qiymətli mirasdır. Namusumuz üstündə necə əsiriksə, dilimiz üçün də eyni şəkildə əsməli, onu gözlərimiz kimi qorumalıyıq. Ana dilində xalqın tarixi yaşayır”.
Səhər Nəsib qızı Rzayeva
filoloq, təqaüdçü müəllim