Azərbaycanın cənnət guşələrindən biri, dağlar qoynunda yerləşən, səmimi, gözəl, hazırcavab, qonaqpərvər insanları, duzlu, məzəli, könül oxşayan lətifələri, özünəməxsus dadlı şirniyyatı ilə seçilən Şəkim mənim. Azərbaycanımıza görkəmli alimlər, şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər, aktyorlar, hərbiçilər bəxş edən doğma yurdum mənim. Mənim doğma şəhərim, Şəkim elə bil iki hissəyə bölünüb. Müasir tələblərə cavab verən xəstəxanası, S.Rəhmanın adını daşıyan Şəki Dram Teatrı, Şəki şəhər İcra Hakimiyyətinin binası, Heydər Əliyev Mərkəzi, müasir tikililər şəhərin aşağı hissəsində yerləşir.
Qala divarları, dairəvi Alban məbədi, Ölkəşünaslıq muzeyi, Xan sarayı, müxtəlif abidələr, tarixi şəxsiyyətlərin ev muzeyləri isə şəhərin yuxarı hissəsindədir. Buna görə də şəhərin Yuxarıbaş adlanan hissəsi 6 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə memarlıq qoruğu, tarixi hissəsi isə Şəki Xan sarayı ilə birlikdə 2019-cu ildən YUNESKO-nun irsi siyahısına daxil edilmişdir. S.Mümtaz, Ə.Əfəndizadə, M.F.Axundzadə, S.Rəhman, Ə.Dəmirçizadə, İ.Nakam, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova və başqaları Şəkinin bu hissəsində doğulmuş və uşaqlıq illərini burada keçirmişlər. Bu gün mən bu tarixi yerlərdən biri, təkcə Azərbaycanın yox, bütün türk dünyasının filosof şairi B.Vahabzadənin ev muzeyindən söhbət açmaq istəyirəm sizə. Bu muzey şəhərin Yuxarıbaş hissəsində yerləşir. B.Vahabzadə burada dünyaya göz açmış, uşaqlıq illərini burada keçirmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Şəki şəhərində B.Vahabzadənin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam vermişdir.


2017-ci ildən artıq muzey fəaliyyətə başlayıb. 2018-ci ildə isə ev muzeyinin açılışı olub. B.Vahabzadənin həyat yoldaşı Dilarə xanımın arzusunu və xahişini nəzərə alaraq muzeyin direktoru vəzifəsinə Elşən Zəkəriyyəbəylini təyin ediblər. Elşən muəllim hələ gənc yaşlarında şairin yaradıcılığına böyük maraq göstərib. O, şairin şeirlərini əzbərləməklə kifayətlənməyib, onun kitablarını, şairin əsərlərinə aid yazılan məqalələri toplayıb. Muzeyin həyətinə daxil olanda şairin bir bənd şeiri və şəkli olan divar diqqəti cəlb edir.

Muzey 3 otaqdan ibarətdir. Otaqlarda şairin Azərbaycan Milli Dram Teatrında tamaşaya qoyulan dram əsərlərinə aid şəkillər, özünün H.Əliyevlə, görkəmli adamlarla, ailə üzvləri ilə çəkdirdiyi şəkillər, yubileyləri ilə əlaqədar verilən yazılar öz əksini tapıb. Eyni zamanda şairin kitabları onun haqqında “Zaman”, “Türküstan”, “Azərbaycan”, “Xalq qəzeti”, “Ədəbiyyat və incəsənət” və s. qəzetlərdə verilmiş məqalələr muzeyə gələnlərin diqqətini cəlb edir. Otaqların birində şairin yazı stolunun üstündə qələmi, öz xətti ilə yazılmış şeir olan vərəq və siqaret var. Şəkiyə gələn qonaqların ən müqəddəs ocaq saydıqları bir məkandır B.Vahabzadənin ev muzeyi. 2024-cü ildə 9880 nəfər bu muzeyin qonağı olub. Bu qonaqlar respublikamızın müxtəlif şəhərlərindən və 53 xarici ölkədən olan turistlərdir. Təkcə Hindistandan 100 nəfərə yaxın turist bu il muzeyin qonağı olub. Muzeydə müxtəlif tədbirlər keçirilir. Şairin doğum və anım günləri qeyd olunur. Muzeydə Şəkidə yaşayan yazarların, görkəmli şəxsiyyətlərin yaradıcılığına aid tədbirlərin keçirilməsi adət şəklini alıb. Bu il yanvarın 21-də Z.Yaqubun yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Bu tədbirlərdə respublikamızın görkəmli alim, şair, bəstəkar və tənqidçiləri dəfələrlə iştirak ediblər. Qarşıdan B.Vahabzadənin anım günü gəlir. Yəqin ki, hər il olduğu kimi bu il fevralın 13-də muzeydə tədbir keçiriləcək. 2025-ci il avqustun 16-da isə şairin anadan olmasının 100 ili tamam olur. Şəkidə ayrı-ayrı təşkilatlarda bununla bağlı tədbirlərin keçirilməsi planlaşdırılır. Bu işdə ən böyük məsuliyyət isə Elşən müəllimin üzərinə düşür. O, tez-tez Bakıya gedir, B.Vahabzadəni yaxından tanıyan, onunla yaradıcılıq münasibətlərində olan alim və yazıçılarla görüşür, xatirələrini toplayır. Bu məqsədlə o, yazıçı Anar, S.Rüstəmxanlı, N.Həsənzadə, H.Həsənov, Y.Nəğməkar, N.Veysəloğlu, bəstəkar C.Quliyev və başqaları ilə görüşüb, yubileylə bağlı tədbirlər planı hazırlayıb.
B.Vahabzadənin ev muzeyinin həyətinə daxil olanda xüsusi bir təbiət gözəlliyi diqqəti cəlb edir. Muzeyin həyətindəki cürbəcür güllər, çiçəklər, meyvə ağacları həyətə xüsusi gözəllik verir. Qarşıdan çox yaxın olan dağın görünüşü, səhərlər quşların cəh-cəhi insanı heyran edir və istər-istəməz öz-özünə düşünürsən ki, belə gözəl bir məkanda dünyaya göz açan B.Vahabzadə mütləq şair olmalı idi. B.Vahabzadə müsahibələrinin birində Şəki haqqında belə deyirdi: “Şəki deyəndə cocuqluğum düşür yadıma. Müəllimlərim düşür yadıma. Evdə dədəmin, babamın danışdığı söhbətlər, əmilərim düşür yadıma. Şəki deyəndə o torpağın iyi gəlir burnuma. Çiçək iyi, gül iyi, yarpız iyi gəlir”.
Mən bu yazını B.Vahabzadənin “Şəki” şerinin sonuncu bəndi ilə tamamlamaq istəyirəm:
Mən sənin qoynunda gəldim cahana,
Özün bəxş elədin Azərbaycana.
İçib maral gözlü çeşmələrindən
Elimə, obama mən vurulmuşam.
Bir eldə doğulub xoşbəxtəm ki, mən
Böyük bir vətənə oğul olmuşam.

Səhər Nəsib qızı Rzayeva
filoloq, təqaüdçü müəllim

Daxil olundu: 12.02.2025 » Oxundu: 483
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!