Bu gün Azad Həmkarlar İttifaqlarının fəaliyyət dairəsinin genişliyi heç kəs üçün sirr deyil. Cəmiyyətimiz üçün vacib sahələrdən biri olan Həmkarlar İttifaqının gördüyü çoxşaxəli işlərin dəyəri çox böyükdür. Bu məsuliyyətli və gərəkli sahədə çalışan insanlardan biri də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Salyan Rayon komitəsinin sədri Aynur Əsgərovadır.
Aynur xanım 1973-cü il iyun ayının 20-də Salyan rayonunda anadan olub. Orta təhsilini Salyan şəhər 1 saylı tam orta məktəbdə alıb və Bakı Dövlət Universitetinə qəbul olub. 1995-ci ildə Universitenin kimya fakültəsini kimyaçı müəllim ixtisası üzrə bitirib. 1995-2006-cü illərdə Salyan 1 saylı məktəbdə kimya müəllimi işləyib. 2006-2013-cü illərdə müəllimlik fəaliyyətini Salyan 3 saylı məktəbdə davam etdirib. 2013-2018-ci illərdə işlədiyi 3 saylı məktəbin direktoru vəzifəsində çalışıb. 2018-ci ildə rayonun 2 və 3 nömrəli məktəbləri birləşdirilib və Salyan Nizami Gəncəvi adına 2 nömrəli tam ümumi təhsil məktəbi adlandırılıb. Aynur xanım 2018-ci ildən 2025-ci ilin aprel ayına kimi bu məktəbin direktoru vəzifəsində çalışıb. 2025-ci ilin aprel ayından isə TİAHİ Salyan rayon komitəsinin sədri seçilib.
Aynur xanım məlumat üçün bildirdi ki, hazırda komitənin 3 min 300 nəfər üzvü vardır. Burada hər bir üzvə xüsusi diqqət və qayğı ilə yanaşılır. Ehtiyacı olan komitə üzvü ərizə ilə müraciət etdikdə ona mövcud şəraitin imkan verdiyi miqdarda maddi yardımlar olunur. Həmçinin hər bir üzvə mənəvi dəstək olmaq da komitənin vəzifə borcu hesab etdiyi nüanslardandır. Burada komitə üzvlərinin sağlamlığına xüsusi diqqət yetirilir. Müxtəlif sanatoriya və sağlamlıq mərkəzlərinə ehtiyacı olanlar mərkəzləşdirilmiş çağrı sisteminə müraciət edərək göndəriş əldə edə bilərlər. Komitə tərəfindən Müəllim Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü, Yeni il şənliyi, Novruz bayramı və xalqımıza xas olan bütün bayram və əlamətdar günlər qeyd edilir. Təqaüdə gedənlər isə təntənəli şəkildə hədiyyələrlə yola salınırlar.
Şərəfli bir peşənin sahibi olan müəllimlərin çətin və məsuliyyətli iş rejimində müəyyən əyləncə və psixoloji dinclik yaratmaq üçün müxtəlif intellektual yarışların keçirilməsi də artıq bir ənənə şəklini alıb. Bu il may ayının 10-a qədər müəllimlər arasında Konstitusiya və suverenlik və Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat və tennis yarışı keçirildi. 1, 2, 3 və 4-cü yerlərə layiq olanlara pul mükafatı – 1-ci yerə 200, 2-ci yerə 150, 3-cü yerə 100, 4-cü yerə 50 manat təqdim olundu.
24 məktəb arasında keçirilən bilik yarışı da böyük maraqla qarşılandı. Yarış zamanı 12 məktəb finala vəsiqə qazandı. 3 məktəb isə qalib adına layiq görüldü; 1-ci yeri Kursəngi kənd tam orta məktəbi, 2-ci yeri Şəkərli ümumtəhsil orta məktəbi, 3-cü yeri Borani kənd ümumtəhsil orta məktəbi əldə etdi. Qaliblər komitə tərəfindən mükafatlandırıldı və onlara xüsusi hədiyyələr təqdim edildi.
Aynur xanım söhbətinə onu da əlavə etdi ki, gələcəkdə belə maraqlı yarışların daha da genişləndirilməsi nəzərdə tutulub. Çünki bu cür intellektual yarışlar zəkanın inkişafına kömək etməklə yanaşı, insan ömrünün rəngarəngliyinə, düşüncə tərzinə müsbət təkan verən gərəkli amillərdən biridir.

Söhbəti apardı: Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 06.06.2025 » Oxundu: 32
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!