Ucarın məcburi köçkünlər üçün salınmış qəsəbəsində inşa edilmiş Ağdam 27 saylı tam orta məktəbə Rəhilə Uzakova rəhbərlik edir. Məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verən Rəhilə xanım bildirdi ki, 1993-cü ildə Ağdamdan qaçqın düşən əhalinin bir qismi Göyçay rayonunda məskunlaşıb. 2020-ci ildə məcburi köçkün və qaçqınlar üçün Ucarda salınmış qəsəbədə 220 yerlik məktəb binası da istifadəyə verilib. 2 mərtəbəli, müasir standartlara cavab verən bu məktəb lazımı avadanlıqlarla tam təchiz edilib. Hazırda burada 120 şagird təhsil alır. Onu da qeyd edək ki, bu qəsəbədə vaxtilə işğal altında olmuş bütün rayonlardan, yəni, Ağdam, Füzuli, Kəlbəcər, Şuşa, Laçın, Cəbrayıl və s. olan qaçqın və məcburi köçkünlər məskunlaşıblar. Hazırda həmin ailələrin uşaqları bu məktəbdə təhsil alırlar.
Məktəbdə uşaqların hərtərəfli biliyə yiyələnmələri üçün lazımı şərait yaradılıb. Burada fəaliyyət göstərən geniş idman zalı, laboratoriya, kitabxana, hərbi kabinet və digər fənn kabinetləri şagirdlərin ixtiyarındadır. Məktəbdə əsasən təcrübəli və yüksək ixtisaslı müəllimlər çalışır. Belə nümunəvi müəllimlərdən Rəna Allahyarovanın, Ceyran Bəykişiyevanın, Nüşabə Xəlilovanın, Aişə müəllimənin və digərlərinin adını çəkmək yerinə düşərdi. Rəhilə xanım məktəbin hərbi müəllimi I Qarabağ müharibəsi veteranı Şahid Səfərovun xidmətlərini xüsusi olaraq qeyd etdi.
Məhz belə məsuliyyətli, savadlı və bacarıqlı müəllimlərin sayəsində məktəbin şagirdləri hər zaman yüksək göstəriciləri ilə diqqət çəkiblər. Şagirdlər arasında hər il 10-larla məzun yüksək balla müxtəlif ali məktəblərə qəbul olurlar. Məktəbin şagirdləri respublikada keçirilən müxtəlif intellektual və incəsənət yarışlarında fəal iştirak edir və uğurlu nəticələri ilə müəllim və valideynlərini sevindirirlər. Belə yarışlardan biri bu yaxınlarda respublika üzrə keçirilən «Heydər Əliyev məktəblilərin gözü ilə» inşa yazı müsabiqəsi idi ki, məktəbin şagirdləri bu yarışda da uğurlu nəticələr əldə ediblər. IX sinif şagirdi Nuray Ağazadə isə respublika rəsm müsabiqəsinin qalibi adını qazanıb.
Rəhilə xanım bu məktəbdə şagirdlərin hərbi vətənpərvərlik ruhunda təlim-tərbiyə olunmasına xüsusi diqqət yetirildiyindən də söz açdı. O dedi: «Artıq 30 ilə yaxındır ki, biz öz yurd-yuvamızdan, doğma el-obamızdan ayrı düşmüşük. İllərdir ki, bu həsrət qəlbimizi dağlayır, sinəmizə dağ çəkirdi. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəlik qabiliyyəti və rəşadətli ordumuzun şücaəti, xalqımızın «Dəmir yumruğu» ilə torpaqlarımız işğaldan azad edildi və 30 illik həsrətimizə son qoyuldu. İndi doğma yurd-yuvamıza qovuşmağımıza sayılı günlər qalıb. Artıq xəyallarımız gerçəkləşib və biz tezliklə doğma ocağımıza dönəcəyik. Bizi xoşbəxt edən bu hissin təsiri ilə daha çox oxuyub-yazmaq, daha çox öyrənmək, daha çox çalışmaq istəyirik. İstəyirik ki, doğma Ağdam bizi yüksək savadlı, hərtərəfli biliyə malik olan, milli dəyərlərimizi qoruyub-saxlamağı bacaran, təlim-tərbiyəli, idman və incəsənət sahəsində uğurlu nəticələri ilə hər bir ölkə vətəndaşının qüruruna çevrilən bacarıqlı uşaqların təhsil aldığı bir məktəb kimi qarşılasın. Bütün pedaqoji kollektivimizin arzusu birdir və bu amal uğrunda çalışırıq. Sevinirik ki, o gün uzaqda deyil. Görüşümüzü daha möhtəşəm etmək üçün isə bütün güc və qüvvəmizi səfərbər edirik».

G. Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Daxil olundu: 06.12.2022 » Oxundu: 433
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!