Bu gün Azərbaycan ədəbiyyatına tanınmış şair və yazıçılar bəxş edən qədim Şəkinin gənc yazarlarından birinin- Pərvanə Məmmədovanın yenicə çapdan çıxan “Hədiyyə” kitabı haqqında təəssüratlarımı sizinlə bölüşmək istəyi keçdi ürəyimdən.
“Hədiyyə” kitabı iki bölmədən ibarətdir. Birinci bölmədə 16 hekayə, ikinci bölmədə 13 şeir verilib. Hekayələr mövzularına görə müxtəlifdir. Müxtəlif həyat hadisələri, vətən, sərhədçilərin həyatı, şəhidlik zirvəsinə ucalan qəhrəmanların həyatından müəyyən hadisələr kitabda öz əksini tapıb. “Vətənin başlandığı yerdə” hekayəsində öz işinə sədaqətli, vətənin sərhədini göz bəbəyi kimi qoruyan sərhədçilərin həyatı təsvir olunub. Gənc sərhədçi Elman seçim qarşısında qalır. Ya sərhədçi kimi öz işini davam etdirmək, ya da sevdiyi Şəhla ilə şəhərə qayıdıb orada yaşamaq. Elman öz seçimini illər öncə etmişdi, lakin Şəhladan ayrılmaq onun qəlbini ağrıdırdı. Günlərin birində sərhəd pozucularını yaxalayan və yaralanan Elman xəstəxanaya düşür. Xəstəxanada Şəhla həkimlə qarşılaşır. Yaralarına məlhəm qoyan Şəhladan “Bəs sən daimi iş yerinə getməmişdin?”- deyə soruşanda bu cavabı eşidir:
- Mən artıq daimi iş və yaşayış yerindəyəm- qəhrəmanların, cəsur sərhədçilərin yaşadığı yerdə, Vətənin başlandığı yerdə. Öz seçimimdə qərarlıyam.
“Öncə Vətəndir” hekayəsində şəhid oğlunun qəbri üstündə bir ananın ürək çırpıntıları, göz yaşları içərisində söylədiyi sözlər bir Azərbaycan qadınının böyüklüyünü, vətən sevgisini əks etdirir:
- Körpəliyində səni qollarımda yüyrəyərək yatızdırar, yatağına qoyub, tez böyüməni arzulayaraq qoxulayıb öpər, anama əmanət edib işə gedərdim. Yenə də qucaqlayıb yatağına qoyuram- əbədi yatağına. Sonuncu dəfə qoxuılayıb öpür, ana torpağa əmanət edirəm. Lakin artıq böyüməni arzulamıram. Çünki sən elə bir ucalığa çatmısan ki, bundan yüksəkliyi yoxdur. Bu, şəhidlik zirvəsidir.
Elə müharibədə qələbə qazanmağımızın səbəbi də belə anaların böyütdükləri oğulların olmasıdır. Başqa bir hekayədə- Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid Əhmədov Səbuhi Fuad oğlunun əziz xatirəsinə həsr edilmiş “Təki Vətən yaşasın” hekayəsində də eyni fikrin başqa formada ifadəsinə rast gəlirik. 44 günlük Vətən müharibəsində Ağdərə, Suqovuşan, Zəngilan istiqamətlərində döyüşən, 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcər rayonunda baş verən təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədova “bütün Azərbaycan xalqı “oğlum” dedi. Bütün Azərbaycan anaları ağı dedi. Onun adı gələndə bütün Azərbaycan anaları başını dik tutdu, əllərini ürəklərinin üstünə qoydu”.
Kitabdakı “Qoca qayıq”, “Yaz çiçəyi”, “Günəş və bulud”, “Özündən küsmüş tutuquşu balası” hekayələrində də müəllifin hadisələrə münasibəti oxucu üçün maraqlıdır. “Qoca qayıq” hekayəsində artıq özünü yararsız sayan, kimsəyə yararsız halda yaşamaqdan doyan Qoca Qayıq Gənc Qayığın səmimiyyəti, gözəl keyfiyyətləri qarşısında onunla uzaq səfərə çıxmağa razılıq verir. Hekayədəki surətlər rəmzi məna daşıyır. Alleqorik tərzdə yazılan bu hekayədə gənclərin yaşlı nəslə münasibəti, onu qiymətləndirməsi, onun təcrübəsindən faydalanması əsərin əsas ideyasını təşkil edir. “Yaz çiçəyi” də alleqorik hekayədir. Bu hekayədə Çiçək, Külək, Günəş, Arı surətləri var. Çiçək Küləyin xoş sözlərinə, nəvazişinə aldanıb ona bağlanır. Arzusuna çatan Çiçəyin qəlbini ələ alan Külək isə yazın son günlərində artıq vaxtının olmadığını bəhanə gətirib aradan çıxır, Çiçəyin yanından saymazyana ötüb keçir. Arılar, Günəş Çiçəyin bu halına yanır, Küləyi qınayırlar. Küləyin etibarsızlığı, hərəkəti zərif Çiçəyi sarsıdır. O, ləçəklərindəki şeh damcılarıyla torpağa sığınır. Çiçək müəllifin məhəbbətlə təsvir etdiyi sevdalı və vəfalı bir qızın, Günəş ağıllı, dünyagörmüş bir qadının, Külək vəfasız, lovğa, onu sevən gənc qıza mənəvi, ölümcül zərbə vuran bir cavanın, Arı isə mehriban dostun rəmzidir. Bu alleqorik surətlər vasitəsilə müəllif, əslində, müxtəlif xarakterli insanlardan bəhs edir. “Günəş və bulud” və “Özündən küsmüş tutuquşu balası” da bu qəbildən olan hekayələrdəndir. “Günəş və bulud” hekayəsində Səmanın sözünə görə Günəşin Buluddan ayrılması, ikinci hekayədə bir günlük azadlıqdan sonra qəfəsə qayıdan tutuquşu balasının həyatdan küskünlüyü, peşmanlığı müəllifin hadisələrə münasibətinin göstəricisidir. Doğrudan da, quşun ən böyük xoşbəxtliyi onun uçmağındadır.
Müəllifin atası faytonçu Şirəliyə həsr etdiyi “Hədiyyə” hekayəsi də maraqlıdır. Şirəli kişinin qızı Pəri o biri uşaqlardan fərqli olaraq atları çox sevirdi. O, məhəbbətini Nazlıya salmışdı. Sevə-sevə ona qulluq edirdi. Atası əlacsız qalıb onu qoşqu üçün verəndən sonra Pəri günlərlə dinib danışmır, dərslərindən də geri qalır. Atası bir neçə ay sonra qızını da götürüb atı verdiyi adamın evinə gedir. Onlar görürlər ki, at artıq son günlərini yaşayır. Pəri Nazlını qucaqlayır. Atın gözlərindən axan yaş Pərinin yanaqlarını isladır. Atı evə gətirirlər, baytar çağırırlar. Müəllif bu vəziyəti belə təsvir edir: “Pəri hönkürtü ilə atı qucaqladı, yalvararaq gözlərini açmasını istədi. Artıq gec idi.
Birdən saçlarında sığal hiss edən Pəri atasının səsini eşitdi:
- Bax, Nazlı sənə əmanət qoyub. Bu da onun sənə ad günü hədiyyəsi olsun. Adını da sən özün qoyarsan.
Pəri başını qaldıranda gözlərinə inanmadı. Sanki qarşısında balaca Nazlı vardı və güclə ayağa qalxmağa çalışan qulun ona baxırdı. Adını Nazpəri qoyaq deyən Pərinin qəlbində kədərlə yanaşı bir Sevinc işığı da yandı. Bu ad günündə onun üçün ən dəyərli hədiyyə idi”.
Maraqlı, eyni zamanda təsirli hekayədir.
Həkim-cərrah Ramiz Mövsüm oğlu Əliyevə ithaf etdiyi “Möcüzə” hekayəsində iki əsas surət diqqəti cəlb edir. Həkim və doqquz yaşlı qız Səyyarə. Ağır, ümidsiz əməliyyata girən həkim bütün biliyini, bacarığını ortaya qoyur. Bu qızın yaşaması üçün əlindən gələni edir. Əməliyyatdan sonra xəstəni növbətçi həkimlərə tapşırıb özünü inandırmaq üçün deyir:
- Möcüzə baş verə bilər. Kimin ömrünün harda başlayıb, harda bitdiyini təkcə Yaradan bilir.
Səhəri gün işə gələn həkim Səyyara haqqında güman etdiyi xəbəri eşitmək istəmədiyi üçün qızın yatdığı palataya girmək istəmirdi. Ancaq möcüzə baş vermişdi. Müəllif həkimin keçirdiyi hissləri, onun sevincini belə təsvir edir:
“Səyyarənin ipək kimi yumşaq saçlarını sığalladı, balaca əllərindən öpdü, öpdü. Sonra bütün möcüzə şahidləri kimi Yaradana, kainata olan şükranlığını dilə gətirmək üçün sözlər axtardı, təbii ki, tapmadı. Hisslərini gözlərində gilələnən yaşa əmanət etdi və bundan utanmadı”.
İkinci möcüzə isə Səyyarənin ana ola bilməsi idi. Onu yalnız ölümün pəncəsindən qoparmamış, həm də doqquz yaşlı bir qız uşağının gələcəyini də düşünərək uğurlu cərrahi əməliyyat aparan həkimin sayəsində iki uşaq anası olmuşdu Səyyarə. Müəllif hekayənin sonunda yaşı əllini keçmiş Səyyarə ilə həkimi görüşdürür. Həkim özü illər keçəndən sonra öz keçmiş xəstəsini axtarıb tapır.
Hekayələrin dili sadədir, oxunaqlıdır. Elə bil müəllif oxucu ilə söhbət edir. Bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə edilib. “Hədiyyə” kitabının oxucular tərəfindən maraqla oxunacağını düşünür və müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Səhər Nəsib qızı Rzayeva
təqaüdçü müəllim

Daxil olundu: 07.12.2023 » Oxundu: 6572
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!