Son zamanlar istehlakçılardan bazarların və ticarət mağazalarının vitrinlərinin standartların tələblərinə cavab verməyən keyfiyyətsiz mallarla dolduğu haqqında şikayətlərin çoxalması müşahidə olunur. Bu sahədə görülən işlər barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsin (PHŞ) Lənkəran Regional Bölməsinin rəisi Rahim Babayevlə SİA-nın əməkdaşının söhbətini sizə təqdim edirik:
- Rahim müəllim, bəzi istehsalçılar məhsullarını rəngarəng, cəlbedici qutularla qablaşdırmaqla bəzən istehlakçıları aldatmağa çalışırlar. Bu haqda nə deyə bilərsiniz?
- Bu əsasən daha çox ərzaq məhsullarında və dərman vasitələrində özünü birüzə verir. Amma istehsalçı bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq istehsal edilən məhsulun keyfiyyətini, etibarlılığını, təhlükəsizliyini və rəqabət qabiliyyətini artırmaqda maraqlı olmalıdır. Bunun üçün məhsulların istehsalında mövcud standartların tələblərinə riayət olunma və istehsal olunan məhsulların təhlükəsizliyini təmin etməklə sertifıkatlaşdırılması və istehlakçıların hüquqlarının təmin edilməsi məsələləri ön plana çəkilir.
- Bu istiqamətdə cənub bölgəsində hansı işlər görülür?
- Son zamanlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsin istehlakçılar üçün KİV vasitəsilə yayımladığı məlumatlarda bu istiqamətdə gördüyü işlərdəndir. Məlumat üçün bildiririk ki, “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxs standartların hazırlanması, qəbulu və tətbiqini həyata keçirir, Azərbaycan Respublikasını müvafiq beynəlxalq təşkilatlarda təmsil edir, Standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətini əlaqələndirir, Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fondunu və Reyestrini idarə edir, Standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlarda ölkəmizi təmsil edir və xarici ölkələrin təşkilatları ilə ikitərəfli əməkdaşlıq həyata keçirir, Standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir və müvafiq istiqamətlər üzrə təlimlər təşkil edir. Uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma xidmətləri göstərir. Ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafına xidmət edir. Təkcə 2022-ci ilin birinci rübündə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən 13 yeni dövlət standartı hazırlanaraq qəbul edilib. 23 texniki şərt dövlət qeydiyyatına alınıb. Bunlar bir başa məhsulların istehsalında müəyyən keyfiyyət nəticələrinə nail olmaqa yönəlib. İstehsal etdiyi məhsulun keyfiyyətinə əmin olan və müəssisəsinin etiketini qorumaqda maraqlı olan sahibkarların əksəriyyəti sertifikatlaşdırma üçün müraciət edirlər. 2021-ci il ərzində Lənkəran Regional Bölmə tərəfindən əhatə etdiyi rayonlarda 50 təsərrüfat subyektinin müraciəti əsasında istehsal etdikləri məhsullar araşdırılaraq 72 “Uyğunluq Sertifikatı” verilib. 66 təsərrüfat subyekti isə müvafiq normativ texniki sənədlərlə təmin edilmiş və onlara bu sahədə metodiki köməklik edilib. Keyfiyyətsiz, saxta məhsul istehsalçıları isə bu proseslərdən maksimum yayınmağa çalışırlar.
- Oxucularımıza əlavə nə demək istərdiniz?
- İstehlakçı mal alarkən ilk növbədə onun xarici görünüşünə yox, malın keyfiyyətini,təhlükəsizliyini təsdiq edən sənədlərin olmasına fikir verməlidirlər. Qeyd etməliyəm ki, keyfiyyətli bir məhsul istehsal edən və ya xidmət göstərən və bunu müştərilərə düzgün təqdim edən şirkətin bazarda aparıcı müəssisələrdən olma şansı daha da yükskdir. Belə ki, keyfiyyət: - müştəri loyallığını artırır;
- müəssisənin etibarını artırır;
- müəssisənin fəaliyyət göstərdiyi sektorda aparıcı mövqeyə çatmasına kömək edir;
- müəssisənin xərclərini azaldır.
İstehsalçılar müştərinin ehtiyac və gözləntilərini düşünərək ona keyfiyyətli, insan həyatı üçün təhlükəsiz məhsul və xidmət təqdim edirsə, bu zaman müştəri məmnuniyyətini qazanmış olurlar. Məmnun müştərinin yenidən alış etməsi şübhəsizdir və hətta o, istehsalçıa əlavə müştəri də qazandıracaqdır. Əgər müəssisə rəqabətli bazarda məhsul və xidmətinin keyfiyyətini davamlı olaraq yüksəldirsə və standartlara uyğun məhsul və xidmətlər təklif edə bilirsə, bu zaman o, aparıcı müəssisə olur və bu sahədə brendləşir. Nəticədə, bazardakı digər müəssisələr də öz məhsul və xidmətlərini aparıcı müəssi-sənin standartlarına uyğunlaşdırmağa çalışırlar. Müəssisə hər zaman məhsul və xidmət-lə bağlı xərclərin azaldılmasında maraqlıdır və mənfəətin daha çox olmasını istəyir. Bu da o zaman mümkün olur ki, müəssisənin keyfiyyəti idarəetmənin effektiv həyata keçiril-məsi sayəsində istehsal olunan məhsul və göstərilən xidmət müştərilər tərəfindən yeni-dən alınır və başqa müştərilərə də tövsiyə olunur. Necə deyərlər keyfiyyətli məhsul özü özünü satır və əlavə marketinq xərclərinə ehtiyac qalmır. Bu işdə bütün sahibkarlara müvəffəqiyyətlər diləyirik. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsin Lənkəran Regional Bölmə olaraq daimi Sizlərin xidmətindəyik. Standartların tələblərinə cavab verən Keyfiyətli və insan həyatı üçün təhlükəsiz məhsul İstehsalçılarının Azərbaycan Respublikasının Dövlət Standartları və Beynəlxalq Standartlarla təmin etməyə, yeni növ məhsul istehsalı üçün Texniki Şərtlərin hazırlanmasında metodiki köməkliyin göstərilməsinə həmişə hazırıq. Qeyd edim ki, istənilən şəxs onu narahat edən məsələ ilə bağlı Lənkəran şəhəri H.Əliyev pr. 301 ünvanında yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsin Lənkəran Regional Bölməsinə və ya e-mail: r.babayev@azstand.gov.az elektron ünvanımıza və 0252546329 telefonuna müaciət edə bilər.

Müsahibəni hazırladı: Sərraf Talıbov

Daxil olundu: 10.05.2022 » Oxundu: 421
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!