Bu gün Respublikamızda və ürəyi vətənlə döyünən soydaşlarımızın xüsusi səylərilə dünyanın çeşidli ölkələrində, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü böyük coşquyla qeyd olunmaqdadır. Sevindirici haldır ki, ölkəmizin yeni tarixinin böyük bir dövrü müdrik və çox uğurlu siyasətçi olan bu fenomen insanın dövlətimizə rəhbərliyilə keçmişdir.
Hər yaşam gününün böyük bir hissəsini iş saatlarına həsr edən dahi, həm də zəhmətkeş insan kimi şöhrət qazanmışdır. Məhz, bu çalışqanlığı onu nüfuzlu istedad sahibinə çevrilməsinə öz tövhəsini vermişdir. İstənilən mövzuda, xüsusi hazırlığa ehtiyyac duymadan saatlarla nitq söyləmək bu böyük ictimai-siyasi xadimin əsas xarakterik xüsusiyyətlərindən biri idi və beləliklə hələ sağlığında həm də dünya natiqlik sənətinin ən istedadlı nümayəndələrindən biri olduğunu heyranlıqla nümayiş etdirə bilmişdir.
Sevimli Vətən və sadiq vətəndaş mövqeyi amalını; yorulmadan, qorxmadan və çəkinmədən, bütün mürəkkəb situasiyalara qarşı qətiyyətli mövqe nümayiş etdirən, bu müqəddəs vəzifəni şərəflə yerinə yetirən unudulmaz Lider, hələ zamanının ən qüdrətli - SSRİ kimi nəhəng bir dövlətə başçılıq edən Mixail Qorbaçova belə öz haqq səsini, ən böyük tribunadan, cəsarətli etirazlarını bildirən nadir siyasətçilərimizdən olmuşdur.
“İşğalçı-ermənipərəst” birliklərin himayəsinə arxalanan SSRİ-nin baş rəhbəri və onun əlaltıları, Heydər Əliyev kimi nəhəng və dəmir iradə sahibinin yalnız tutduğu vəzifədən uzaqlaşdırılmasıyla öz çirkin planlarını vətənimiz üzərində həyata keçirə bilərdilər və təəssüflər olsun ki, belə də etmişdilər. Xalqımızın artıq qan yaddaşına çevrilən 1990-cı ilin 20 Yanvar hadisələrinə, o zamankı İttifaqın paytaxtı Moskvadan, xüsusi nəzarətdə olmağına baxmayaraq ən kəskin və sarsıdıcı etiraz səsini ucaldan da O, olmuş, dağıdıcı qoşunların dərhal Bakı şəhərindən çıxarılmasını tələb etmişdir. Sonradan müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Ümummilli Lider, xain qruplaşmaların davamlı təxribatçı hərəkətlərinin qarşısını ala bilmiş, gələcəyə yönəli strateji həmlələri ilə mənfur düşmənlərimizin bütün məkrli planlarını puç etmişdir.
Müstəqil vətənimiz üçün xeyli strateji işlər görən müdrik siyasətçi, bu uğurda yorulmaq bilmədən çalışaraq öncə; yerli havadarların dəstəyi ilə vətəndaş müharibəsinə sürüklənən ölkəmizi bu ağır təhlükədən xilas etmiş, daha sonra isə onu siyasi böhrandan çıxararaq gələcək uğurlu inkişafına yönəlik, dahiyanə planlarını həyata keçirmiş və vətənimiz üçün parlaq gələcəyin əsas simvoluna çevriləcək; Xalq-Dövlət-Ordu birliyinin təməllərini atmışdır. Bununla yanaşı, ölkəmizin beynəlxalq imicinin artırılması istiqamətində çox böyük işlər görən bu böyük Azərbaycan Oğlu, Türk-Müsəlman dünyasının fəxri, ümumdünya siyasətinin nəhəngi kimi qəbul edilmiş, hətta rəqiblərinin belə heyran qaldığı nüfuzlu şəxsiyyətlərdən olmuş; “şəksiz Lider, misilsiz dünya görüşü və nadir natiqlik istedadına malik bir mütəfəkkir” deyə xarakterizə edilmişdir.
Böyük mütəfəkkirimizin xalqımız üçün ən böyük xidmətlərindən biri də, milli dəyərlərimiz - azərbaycançılıq ideyalarıdır. Bu müqəddəs, son dərəcə vacib məqam dövlətçilik ideyalarımızla uyumlu şəkildə inkişaf etdirilərək, vətənpərvərlik və milli dəyərlərin qorunub saxlanılması kimi yüksək ali məramların cəmiyyətimizdə daha da inkişaf etdirilməsinə zəmin hazırlamışdır.
Müasir və müstəqil Azərbaycanımızın qurucusu, dövlətçilik ənənələrimizin möhkəmlədirilməsi, iqtisadi inkişafın gücləndirilməsi, vacib ordu quruculuğuna çox böyük önəm verilməsi, həmçinin, gələcəkdə daha qüdrətli ölkəyə çevrilməsi uğurunda fədakar əməyi və mübarizliyi, xalqımızın yaddaşında unudulmaz izlər buraxmış, dahi şəxsiyyətin adının qızıl hərflərlə tariximizə həkk olunmasına əsas vermişdir. Böyük mütəfəkkir-şairimiz Nizami Gəncəvinin təfəkkür tərziylə desək;
Günəşi örtsə də qara buludlar,
Yenə günəş adlı bir qüdrəti var...
Bəli, vaxtilə - 1993-cü ilin iyun ayında, xalqımızın istək və tələbləriylə hakimiyyətə gətirilən Ümummilli Liderimiz, gəlişiylə Azərbaycan cəmiyyətini siyasi təfəkkür məhdudluğundan xilas edərək azad və uğurlu gələcəyə yönəltmişdir. Onun müxtəlif zamanlarda BMT Baş Assambleyasından, beynəlxalq təşkilatlardan, dövlətlərarası görüşlərdən və həmçinin çoxsaylı yüksək tribunalarından səsləndirdiyi dünyəvi fikirləri, bəşəriyyət üçün sülh, barış, yüksək əməkdaşlıq missiyası daşıyır, dövlətçilik ənənələrimizin yoluna isə, qlobal miqyaslı bir işıq saçırdı.
Böyük və məşhur qırğız yazıçısı Çingiz Aytmatovun Ulu Öndərimiz haqqında söyləmiş olduğu fikirlərində deyilirdi: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir… Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xuxusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz, Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyağörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir… Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”.
Bəli, məhz qurucularından biri… Ümummilli Liderimiz bu quruculuq təməlini elə düzgün, dəqiq və biçimli şəkildə icra etmişdir ki, zaman keçdikcə onun necə böyük düha sahibi olduğu heyranlıqla izlənilməkdə, təməl memarı olduğu müasir Azərbaycan modelinə valeh olunmaqdadır. Təsadüfü deyildir ki, dogma Azərbaycanımız bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz rol oynayaraq, bu istiqamətdə də əsas söz sahibi olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz, Cənab İlham Əliyevin ölkəmizin daha da inkişaf etməsi yolunda uğurlu və qətiyyətli addımlarıyla bu təməl prinsiplər daha üst arenaya – beynəlxalq müstəviyə, ən yüksək keyfiyyətlərlə nüfüs etdirilməkdədir.
Bir də nəticə odur ki, xalqımızın unudulmaz Liderinin uzaqgörən siyasəti, misilsiz idarəçilik qabiliyyəti, çox gərgin əməyinin məhsulu olan bu inkişaf meyarları, bu gün ölkəmizin bütün sahələrdə davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır. Uzun illərdən bəri dünyanın imperialist siyasətçilərinin çeşidli maraqlarıyla yaranan tale yüklü problemlərimiz bir-birinin ardınca həll olunmaqda, milli-mənəvi dəyərlərimizə kütləvi dönüş yaradılmaqda, mədəni kimliyimiz dünyaya daha əsaslı reallıqlarla nümayiş etdirilməkdədir. İşğal altında olan Vətən torpaqlarımız azad olunaraq xalqımızın firəvan həyat şəraitini bir qədər də yaxşılaşdıracaq; sosial-iqtisadi layihələrin, müvafiq Dövlət Proqramlarının işgüzar tələblərilə daha da genişləndirilməkdədir. 44 günlük Vətən müharibəsindəki Xalq-Dövlət-Ordu birliyimiz isə, bu təməl prinsiplərin layiqli şəkildə həyata keçirilməsinin bir növ sübutu, parlaq ideyaların xoşbəxt sonluğu, şərəf və ləyaqətimizin baş tacı, hədəflənən bütün strateji planların yönləndirilən məntiqi yekunu, Azərbaycanlı kimdir?! deyə maraqla izləyən bütün bəşəriyyətə Heydər Əliyev cavabıdır.
Böyük Lider fədakar əməyi, yorulmadan icra etdiyi vətən xidmətləri, dəyərlərimizə dəyər qatan misilsiz mədəniyyət kübarlığıyla qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.

Dəyanət Əskərov
Lənkəran Dövlət Universiteti Sosial və
Aqrar-Texnoloji Kollecin şöbə müdiri

Daxil olundu: 10.05.2021 » Oxundu: 1192
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!