Ölkələrin böyük Yaradanın bəxş etdiyi dahi şəxsiyyətlərin, seçilmiş insanların müəyyənləşdirdiyi yolla irəliləməsi onların böyük uğur qazanmasına, sabit inkişafına önəmli təsir göstərir. Elə buna görə də əminliklə demək olar ki, Azərbaycanda müstəqil milli dövlətin mövcudluğu da dünya şöhrətli ictimai-siyasi xadim, Ümummili Lider Heydər Əliyevin adı və çoxşaxəli fəaliyyəti ilə sıx şəkildə bağlıdır.
Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər müasir tariximizin şərəfli səhifələrindən olaraq xaosdan sürətli inkişafa keçid, Azərbaycanın yenidən intibahına qovuşduğu dövr kimi qəbul edilir. Məhz Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində Azərbaycanın dövlət olaraq parçalanmasının qarşısı alındı, ölkədə həqiqi müstəqilliyin əsası qoyuldu, sabitlik dövlət xarakteri aldı.
Xarici dövlətlərin rəhbərləri, dünyanın tanınmış analitikləri birmənalı şəkildə etiraf edirlər ki, Heydər Əliyev XX əsrin ikinci yarısının-XXI əsrin əvvəllərinin siyasi tarixində görkəmli siyasi xadim və dövlət xadimi kimi qalacaqdır. Çox böyük siyasi təcrübəsi, nadir xarizması, natiqlik qabiliyyəti və yüksək nüfuzu onu müasir siyasi xadimlər arasında kəskin şəkildə fərqləndirirdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısında genişmiqyaslı xidmətlərindən danışarkən onu xüsusi vurğulamaq lazımdır ki, müstəqil Azərbaycanın qazandığı bütün nailiyyətlərin səbəbkarı məhz xalqımızın iftixarı olan, ən böyük azərbaycanlı kimi adı tarixdə və qəlblərdə yaşayan Heydər Əliyevdir. Azərbaycan xalqının dövlət müstəqilliyini Azərbaycan xalqının milli sərvəti olaraq görən Ulu Öndər həm də bu ölkənin uğurlu gələcəyinin təməlini qoymuş alternativsiz liderdir.
İndi müstəqil Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə daha xoşbəxt gələcəyinə doğru inamla irəliləməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hələ bir çox müvəffəqiyyətlərə imza atacağı heç bir şübhə doğurmur. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfər bunun bariz nümunəsidir.
Bu günlərdə xalqımız Ulu Öndər, müstəqil dövlətçiliyimizin və ən yeni tariximizin yaradıcısı Heydər Əliyevin anadan olmasının 102 illiyini qeyd edir. Ölkəmizin hər yerində xalqımızın Ümummilli Liderinin xatirəsi ehtiramla anılmaqla, Azərbaycan Respublikası və xalq naminə onun gördüyü möhtəşəm işlər yada salınır. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir.

Əlviz GÜLMƏMMƏDOV
Gədəbəy Peşə Liseyinin direktoru

Daxil olundu: 10.05.2025 » Oxundu: 74
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!