
Azərbaycan dünya xəritəsində görünüşünə görə balaca bir məkandır. Lakin bu balaca məkanın dünyaya bəxş etdiyi dahilər, bəlkə də, ən böyük ölkələrdə yaşamış dahilərin sayından daha çoxdur, daha sanballıdır. Kimləri yetirməyib bu torpaq?! Hansı dahiləri dünyaya bəxş etməyib?! Alimindən tutmuş sənətkarına qədər, şairindən tutmuş hərbçisinə qədər...
Bu siyahının önündə isə xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyevin adı çəkilməlidir. Böyük fəxr hissi ilə deyə bilərik ki, XX əsrin bəşəriyyətə bəxş etdiyi görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları arasında öz nüfuzu ilə seçilən Ulu Öndər xüsusi ilə seçilir. Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və qəbul edilən bir şəxsiyyətdir. O, 34 illik çoxşaxəlili fəaliyyəti, müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində müstəsna rol oynamış, ümummilli lider statusunu qazanmışdır. Möhkəm iradəsi, hər sahəyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi ilə hər kəsi heyran edən xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, dünyada tanınmağa başladı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı da xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirdi.
Tarixi səhifələri vərəqlədikcə görürük ki, Ulu Öndərin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyinin yeni bir dövrünün əsasını qoydu. Bu qayıdış dövlətçiliyi, müstəqilliyi xilas etdi. Bəlkə də,/ Yaradanın xalqımıza bir lütfü idi ki, Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etmişdi. Bununla da illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı.
“Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə, üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” – deyərək, hakimiyyətə gəlməyə razılıq verdiyini bəyan edən Ulu Öndərin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görüldü.
İyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə hakimiyyət sükanı etibarlı ələ keçdi. Ümummilli Lider qısa vaxt içərisində ölkədə sabitliyi və əmin-amanlığı bərpa etdi. Dönüşü milli mənəvi dəyərlərimizə, məfkurəmizə, varlığımıza, tarixi qəhrəmanlığımıza qayıdış günü kimi qəbul edilən həmin gün haqlı olaraq Azərbaycanın çağdaş tarixinə Milli Qurtuluş Günü kimi əbədi daxil oldu və baş vermiş bu hadisələr xalqımızın gələcək taleyini müəyyən etdi. Həmin andan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü. Heydər Əliyevin hakimiyyətə qayıdışı şərəfli xilaskarlıq missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət idi. Ən əsası isə Azərbaycan dünya birliyində özünə layiqli yer tuta bildi.
Azərbaycanı birləşdirəcək universal formula olan azərbaycançılıq ideologiyasının müəllifi, təbliğatçısı və icraedicisi, məhz, Ulu Öndərimiz olub. Əslində, bir xalqın vahid ideologiya ətrafında təşkilatlanması üçün illər keçir. Yəni, hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilmə prosesi uzun illər, bəlkə də, qərinələr, yüzillər aparır. Amma Ulu Öndər özünəxas xüsusi çevik üsul və metodlarla bu prosesi elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Bir qədər sonra isə bu ideologiya öz müsbət bəhrəsini verdi.
Dövlətçilik tariximizdə misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Lider Heydər Əliyevin “Xalq-Heydər” və “Heydər-Xalq” birliyi öz möcüzəvi gücünü bu gün də göstərməkdədir.
Ulu Öndərin Azərbaycana bəxş etdiyi töhfələrdən biri də özündən sonra onun ideyalarını ləyaqətlə yaşadan ölkə Prezidenti İlham Əliyevi davamçısı kimi yetişdirməyidir. Bu gün qüdrətli Azərbaycan dünyanın ən tanınmış ölkələri ilə bir sırada dura bilirsə, dünya dövlətləri arasında söz sahibinə çevrilibsə, ən nəhayət 30 ildən artıq bir müddətdə işğal altında qalmış torpaqlarını azad edib Böyük Zəfərə imza ata bilibsə, bunun üçün Ulu Öndərin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevə borcluyuq. Məhz Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qabiliyyəti, qüdrətli ordumuzun yenilməzliyi və xalqımzın "Dəmir yumruq" kimi sarsılmaz birliyi sayəsində bu möhtəşəm Zəfər qazanıldı.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan olaraq Silahlı Qüvvələrimizin vasitəsi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşmənə diz çökdürən və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa edən, 44 günlük Vətən müharibəsini şanlı tariximiz adlandıran Prezident İlham Əliyevin: "Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Bu Qələbəni danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək qazandıq, öz ərazi bütövlüyümüzü bərpa etdik, milli ləyaqətimizi bərpa etdik!” – sözləri böyük həqiqətdir.
Həmin günlərin xoş bir xatirəsi indi də hər kəsi duyğulandırır, kövrəldir, sevinc göz yaşlarına boğur. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərkən: “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” – sözlərini ürəyində demişdi. Sonra isə bu sözlər dillər əzbəri oldu və hər birimiz bir oğulun ata vəsiyyətini yerinə yetirməsindən aldığı mənəvi rahatlığı, qüruru, güvənci öz ruhumuzda, qəlbimizdə duyduq. Tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına hərbi-siyasi yolla nail olan Azərbaycanımızın qüdrəti ilə fəxr etdik.
Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Düz 30 il ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq.
Növbəti qələbəni isə cəmi 24 saat ərzində əldə edən Vətənimiz necə yenilməz bir gücə sahib olduğunu bir daha təsdiqlədi.
Bəli, Azərbaycan torpağı hikməti, qüdrəti ilə fərqlənən bir ölkədir! Bu fərqliliyin əsas səbəbi isə müasir Azərbaycanın qurucusu olan dahi şəxsiyyət Heydər Əliyevdir.
Ramil MURADOV
Biləsuvar Uşaq Gənclər İdman-Şahmat
Məktəbinin direktoru