Laçın rayonu şəhid Əfqan Məmmədov adına Qışlaq kənd tam orta məktəbin direktoru Mübariz Rüstəmov artıq səkkiz ildir ki, bu məktəbə rəhbərlik edir. O, 1962-ci ildə Laçın rayonunun Zabux kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinə qəbul olub və universiteti tarix ixtisası üzrə bitirərək pedaqoji fəaliyyətə başlayıb. O 1997-ci ildən hazırda rəhbərlik etdiyi bu məktəbdə çalışır. 2014-cü ildə isə məktəbə direktor təyin edilib.

Məktəb haqqında ətraflı məlumat verən Mübariz müəllim bildirdi ki, hazırda bu təhsil ocağında 260 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Burada əsasən təcrübəli və savadlı müəllimlər çalışır. Məhz bunun nəticəsidir ki, məktəbin hər il xeyli saydı məzunu müxtəlif ali təhsil ocaqlarına qəbul olur. 2017-2018-ci tədris ilində 11 məzundan 9 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ən yüksək nəticə isə 553 balla əldə edilmişdir.

Məlumdur ki, son dövrlərdə müəllimlərin işə qəbulu və müəllimlik fəaliyyətini davam etdirməsi imtahan vasitəsi ilə həyata keçirilir. Sevindirici və qürurverici faktdır ki, məktəbin müəllimləri əsasən yüksək ballarla işə qəbul olunublar. Məsələn, məktəbin dərs hissə müdiri Şəfa Mirzəyeva 60 mümkün baldan məhz 60 bal toplayaraq ən yüksək nəticə əldə edib. Məktəbin fənn müəllimi Nənəş Hətəmova isə 57 bal toplayıb. Digər müəllimlər də gərəkli balları toplaya biliblər. Məktəbin lazımı qədər noutbuk və kompyuter dəsti dəsti vardır ki, bu da dərslərin tədrisini günün tələbləri səviyyəsində qurmağa şərait yaradır.

Məktəbdə elmi bilikləri tədris etməklə yanaşı, idmana da böyük önəm verilir. Necə deyərlər, idman sağlamlıqdır və sağlam bədəndə də sağlam ruh olar – deyiblər. İdmanı peşəkarlıq səviyyəsinə qaldıraraq onunla ciddi məşğul olanlardan biri də məktəbin şagirdi Nurlandır. O, 2017-ci ildə Ukraynada keçirilən karate yarışında qızıl medala layiq görülüb.

Məktəbdə tədrisin keyfiyyətinə xüsusi diqqət yetirilir. Şagirdlərin elmi biliklərə daha dərindən yiyələnmələri, hər hansı fənni daha dərindən mənimsəmələri üçün onlara dərslərdən əlavə fakültetif fərdi məşğələlər keçirilir. Bu isə şagirdlərə elmin sirlərinə daha dərindən bələd olmaları üçün yardımçı kömək kimi çox faydalıdır.

Məktəbdə şagirdlərə vətənpərvərlik hissinin aşılanmasına da xüsusi önəm verilir. Bunun üçün təkcə nəzəri deyil, həm də təcrübi yolun vacibliyini düşünürlər. Buna sübut Mübariz müəllim müharibə iştirakçısı olmasıdır. Fəxr hissi ilə qeyd etmək yerinə düşərdi ki, məktəbin bir neçə müəllimi də müharibə veteranıdır. Mübariz müəllim deyir: "44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız və qəhrəman Milli Ordumuz tərəfindən əldə etdiyimiz möhtəşəm Qələbə hər birimizin ürəyini qürur hissi ilə doldurdu. Axı 30 ildən sonra işğal altında olan torpaqlarımızı yağı düşməndən xilas etmək, minlərlə soydaşımızın qəlbindəki Vətən həsrətinə birdəfəlik son qoymaq çox böyük hünərdir. Əslində biz buna hər zaman inanmışdıq. Bizi yaşadan da məhz bu inam olmuşdur. Şükürlər olsun ki, bu sevinci, bu qüruru, bu fəxarəti yaşadıq! Təəssüf ki, bu yolda itkilərimiz də az olmadı. Qəhrəman oğullarımızı şəhid verdik, qazilərimiz sağlamlıqlarından keçdilər. Lakin hərbin də öz qanunları var, itkisiz qələbə əldə etmək mümkünsüzdür. Biz onlarla fəxr edirik. Məktəbimizdə də vaxtaşırı şəhidlərimizin xatirəsi ehtiramla yad edilir, qazilərimizlə, müharibə iştirakçıları ilə görüşlər keçirilir, onların müharibə xatirələri dinlənilir. Bir təhsil ocağı olaraq bütün pedaqoji kollektivin yeganə məqsədi isə odur ki, vətənimizə, cəmiyyətimizə layiqli, savadlı və vətənpərvər şagirdlər təhvil verək. Çünki bu günün şagirdi, sabahın vətəndaşıdır".

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 17.01.2022 » Oxundu: 223
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!