Qazaxda fəaliyyət göstərən «Vahid» mebel mağazası artıq 20 ildir ki, sakinlərin xidmətindədir. Mağaza fəaliyyətə 2002-ci ildən başlayıb. Burada alıcılara təklif olunan mebellər Azərbaycanda istehsal olunmuş ən keyfiyyətli məhsullardır. Mağazada satış nəğd və ya zəmanətli kredit yolu ilə aparılır. Kreditin müddəti alıcının maddi durumuna uyğun olaraq 1 və ya 2 illik nəzərdə tutulur. Mağazaya daha çox yeni evlənənlər, təzə mənzilə köçənlər, yeni ofis binası tikənlər və s. müraciət edirlər. Satışa çıxarılan malların keyfiyyətinə xüsusi diqqət yetirilir. Elə buna görə də mağazadan bir dəfə alış-veriş edən kəs növbəti mebel ehtiyacını məhz buradan ödəyir.
Mağazanın müdiri Vahid Əsgərov rayonun tanınmış sahibkarlarındandır. O, 1958-ci ildə Qazaxda dünyaya gəlib. Ali təhsilli mütəxəssisdir. Əvvəllər öz ixtisası üzrə işləsə də, daha sonra sahibkarlıqla məşğul olub. Sahibkar kimi ilk işi «Veko» elektrik malları mağazası olub. 2003-cü ildən sonra isə sahibkarlıq fəaliyyətini özünün qurduğu «Vahid» mebel mağazasında davam etdirib. Mağazada 10-a yaxın işçi çalışır və onların orta aylıq əməkhaqqı 300-400 manat civarındadır.
Vahid Əsgərov bacarıqlı bir sahibkar olmaqla yanaşı, həm də qayğıkeş ailə başçısı, 4 övlad atasıdır. Oğlu atasının yolunu davam etdirərək sahibkarlıqla məşğuldur və elektrik malları mağazası işlədir.
Vahid müəllimin sahibkarlıqla bağlı fikirləri də maraqlıdır. O deyir: «Sahibkarlıq əslində bolluğa, insanların rifah halının daha da yaxşılaşmasına birbaşa xidmətdir. Müasir dövrümüzü mebelsiz təsəvvür etmək mümkün deyil. Əslində mebel bütün dövrlər üçün vacib sayılıb. Hətta insanların sosial təbəqələri də istifadə etdiyi mebellərin dəyəri ilə müəyyən edilib. Mebellərin xarici görünüşü, forması ilə yanaşı, onun keyfiyyətli materialdan hazırlanmasına da xüsusi diqqət yetirilib. Biz də öz mağazamızda bu adətlərə əməl etməyə çalışırıq və mebellərin təkcə görünüşünü deyil, onun keyfiyyətli materialdan hazırlanmış olmasını da nəzərə alırıq. Çünki mebel elə bir əşyadır ki, onu digər xırda əşyalar kimi ildə bir neçə dəfə dəyişmək mümkün deyil. Çoxillik məhsul isə yaraşıqlı olmaqla yanaşı, həm də mütləq keyfiyyətli olmalıdır. Mağazamızda mebellərin müxtəlif çeşidlərdə olmasına da diqqət yetirilir. Çünki insanlar müxtəlif olduğu kimi, zövqlər də müxtəlifdir. Hər bir insanın seçim etməkdə çətinlik çəkməməsi üçün çalışırıq ki, çeşidlərimiz də müxtəlif olsun. Mağazamızda qiymətlər də müxtəlifdir. Bu isə bütün təbəqələrdən olan alıcıların istəyini yerinə yetirmək üçün lazımı şərait yaradır və satış faizinin artmasına səbəb olur.
Bir fikrimi də xüsusi bildirmək istərdim ki, mebel evlərə gözəllik bəxş etməklə yanaşı, həm də insanların rahatlığına xidmət edən vacib ev əşyalarından biridir. Təzə mebel isə insanlara sevinc, könül xoşluğu bəxş etməyi ilə bizləri də sevindirir. Xüsusən də düşünəndə ki, insanlar yeni mebelləri yalnız xeyirli işlər üçün alır, yəni, toy-düyün, yeni mənzil, yeni ofis və s. üçün nəzərdə tutur, qeyri-iradi hər kəsin ürəyində xoş duyğular oyanır. Odur ki, çalışırıq ki, mağazamızda daha çox çeşid olsun və daha çox insanın ehtiyacını ödəmək, sevincinə səbəb olmaq imkanımız yaransın».

G. Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.12.2022 » Oxundu: 382
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!