Şəki Dövlət Peşə Təhsil Mərkəzi rayonun qocaman təhsil müəssisələrindən biridir. Mərkəz öz fəaliyyətinə 1967-ci ildən başlayıb. Burada daha çox əmək bazarlarına uyğun ixtisaslar tədris olunur. Şagirdlər kənd təsərrüfatı sektoru, turizm, maşınqayırma, avtomobil sahəsi, xidmət sektoru və sair ixtisaslara daha çox maraq göstərirlər. Burada əsasən peşəkar kadrlar çalışır və məhz belə müəllimlərin öz işlərinə qarşı olan məsuliyyəti sayəsində şagirdlər seçdikləri peşənin sirlərinə dərindən yiyələnirlər. Bu isə onların gələcəkdə ixtisaslı kadr kimi fəaliyyət göstərmələrinə şərait yaradır. Hazırda mərkəzdə 500 şagird müxtəlif ixtisaslar üzrə təhsil alır.
Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Şirinzadədir və bu vəzifəyə 2020-ci ildə təyin edilib.
Şahin müəllim 1969-cu ildə Şəki şəhərində anadan olub. İki ali təhsil alıb. Fəaliyyət sahəsi çox genişdir. İqtisadiyyat Nazirliyinin bir çox sektorlarında çalışıb. Onun regionda dövlət proqramının icrası istiqamətində də xidmətləri olub. Şahin müəllim bildirdi ki, ilk dəfə olaraq katastr sisteminin qurulması layihəsində pilot olaraq Şəki-Zaqatala, Şəki-Qax regional şöbəsində reystr xidməti olaraq həyata keçirilib. Biznes tədris mərkəzinin qurulması işi də ilk dəfə olaraq Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilib. İstehlak malların ekspertizası laboratoriyası isə Şəki-Zaqatala rayonlarında Şahin müəllimin işlədiyi dövrdə fəaliyyətə başlayıb.
Şahin müəllim məlumat üçün onu da bildirdi ki, hazırda Peşə Təhsil Mərkəzi BMT inkişaf proqramının pilot layihə şəklində Peşə Təhsil Mərkəzinin yaradılmasında və onlara dəstək istiqamətində fəaliyyət göstərir. Həmin layihə çərçivəsində peşə təhsili üzrə Dövlət proqramında BMT inkişaf proqramının birgə dəstəyi nəticəsində Şəkidə müasir texnologiyalara cavab verən avadanlıqlar quraşdırılıb. Hal-hazırda işə götürən müəssisələrlə müzakirələr və iş birliyi aparılaraq istehsal olunan məhsulların çeşidləri müəyyən olunur və onların qurulması istiqamətində işlər aparılır.
Onu da qeyd edək ki, məktəb arıçılıq sahəsində olan layihədə iştirak edərək 20 arı ailəsinə baxılması istiqamətində uğurlu işlər görməkdədir.
"Şəki Dövlət Peşə Təhsil Mərkəzinin bütün uğurlarına görə Agentliyin rəhbəri Ceyhun Kərəmova xüsusi ilə minnətdarıq. Ona görə ki, biz bütün işləri həmişə onun nəzarəti altında görür və nəticəni bildiririk" – deyə Şahin müəllim sözünə davam etdi. Həmçinin bildirdi ki, Şəki Dövlət Peşə Təhsil Mərkəzi üçün daha geniş şərait yaradılması məqsədəuyğundur. Çünki burada təhsil almaq istəyənlərin sayı ildən-ilə artır. Şagirdlərin burada tədris olunan ixtisaslara göstərdikləri xüsusi maraqlar bunun sübutudur.
Şahin müəllim qeyd etdi ki, məktəbin şəhid məzun olmasa da, şəhid işçiləri vardır. Onlardan biri də I Qarabağ müharibəsi iştirakçısı şəhid Asif Yunusovdur. Onun xatirəsi hər zaman ehtiramla yad olunur. Ümumiyyətlə, mərkəzin bütün istehsalat tədris otaqlarına Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların adı verilib. Bu da istər-istəməz gənc nəslin vətənpərvərlik ruhunda təlim-tərbiyə olunmasına, bu istiqamətdə maariflənməsinə və şəhidlərimizin unudulmamasına birbaşa xidmət deməkdir.
Mərkəzdə təhsil alanların sırasında Qarabağ qazisi, şəhid ailə üzvləri də vardır. Onlar burada xüsusi qayğı ilə əhatə olunublar. Şahin müəllimin də dediyi kimi, Allahdan bütün qazilərimizə şəfa, şəhidlərimizə isə rəhmət diləyirik.

Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 17.01.2025 » Oxundu: 171
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!