BDU-nun dosenti Etibar Talıblı

 

 

 

Böyük sənətkar, mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavid təkcə Azərbaycan ədəbiyyatının deyil, türk dünyası mədəniyyətinin ən parlaq simalarından biridir.
Caviddən söz düşəndə həmişə onun şəxsiyyət bütövlüyündən danışılır. Həqiqətən də, həyatda yaşamış Cavidlə əsərləri əsasında xəyalımızda canlanan Cavid obrazı arasında zərrə qədər təzad, ziddiyyət yoxdur. Çünki o, həmişə qəlbinin səsini dinləmiş, onun dediklərini qələmə almışdır. Onu nəyi isə yazmağa, necə yazmağa məcbur etmək qeyri-mümkün idi. “O, sənətkar vicdanına heç vaxt xəyanət etməmişdir” (C.Cəfərov).
Cavid böyüklüyü və xoşbəxtliyi ondadır ki, bircə əsəri, bircə misrasına görə də ruhu xəcalət çəkə bilməz. Bircə misrası da bu gün üçün lazımsız görülə bilməz.
Cavidin bir deyimi var: “gül axıtmaq”. “Kompliment demək” mənasında. Yarınmaq, hakim rejimlərə “gül axıtmaq” Cavid fəlsəfəsinə, Cavid xarakterinə yad anlayışlardır. Həyatı üzərində təhlükəli qara buludlar sıxlaşdığı anlarda belə, “Oktyabr-Lenin-Stalin” şərqilərini ifa edən xora qətiyyən qoşulmamışdır.
Cavid gəncliyindən qürurunu, mənliyini qoruyan şəxsiyyət olmuşdur. Qələmi yalnız həqiqət bildiklərini yazmışdır. Səmimiyyət və həqiqət Cavid yaradıcılığının ən mühüm keyfiyyətlərindəndir. Tələbəlik illərində məktublarının birində yazırdı: “Bən mənliyimi satmaq, əsir olmaq istəməm: əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir”.
Bu gün möhtəşəm bir Cavid obrazı gözümüz önündədir. Əsərlərindən və həyatından bəlirlənən Cavid obrazı.
Bu Cavid hər şeydən öncə, romantik aşiqdir, Gözəllik aşiqidir. O, İnsan və İnsanlıq aşiqidir, Vətən və Millət aşiqidir. O, Haqqın və Həqiqətin, Zəkanın aşiqidir. Cavidin məhəbbət konsepsiyasının bitkinliyi məzmun əhatəliliyindədir.
Bəşəri-ilahi harmoniyaya əsaslanan təbii-insani əxlaq səltənəti, gözəllik və nurlu ağıl səltənəti qurmaq – bu, Cavidin romantik idealı idi!
İdeala doğru can atan Cavid acı reallıqlarla üzləşdikdə həmişə haqqın yanında olmuşdur. O, Şərlə Xeyirin, Zülmətlə Nurun çarpışmasında Xeyirin, Nurun təmsilçisidir; Hakimlə Məhkum qarşıdurmasında, istər fərd, insan mənasında, istərsə hakim Qərb və məhkum Şərq, yəni millətlər mənasında həmişə haqqı tapdalanın tərəfdarıdır. İblis və iblislərlə Tanrı və tanrılaşmış kamil insanların münaqişəsində Tanrı və kamil insanın nümayəndəsidir. Məncə, Cavid Nizami, Nəsimi, Füzuli kimi ədəbi-tarixi kamil insanlar sırasında dayanan, sələflərinin işini və əməllərini XX əsrdə layiqincə davam etdirən bütöv bir şəxsiyyətdir.
Cavid həyatda təmkinli, vüqarlı, sakit, bütün hallarda ləyaqətli bir Kişi olmuşdur. Lakin daxilində bir barışmazlıq, etirazkarlıq, coşqun üsyankarlıq yaşatmışdır. Onun yaradıcılığı Həyat, Bəşər və Gözəllik aşiqi insanla Zaman arasındakı təzadların inikasına həsr olunmuşdur. Bu təzad Cavid kədərini doğurur. Bu kədər bəşəri olduğu qədər də millidir.
Cavid tarixi, zamanı, içində yaşadığı cəmiyyəti həmişə düzgün və obyektiv qiymətləndirmişdir. Zaman da Cavidi unutmur. Zaman keçdikcə onun irsinə və şəxsiyyətinə marağın tükənmədiyinin şahidi oluruq: hər ötən il bizi Cavid dünyasına, Cavid yaradıcılığına, Cavid şəxsiyyətinə daha da yaxınlaşdırır. Onu yenidən öyrənmək, yenidən şərh etmək ehtiyacı duyuruq. Bu zaman o həqiqəti də dərk edirik ki, Cavid klassikimiz olduğu qədər də müasirimizdir.
Nədədir bu müasirlik?
Cavid özünün bu gün üçün də əhəmiyyətini itirməyən bəşəri, milli, humanist ideyaları ilə müasirimizdir;
Gözəlliyi, məhəbbəti, həyatı tərənnüm etdiyi üçün müasirimizdir;
İnsana, insanlığa sevgi aşıladığı üçün müasirimizdir;
Tariximizi öyrənməyə, onun şərəfli səhifələrini və şəxsiyyətlərini unutmamağa sövq etdiyi üçün müasirimizdir;
Millətimizi inkişafa, tərəqqiyə, yeniliyə səslədiyi üçün müasirimizdir;
İnsan haqlarını müdafiə etdiyi üçün, hər cür zülmə, haqsızlığa qarşı barışmaz mövqe tutduğu üçün müasirimizdir;
Bu günkü qloballaşma əsrində dünya ilə ayaqlaşmaq zərurəti ilə mili-mənəvi dəyərlərimizi qoruya bilmək qayğılarımızda da ölməz fikirləri ilə yanımızda olduğu üçün müasirimizdir;
XX əsrin mürəkkəb beynəlxalq ictimai-siyasi xəritəsində var olmaq, qüdrətli olmaq naminə milli birliyə nə qədər ehtiyacımız olduğunu dönə-dönə xatırlatdığı üçün müasirimizdir:
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!..
Hüseyn Cavidin yubiley tədbirləri çağdaş cəmiyyətimizin Cavidin ruhu qarşısında bir hesabatıdır.
Bu gün Cavid ruhu o mənada rahat ola bilər ki, doğma yurdundakı əzəmətli məqbərəsi – əzizləri ilə bir yerdə uyuduğu müqəddəs məkan xalqının ziyarətgah yeridir; Bakıda adını daşıyan bağda əzəmətli heykəli ucalır;
Bu gün Cavid ruhu o mənada rahat ola bilər ki, vaxtilə yaşadığı evinin zorla söndürülmüş çırağı yenidən yandırılıb – ev-muzeyi kimi fəaliyyət göstərir; ona mənəvi övladlıq edən insanlar bu ocağın istisini yaşadırlar; əsərləri külliyyat şəklində çap olunur və tamaşaya qoyulur.
Bu gün Cavid ruhu o mənada rahat ola bilər ki, yolunda ağlı, düşüncəsi, istedadı, ilhamı ilə xidmət etdiyi və həyatını qurban verdiyi xalqı və dövləti ona qarşı böyük qədirbilənlik və ehtiram nümayiş etdirir.
Biz əminik ki, Hüseyn Cavidin mənalı və ibrətverici həyatı, şəxsiyyət kamilliyi, zəngin ədəbi irsi və fıkir dünyası müstəqil Azərbaycanın neçə-neçə yeni vətənpərvər gənc nəsillərinin formalaşmasında misilsiz rol oynayacaqdır.
Cavid unudulmazdır!
Cavid adı kimi əbədidir!
Cavid ölməzdir!

Daxil olundu: 16.11.2018 » Oxundu: 1990
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!