Hər bir insan dünyaya özünəməxsus bacarığı, istedadı ilə gəlir. Bu istedad və bacarığı cilalayıb inkişaf etdirmək isə təəssüf ki, hər kəsə nəsib olan xüsusiyyət deyil. Bunun üçün ətraf mühit də önəmli rol oynayır. Lakin Uşaq gənclər mərkəzlərinin fəaliyyəti bu məqsədə birbaşa xidmət edir, uşaq və gənclərin istedad və bacarıqlarının lazımı istiqamətə yönəldilməsinə, daha da inkişaf etdirilməsinə xüsusi təkan verir.
Astara Uşaq Gənclər İnkişaf Mərkəzi də bu məqsədə xidmət edən təhsil müəssisələrindən biridir. Mərkəzə Şəmsiyyə Mirzəyeva rəhbərlik edir. Şəmsiyyə xanım 1976-cı ildə Astara rayonunun Kolatan kəndində dünyaya göz açıb. Orta təhsilini doğulduğu rayonda aldıqdan sonra Sumqayıt Dövlət Universitetinə qəbul olub. Universitetin kimya fakültəsini uğurla başa vurduqdan sonra təyinatla Astara rayonuna göndərilib. 2005-ci ildən rayonun Ekoloji tərbiyə və təcrübəçilik mərkəzində əmək fəaliyyətinə başlayıb. 2017-ci ildə rayonun üç mərkəzi Respublika Təhsil Nazirliyi tərəfindən birləşdirilib və Şəmsiyyə xanım bu müəssisəyə direktor təyin edilib.
Mərkəzdə 21 dərnək rəhbəri çalışır. 457 şagird isə bu dərnək rəhbərlərinin rəhbərliyi altında sevib-seçdikləri sahə üzrə püxtələşir, istedad və bacarıqlarını lazımı səmtə yönəldərək inkişaf etdirirlər. Dərnəklər rayonun Maşxan, Ərçivan 2, 3, 4 saylı, Kijəbə, Şiyəkəran 1 saylı, Pensər 2 saylı, Çayoba kənd orta məktəblərdə, həmçinin şəhər 5 saylı və sair məktəblərdə fəaliyyət göstərir.
Son illər pandemiya olmasına baxmayaraq mərkəzin şagirdləri müxtəlif müsabiqələrə qatılıblar. Uğurlu nəticələr əldə edən bu şagirdlər I və II yerlərə, həmçinin xüsusi diplom və fəxri fərmanlara layiq görülüblər. "Gələcəyin mühəndisi-2" Respublika müsabiqəsində mərkəzin şagirdi Röyal Əsədullayev ən yüksək nəticə qazanaraq qalib adına yiyələnib. Röyalın dərnək rəhbəri Hətəmağa Məmmədovdur. Ərçivan 3 saylı məktəbin şagirdi Səmayə Nəsirova rəqs üzrə, Yədulla Hacıyev isə rəsm müsabiqəsində 1, 2, 3-cü yerlərə layiq görülüblər. Dərnək rəhbəri Xatunə Tağıyeva da yetirməsinin uğurları ilə fəxr edən müəllimlərdəndir. Ümumiyyətlə, uğurlu işləri ilə diqqət çəkən dərnək rəhbərləri arasında Vəfa Qocayevanın, Aida Hüseynovanın və digərlərinin adını çəkmək yerinə düşər. Şagirdlərin müxtəlif yarış və müsabiqələrdə uğurlu nəticələr əldə edərək müvafiq yerlərə layiq görülməsi bacarıqlı və öz işinə böyük məsuliyyətlə yanaşan dərnək rəhbərlərinin rolu danılmazdır. Bu haqda ətraflı söhbət edən Şəmsiyyə xanım bildirdi ki, onun öz yetirməsi olan Aysel Əliyeva şəhidlərə həsr olunmuş şeir müsabiqəsində I yerə layiq görülüb.
Bu yaxınlarda isə "Yaşıl şəbəkə" ekoklubları liderlərinin ekoloji forumları olub. Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən bu forumda Astara Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri də iştirak ediblər və sertifikat və xüsusi diplomlara layiq görülüblər. 3-Alov beynəlxalq müsabiqəsində Şiyəkəran 2 saylı məktəbin şagirdi Ramenka Əlizadə mahnı müsabiqəsində uğurlu nəticə əldə edib.
Şəmsiyyə xanım qeyd etdi ki, mərkəz əldə edilmiş uğurlarla kifayətlənmir və daha böyük nailiyyətlərə can atır. Qazanılmış nəticələr isə həqiqətən də qarşıda daha böyük uğurların olmasından xəbər verir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 18.02.2022 » Oxundu: 1954
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!