Ölkəmizdə kənd təsərrüfatı məhsullarının bolluğu və keyfiyyətli istehsalı üçün Yardımçı Təcrübə Təsərrüfatlarının xidməti böyükdür. Bu təsərrüfatlarda yeni növ sortların təcrübəsi aparılır, daha yararlı və məhsuldar növlərin yetişdirilməsi qaydaları araşdırılır. Məlum məsələdir ki, kənd təsərrüfatı məhsullarının bolluğu insanların birbaşa rifahının yüksəlməsinə xidmət edir. Bu baxımdan təcrübə stansiyaları böyük önəm kəsb edir. Belə təşkilatlardan biri də Zaqatala Yardımçı Təcrübə Təsərrüfatıdır.
Təsərrüfatın direktoru Qalib Zamanovdur. Qalib müəllim 2003-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının məzunudur. O, 10 il Bəhmədli bələdiyyəsinin üzvü və 5 il də bələdiyyə sədrinin müavini olub. 2022-ci ilin may ayında isə Zaqatala Yardımçı Təcrübə Təsərrüfatına direktor təyin olunub.
Burada «Şəfəq», «Ləyaqətli», «Sadiq», «Aran xəzri» və sair sortlar yetişdirilərək fermerlərə satılır. Təsərrüfatın torpaq ərazisi 135 hektardır. Təsərrüfatda 4 traktor, kombayn və sair texnikalarla əkin işi aparılır.
Qalib Zamanov deyir: «Yardımçı Təcrübə Təsərrüfatımız uzun illərdir ki, uğurlu fəaliyyət göstərir. Burada hər il tonlarla taxıl sortları istehsal olunur. Məqsədimiz taxılçılığın əvvəlki şöhrətini özünə qaytarmaq və əhalinin qida bolluğuna xidmət etməkdir. Biz öz iş metodumuzda fermerlərlə yaxın əlaqə saxlayır, onların arzu və təkliflərini mümkün qədər nəzərə almağa çalışırıq. Bu isə daha məhsuldar sortların üstünlük təşkil etməsinə şərait yaradır».
Təsərrüfatın təcrübəli işçilərindən biri də Musa Yusubovdur. O, 26 ildir ki, burada çalışır. Musa Yusubov məlumat üçün bildirdi ki, bu təsərrüfat 1924-cü ildən fəaliyyət göstərir. Zonada təsərrüfatı daha çox inkişaf etmiş fermerlərdən Abdulla, Telman və başqalarının adını çəkmək olar. Bu təsərrüfatlarda buradakı sortlardan daha çox istifadə olunur. Qalib müəllimin verdiyi məlumata görə təsərrüfatda ötən il 110 hektar buğda əkilib və 258 tondan yuxarı məhsul tədarük olunub. Bu il isə 297 ton məhsul əldə edilib. Qalib müəllim onu da bildirdi ki, hazırda Yardımçı Təcrübə Təsərrüfatında nümunə üçün buğdadan başqa qarğıdalı, tütün, arpa və günəbaxan sortları az da olsa nümunə kimi əkilir. Məhsuldarlığın artması və keyfiyyətin daha yüksək olması üçün idarənin bütün əməkdaşları əllərindən gələni edirlər. Ümumiyyətlə, burada təcrübəli və peşəkar mütəxəssislər çalışır. Belə nümunəvi işçilərdən Nərgiz, Sevda, Əminət, Həbib və başqalarının adını çəkmək yerinə düşərdi.
Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
