Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.4.1. yarımbəndində “Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması” nəzərdə tutulub.
Kriteri.az xəbər verir ki, Dövlət Proqramının icrası məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyası yaradılıb. Laboratoriyaya rəhbərlik filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyevaya həvalə olunub. Laboratoriyada kriminalistikada istifadə olunan fonoskopik araşdırmalar, səs biometriyası ilə bağlı tədqiqatlar, informasiya təhlükəsizliyində yeni nitq texnologiyalarının tətbiqi, nitqin parametrik və hibrid sintezi, fonetik amillər nəzərə alınmaqla etnolinqvistik və psixolinqvistik araşdırmalar aparılacaq.
Xatırladaq ki, oktyabrın 24-də AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclasında Nəsimi adına Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyasının yaradılması ilə bağlı qərar qəbul edilib.

KRİTERİ.AZ

Daxil olundu: 02.11.2018 » Oxundu: 1334
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!