Monoqrafiya “Dildə fonetik, fonoloji mənimsəmə və interferensiya hadisəsi (İngilis və Azərbaycan dillərinin materialları əsasında)” adlı aktual bir mövzuya həsr edilmişdir. Söz danışıq üçün nə dərəcədə əhəmiyyətlidirsə, onun tələffüzü və ya fonetik xüsusiyyətləri də sözün anlamı üçün bir o qədər əhəmiyyətlidir. Alınma söz və söz birləşmələri müxtəlif üsullarla bir dildən başqa dilə keçir və keçdiyi dilin öz fonetik və fonoloji xüsusiyyətlərinə uyğun mənimsənilir. Çünki hər bir dilin özünəməxsus fonetik sistemi vardır.
Təqdim olunan monoqrafiyada ingilis və Azərbaycan dillərinin materialı əsasında cümləfövqü vahidlərin fonetik xüsusiyyətləri araşdırılmışdır. İngilis və Azərbaycan dillərinin fonemlər sistemi təsnif edilmiş, cədvəllər vasitəsi ilə bir daha sitemləşdirilmişdir. Monoqrafiyada hər iki dildə intonasiya məsələsi barədə elmi-nəzəri məlumat verilir. Hər iki dildə intonasiya cümləfövqü vahidlər səviyyəsində psixolinqvistik aspektdən təhlil edilir. Burada intonasiyanın mənanın açıqlanmasında və dərkolunmasında rolu araşdırılır, onun mətnin dərk edilməsində, praqmatik, semantik xüsusiyyətlərinin üzə çıxmasında mühüm rol oynadığına xüsusi diqqət yetirilir. Tədqiqata cəlb olunmuş mətnlərin bəzilərinin eksperimental-fonetik təhlili də verilmişdir.
Əsərin I fəslində ingilis və Azərbaycan dillərində sait və samit fonemlərin təsnifi, onların oxşar və fərqli cəhətləri qeyd edilir. İngilis və Azərbaycan dillərində sait və samit fonemlərin dildə baş verən dil hadisələri zamanı fonetik və fonoloji əvəzlənməyə məruz qaldığı, alınmalarda transliterasiya hadisəsi, morfoloji mənimsəmə ayrı-ayrı yarımbölmələrdə izah edilir.
Monoqrafiyanın II və III fəsillərində ingilis və Azərbaycan dillərində intonasiya dil hadisəsi kimi cümləfövqü vahidlər səviyyəsində araşdırılır. Burada həmçinin cümləfövqü vahidlərin mənimsənilməsində və dərk edilməsində verbal ünsiyyətlə yanaşı qeyri-verbal dil vasitələrinin rolu da izah edilir.
IV fəsil dil hadisələrinə həsr edilmişdir. Əsərin bu bölməsində interferensiya, bilinqvizm və psixodilçilik məsələləri şərh edilir. Bilinqvizm zamanı söz alan dilin dil qaydaları, fonetik xüsusiyyətləri pozulur, bu zaman sözün dərk olunması çətinləşir. Hər bir dildə söz alma zamanı interferensiya hadisəsi baş verir, bu monoqrafiyada fonetik interferensiya hadisəsi izah edilir. Sonda nəticə, geniş ədəbiyyat və əlavə materialların siyahısı verilmişdir.
Bu monoqrafiya elmi-tədqiqat işi ilə məşğul olan elmi işçilər, magistrlar, doktorant və dissertantlar, dilçiliyin əsas bölmələrindən biri olan fonetika-fonologiya ilə maraqlanan mütəxəssislər üçün yeni bir elmi mənbə sayıla bilər.

Kriteri.az

Daxil olundu: 07.11.2018 » Oxundu: 2648
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!