Bəzən insanın yaşadığı ömür yolu onun yaşından və standart rəqəmləri özündə əks etdirən tərcümeyi-halından daha zəngin, daha rəngarəng, daha keşməkeşli olur. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Beyləqan rayon şurasının sədri Ulduz İbrahimova da məhz belə ağlı-qaralı, acılı-şirinli ömür yaşayan insanlardandır.
Ulduz xanım 1982-ci ildə Laçın rayonunda dünyaya göz açıb. Lakin doğulduğu məkanı, Azərbaycanımızın ən dilbər guşələrindən biri olan cənnət Laçını doyunca görüb-tanımaq, gözəlliklərindən zövq almaq imanını məlum hadisələr onun əlindən alıb. Doğma torpaq nisgilli bütün laçınlılar kimi o da ailəsi ilə birgə Respublikamızın müxtəlif şəhərlərində məskunlaşıblar. Vətən həsrəti Ulduz xanımın əzmini, gələcəyə olan inamını qıra bilməyib və orta təhsilini uğurla başa vuraraq Azərbaycan Tibb Universitetinə qəbul olunub. 2004-cü ildə universitetin müalicə-profilaktika fakültəsini bitirib. İnternanı Bakı şəhərində keçirib. Həmin vaxtdan ömrünü həkimlik peşəsi ilə bağlayan Ulduz xanım insanların sağlamlığı keşiyində böyük məsuliyyət və ləyaqətlə dayanıb. Yüzlərlə insanın sağlamlığının bərpasında müstəsna xidmətləri olan Ulduz xanım öz peşəkarlığı ilə hər zaman diqqəti cəlb edib. 2022-ci ildə isə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Beyləqan rayon şurasının sədridir.
Ulduz xanım məlumat üçün bildirdi ki, burada həmkarların 1065 üzvü vardır və hər bir üzvə xüsusi diqqət və həssaslıqla yanaşılır. Üzvlərin arasında müharibə iştirakçısı və qazilər də vardır. Dövlətimiz tərəfindən şahid ailələrinə, qazi və müharibə iştirakçılarına həmişə böyük dəstək göstərilib. Bu gözəl ənənə komitə tərəfindən də böyük həvəs və ləyaqətlə davam etdirilir.
Qeyd edək ki, burada hər il 8 Noyabr Zəfər bayramı, Yeni il şənliyi, Novruz bayramı, Səhiyyə İşçiləri Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü və respublikamıza məxsus olan bütün bayramlar və əlamətdar günlər komitə tərəfindən təntənəli şəkildə qeyd edilir. Belə tədbirlər zamanı iştirakçılara xüsusi hədiyyələr və pul mükafatları təqdim edilir. Təqaüdə çıxanlar isə xüsusi hədiyyələrlə və böyük hörmətlə yola salınır. Üzvlərin yubiley yaşlarının qeyd olunması da burada artıq bir ənənə şəklini alıb.
Ulduz xanım onu da vurğuladı ki, burada ehtiyacı olanlar ailəvi olaraq müxtəlif sanatoriya və istirahət mərkəzlərinə göndərilir. Son günlərdə komitənin belə göndərişlərindən yararlanan üzvlərdən Minarə Əliyevanı, Şadgün Hüseynovanı, Simnarə xanımı və başqalarını göstərmək olar. Onlar öz ailələri ilə sanatoriyaların xidmətindən istifadə etmiş və çox da razı qalmışlar.
Daha bir maraqlı məqamı qeyd etmək yerinə düşərdi ki, Respublika Həmkarlar Komitəsi tərəfindən qaynar xətt yaradılıb və telefon nömrələri yazılıb. Bu xətt vasitəsi ilə müraciət edənlərin istək və arzuları təmin olunur. Beyləqan MRX-nın direktoru Bayram Muradov tərəfindən lazımı dəstək və köməklik göstərilir. Bu diqqət və qayğını isə bütün üzvlər rəğbətlə qarşılayırlar.
"Komitəmiz öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikası "Həmkarlar İttifaqları haqqında" qanunun AHİK-in qərar və tövsiyələri, eləcə də öz nizamnaməsi əsasında davam etdirir. Ümumiyyətlə, səhiyyə sahəsində çalışan işçiləri özündə birləşdirən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 1905-ci ildə təsis edilib. Komitə 73 şəhər və rayon, 375 ilk həmkarlar ittifaqı təşkilatlarını özündə birləşdirir və minlərlə üzvü vardır", – söyləyir Ulduz xanım.
O, daha bir məsələ haqqında danışdı. Bildirdi ki, doğulduğu Laçın rayonun, Azərbaycanımızın işğal altında olan digər torpaqları kimi azadlığına qovuşması onun ən böyük arzusu olub. Ona mənəvi güc verən bu arzunun gerçəkləşməsi Ulduz xanımı həyata, öz işinə, peşəsinə olan marağını, gücünü, qüvvəsini daha da artırıb. Bu isə hər kəsə nəsib olan xoşbəxtlik deyil!
Söhbəti apardı: Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
