
Aqroservis Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri – kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən bir qurumdur. Bu səhmdar cəmiyyət 2004-cü il oktyabr ayının 23-də ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaradılıb və «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir.
Aqroservis ASC-nin Şəki Regional Nümayəndəliyin Zaqatala rayon bölməsinin rəhbəri Namiq Zamanov bu qurum haqqında ətraflı məlumat verdi: «Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı mühüm yerlərdən birini tutur. Ölkəmizdə aqrar islahatların həyata keçirilməsi üçün kompleks tədbirlərin görülməsi, inkişaf etdirilməsinin Prezident tərəfindən daim diqqətdə saxlanması öz müsbət nəticəsini verir. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə nail olunması üçün güclü siyasi iradə nümayiş etdirir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizin iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Dövlət tərəfindən aqrar sahədə müasir infrastrukturun yaradılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi və s. aqrar sahənin inkişafına müsbət təsir göstərir. Bildiyimiz kimi kənd təsərrüfatı ölkə iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla əhalinin iş yerləri ilə təminatında da ən böyük pay sahibidir. Nəticədə bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir. Bununla yvanaşı, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, həmçinin bu istiqamətlərdə bir sıra Dövlət proqramları reallaşdırılıb. Görülən işlərin nəticəsidir ki, bu gün ölkədə kənd təsərrüfatı sahəsində də ciddi artım müşahidə olunur və əsas hədəflərdən biri qeyri-neft sektorunda xüsusi yeri olan aqrar sahənin inkişafına xüsusi önəm verilir. Qeyd edək ki, güclü sənaye potensialı olan Azərbaycan, eyni zamanda, kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasının göstəricisidir. Bir cəmiyyət olaraq biz də bu sürətli inkişaf istiqamətində dayanmadan çalışır və əlimizdən gələni əsirgəmirik».
Namiq müəllim 1980-ci ildə Zaqatala rayonunda dünyaya gəlib. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) məzunudur. O, ilk əmək fəaliyyətinə Dövlət torpaq və xəritəçəkmə komitəsində başlayıb. Daha sonra əmlak komitəsində çalışıb. 2015-ci ildən hazırda işlədiyi müəssisədə bölmə rəhbəri kimi fəaliyyətini davam etdirib. Əsas işi vətəndaşlara və sahibkarlara kənd təsərrüfatı ilə əlaqəli köməklik göstərmək olan müəssisənin əkin və biçin vaxtı göstərdiyi xidmət ölçüyəgəlməzdir. Məhz bu mövsümdə fermerlərə texnika icarəyə verilməklə yanaşı, lazımı gübrələrlə də təmin edilir.
Namiq müəllim öz söhbətində nümunəvi fermerlərdən olan Tala kənd sakini Mikayıl Davudovun, Rəşad İbrahimovun və s. adını çəkdi və qeyd etdi ki, bu fermerlərin torpaq ərazisi daha çoxdur və ona görə də lazımı qədər arpa və buğda əkə bilirlər. Aqroservisdə lazım olan əkin-biçin üçün bütün texnikalar vardır. Bu texnikalar fermerlərə münasib şərtlərlə verilir. Belə ki, müəssisə işçiləri özləri də xidmət göstərə bilir və yaxud da icarəyə götürən tərəfin bu texnikaları idarə etmək bacarığı varsa, sadəcə müqavilə bağlayır və texnikanı götürüb işlədir.
Yaxın vaxtlarda cəmiyyətə yeni, müasir texnikaların verilməsi də nəzərdə tutulub. Namiq müəllim onu da bildirdi ki, Aqroservislə müqavilə bağlayanlar əvvəlcədən görüləsi işin 10 faiz pulunu ödəyirlər, iş qutarandan sonra isə di\gər hissəsini ödəyirlər.
Namiq müəllim söhbətinin sonunda onu da qeyd ki, Şəki Regional Nümayəndəliyin rəhbəri Söhrab Hüseynov Aqroservislə mütəmadi olaraq əlaqə saxlayır və lazım olan köməkliyi əsirgəmir. Bu diqqət və qayğı isə Aqroservisdə işlərin daha keyfiyyətli aparılmasına bir vəsilədir.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü