Xaçmaz Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Nəriman Babayev 25 ilə yaxındır ki, məktəbə rəhbərlik edir. Hələ ilkin gəncliyindən idmana bağlı olan Nəriman müəllim rayonun nəinki tanınmış idmançılarından, hətta bu gərəkli sahənin təbliğatçılarından biri olub. 1966-cı ildə Xaçmaz rayonunda anadan olan Nəriman Babayev orta təhsilini başa vurduqdan sonra indiki Bakı Bədən Tərbiyəsi Akademiyasına qəbul olub. 1989-cu ildə akademiyanı futbol ixtisası üzrə bitirərək doğma rayona qayıdıb və hazırda rəhbərlik etdiyi məktəbdə əmək fəaliyyətinə başlayıb. Sonra idman komitəsin-də, gənclər idman idarəsində rəis vəzifələrində çalışıb. 1995-ci ildə Xaçmaz Uşaq Gənclər İdman-Şahmat məktəbinə direktor təyin edilib. Fədakar və səmərəli fəaliyyəti dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilən Nəriman Babayev ölkə Prezidentinin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb.
Məktəb haqqında ətraflı məlumat verən Nəriman müəllim dedi ki, 2017-ci ildə struktur dəyişikliyi ilə əlaqədar olaraq rayonun şahmat məktəbi də idman məktəbi ilə birləşdirilib. Hazırda burada ümumilikdə 711 şagird idmanın müxtəlif növləri üzrə təlim keçir. Onlardan 283-ü şahmat idman növünün sirlərinə bələd olmaq istəyənlərdir. Məktəbin məşqçi-müəllimlərindən 9 nəfəri şahmat, 22 nəfəri isə idmanın digər sahələri üzrə olan məşqçi-müəllimidir.
Məktəbin titullu şahmat müəllimlərindən idman ustası Bəxtiyar Mərdanovun, Kamil Tarquliyevin, Namiq müəllimin və digərlərinin adını çəkmək olar. İdmanda isə əməkdar məşqçi Həbib Müslümov, Ramiz Məmmədov, idman ustası Rəşad Cümşüdov, İqrar İsmayılov, Zakir Rəhimov və başqalarının adını çəkmək yerinə düşərdi.
Nəriman müəllim məlumat üçün bildirdi ki, rayonun 8 tədris müəssisəsində məktəbin idman qrupları fəaliyyət göstərir. Məktəbin ümidverici idmançılarından Cavid Balayevin, Ədilə Şıxməmmədovanın, Züleyxa Seyidəliyevanın, Rauf Əliyevin, Türkan Qocayevin, Jalə Mahmudovanın, Əli Şükürovun və başqalarının adını çəkmək olar.
Məktəbdə son dövrlərdə əsaslı təmir işləri aparılıb və bütün lazımi texniki idman avadanlığı ilə təchiz edilib. Bu isə məşqlərin daha səmərəli aparılmasına, tədrisin daha keyfiyyətli olmasına şərait yaradır.
«Respublikamızda dövlətimiz tərəfindən idmana çox böyük qayğı göstərilir. Bu qayğı və diqqəti dəyərləndirməmək, ona layiq bir şəkildə çalışmamaq elə bilirəm ki, hər bir idmansevər tərəfindən haqsızlıq olardı. Biz isə dövlətimizə və dövlətçitlik ənənələrimizə sadiq olaq insanlarıq. İdman sahəsində çalışan, idmanı özünə məslək seçən, idmanla məşğul olan hər bir insanın ən böyük arzusu üçrəngli bayrağımızı bir dəfə də olsa, ən böyük arenalarda yüksəkliklərə qaldırmaq, Dövlət Himnimizi səsləndirməkdir. Bu isə bizim dövlətimizə verəcəyimiz ən böyük töhfəmizdir. Məktəbimiz də məhz bu amala xidmət edir, daha çox peşəkar idmançı yetişdirməklə bu diqqət və qayğıya layiq olmağa çalışır», – söyləyir Nəriman müəllim.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 27.04.2019 » Oxundu: 1793
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!