«Ulu öndərin əsasını qoyduğu idmana qayğı siyasəti bizi yeni qələbələrə çağırır. Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət yenidən gündəmə gəldi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı.
Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı.
Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı.
Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan İlham Əliyev Prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.
İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və diqqət idmançıları və idman sahəsində çalışan hər kəsi yeni qələbələrə səsləyir».
Bu fikirlər Lerik Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru İlham Zülfiyevə məxsusdur. O, 11 dekabr 1966-cı ildə Lerik rayonunun Köhnə Orand kəndində anadan olub. 1992-ci ildə Bakı Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə 2 ixtisas üzrə – bədən tərbiyəsi müəllimi və məşqçi ixtisası üzrə bitirib. Elə o vaxtdan Lerikdə «Məhsul» İdman Cəmiyyətində işləyib. 1994-cü ildən UGİM-də müəllim, dərs hissə müdiri işləyib. 2013-cü ildə Uşaq Gənclər İdman Məktəbinə direktor təyin olunub. 2017-ci ildə Təhsil nazirinin sərəncamı ilə respublikada şahmat məktəbləri idman məktəbləri ilə birləşdirilib. Müəssisənin böyüməsi işə olan məsuliyyətin bir qədər də artması deməkdir. İlham müəllim isə öz işinə qarşı hər zaman məsuliyyətli olub. Onun idman sahəsində gördüyü dəyərli işlər dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. 2013-cü ildə İlham müəllim fəxri bədən tərbiyəsi işçisi adına layiq görülüb. 2015-ci ilin may ayında Birinci Avropa Oyunlarının məşəlini də Lerik rayonunda məhz İlham müəllim alovlandırıb.
İlham müəllim məlumat üçün bildirdi ki, məktəbdə 27 qrup və 4 bölmə fəaliyyət göstərir. Şagirdlər idmanın futbol, ağır atletika, sərbəst güləş və şahmat növlərinə daha çox maraq göstərirlər. Məktəbdə ümumilikdə 333 şagird və 17 məşqçi müəllim vardır. Burada çalışan titullu müəllimlər sırasında Ağakişi İsgəndərovun oğlu Elşad müəllimi nümunə göstərmək olar. Onu da demək yerinə düşərdi ki, Ağakişi müəllim Sovetlər Birliyi dönəmində güləş üzrə 2 dünya çempionu yetişdirib. Son 2 ildə Elşad İsgəndərovun təşəbbüsü ilə Lerikdə sərbəst güləşə olan maraq xeyli artıb. Güləş zalında bütün lazımi avadanlıqlar vardır. Şahmat qrupu da lazım olan kompüter avadanlıqları ilə tam təchiz edilib.
İlham müəllim onu da deməyi özünə borc bildi ki, AAAF-ın prezidenti Tofiq Heydərovun təşəbbüsü və köməyi sayəsində Qosmalyan və Piran kəndlərində ağır atletika idman növü də fəaliyyət göstərir.
Bu il Təhsil İdman Mərkəzinin ağır atletika respublika birinciliyində məktəbin yetirməsi Fəxri Əlizadə 3-cü yerə layiq görülmüşdür.
İnanırıq ki, idmançıların daha böyük uğurları hələ qarşıdadır.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.05.2019 » Oxundu: 1025
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!