Ağdaş şəhər 11 saylı körpələr evi-uşaq bağçası 1995-ci ildən fəaliyyət göstərir. Bu məktəbəqədər təhsil müəssisəsi 2014-cü ildə əsaslı təmir edilib. Bina kombi istilik sistemi ilə tam təchiz olunub. Uşaqlara lazım olan bütün şərait yaradılıb.
Burada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları, həmçinin digər otaqlar var. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Körpələr evi-uşaq bağçasında bir yaşdan 6 yaşadək 75 uşağın təlim-tərbiyəsi ilə 25 nəfərdən ibarət peşəkar heyət məşğul olur.
Körpələr evi-uşaq bağçasının müdiri Aynur Mustafayevadır. O, 1985-ci il aprel ayının 7-gə Ağdaş rayonunda anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olab. 2006-cı ildə ali təhsilini başa vuran Aynur xanım elə həmin ildən Ağdaş Humanitar Kollecdə pedaqoji fəaliyyətə başlayıb. Kollecdə 10 il müəllim işləyən Aynur Mustafayeva 2016-cı ildə hazırda işlədiyi körpələr evinə müdir təyin edilib.
Aynur xanım söhbətində vurğuladı ki, gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyətlər kimi yetişmələri istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu işlərə Heydər Əliyev Fondunun töhfəsi də olduqca əhəmiyyətlidir.
On bir saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi ərazidə və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı da var. Müəssisədə uşaqların rahatlağanı, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq, vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.
Məlumat üçün onu da deyək ki, burada uşaqları gündə 3 dəfə isti yemələ təmin etməklə yanaşı, əlavə olaraq meyvə və kompotlar da verilir. Müəssisənin iş vaxtı səhər saat 9.00-dan 18.00-a kimidir. Lakin lazımı məqamlarda iş vaxtı növbətçilik əsasında saat 20. 00-a kimi uzadılır.
Aynur xanım nümunəvi işçilərdən Aybəniz Verdiyevanın, Lətifə Çələbiyevanın, Mənzər Səmədovanın, Əzizə Qasımovanın, Vəsilə Məmmədovanın və digərlərinin adını məmnunluq hissi ilə çəkdi. Məhz belə peşəkar və qayğıkeş işçilərin sayəsində balacalar buraya həvəslə üz tutur və burada özlərini doğma evlərindəki kimi hiss edirlər.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 26.12.2019 » Oxundu: 1565
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!