1918-ci il may ayının 28-də xalqımızın görkəmli oğulları Azərbaycan Xalq Cümhuriyyətini yaradaraq tariximizin ən şanlı səhifəsini yazdılar. Həmin gün Tiflis şəhərində Azərbaycan Milli Şurasının tarixi iclasında iştirak edən 26 deputatın yekdil səsi ilə İstiqlal Bəyannaməsi qəbul olundu. İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə üsulunun, parlamentli respublikanın yaradıldığını elan etdi.

İstiqlal Bəyannaməsi Azərbaycanın dövlətçilik tarixində ilk konstitusiya aktı idi. Ümummilli Lider Heydər Əliyev deyirdi: «Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz bu tarixi addımı atdılar».

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan etdi. May ayının 30-di isə bu haqda dünya dövlətlərinə radioteleqramlar göndərildi. Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi. 4 iyun 1918-ci ildə Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında «Sülh və dostluq haqqında» müqavilə imzalandı.

AXC-nin elan edilməsi, onun iki illik hakimiyyəti dövrü bir sıra səciyyəvi cəhətlərinə görə milli tariximiz üçün əhəmiyyətlidir. AXC-ni yaradan şəxslər Azərbaycan millətinin şərəfini xilas edərək X1X əsrin əvvəllərində itirilmiş milli dövlətçiliyi bərpa etdilər. AXC qısa vaxtda özünün hökumətini, parlamentini, ordusunu yaratdı. AXC bütün Şərqdə, islam və türk dünyasında ilk demokratik respublika idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə oldu. Məhz burada ən mühüm qərarlar qəbul edildi. 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edildi. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan olundu. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrında qəbul edildi.

AXC yarandığı ilk gündən maarif işlərinə xüsusi fikir vermişdir. 1918-ci il 30 iyun qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi. Nazirliyin ilk tədbirlərindən biri 1918-ci il 22 sentyabr sərəncamına görə məktəblərin milliləşdirilməsi oldu. 1918-ci il 28 avqust qərarına görə bütün məktəblərdə tədris Azərbaycan dilində keçirilməli idi. Başqa millətlərdən olan uşaqlar üçün rus dilində məktəblər açılması nəzərdə tutulmuşdu. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncədə, Şəkidə, Zaqatalada qısa müddətli pedaqoji kurslar təşkil edildi və kurslara 150 nəfər qəbul edildi. Bundan əlavə nazirlik Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin müstəqil bir seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi. 1919-cu il sentyabrın 1-də parlament Bakı Universitetinin yaradılması haqqında qanunu qəbul etdi. Həmin iclasda 1919/-20-ci tədris ili üçün xarici ölkələrin ali məktəblərinə 100 abituriyent və tələbə göndərilməsi haqqında qətnamə qəbul edildi. Bu tələbələr üçün Maarif Nazirliyinin sərəncamına dövlət xəzinəsi vəsaitindən 7 mln. rubl ayrılırdı.

Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşadı. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olmuş və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoymuşdur. Cəmi 23 ay yaşayan AXC-ni yaradaraq kimliyini kəşf edənlər həm Azərbaycan millətinin şərəfini qorudular, həm də onu zamanın daha böyük bəlasından – parça-parça edilmək təhlükəsindən xilas etdilər.

Şahid İSMAYILOV
"Şəki Dövlət Regional Kolleci" Publik Hüquqi şəxs IV korpusu şöbə müdiri

Daxil olundu: 18.05.2022 » Oxundu: 1892
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!