Laçın rayon Oğuz tam orta məktəbi zəngin tarixə malik olan bir təhsil müəssisəsidir. Taleyi keşməkeşli olan bu məktəb 1994-cü ildən öz yurd-yuvasından ayrı düşərək dost qoynuna sığınıb və Oğuz rayonunda məskunlaşıb.

Uzun illərdir ki, qürbət ömrü yaşayan məktəb dost ülfəti, dost qayğısı ilə təskinlik tapıb, ayaqda durmağı bacarıb. Həsrət yükü yalnız insanlar üçün deyilmiş, həm də təşkilatlar, müəssisələr üçün imiş. Lakin şükürlər olsun ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz qadir xalqımızın dəmir yumruğu ilə bu həsrətə son qoydu və işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bu sevinci bizə yaşadan qəhrəman oğullarımıza eşq olsun. İgid şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, döyüşçülərimizə can sağlığı diləyirəm.

Məktəbimiz haqqında onu deyə bilərəm ki, bütün dövlət qayğıları ilə əhatə olunmuşuq. Şagirdlərin elmi bilikləri daha yaxşı mənimsəmələri üçün gərəkli lazımi şərait vardır. Məktəbimizdə əsasən bacarıqlı və təcrübəli pedaqoqlar çalışır. Gənc kadrlara isə xüsusi üstünlük verilir. Dövlətimizin kadr siyasətini əldə rəhbər tutaraq gənclərlə işləmək prinsipi öz müsbət nəticəsini verir. Belə ki, məktəbimizdə ali məktəblərə qəbul faizi ildən-ilə artır, məzunlar daha yüksək bal toplamaları ilə bizləri sevindirirlər.

Belə gənc kadrlardan biri də məktəbin riyaziyyat müəllimi Jalə Əzizlidir. 1995-ci il təvəllüdlü olan Jalə xanım Bakı Dövlət Universitetinin məzunudur. O, 2016-cı ildə universitetin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Artıq bir ildir ki, bizim məktəbimizdə pedaqoq olaraq çalışır. Bir il çox qısa müddət olsa da, o, bu qısa müddət ərzində bütün müəllim və şagirdlərin dərin hörmətini qazanıb. Jalə xanım ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib və Respublika Təhsil Nazirliyi tərəfindən məktəbimizə göndərilib. Elə ilk günlərdən də bacarıqlı və savadlı müəllim olduğunu göstərə bilib. Onun şagirdlərlə iş metodu xüsusi diqqətə layiqdir. Belə ki, Jalə xanım hər şagirdə fərdi yanaşır və onların bilik və bacarıqlarını lazımı istiqamətə yönləndirmək, daxili imkanlarını üzə çıxarmaq, istedad və qabiliyyətlərini daha da inkişaf etdirmək üçün pedaqoji bacarığından məharətlə istifadə edir. Düşünürəm ki, bu xüsusiyyət hər bir müəllimə aid olmalıdır. Çünki müasir dövrümüz üçün daha bacarıqlı, daha savadlı, daha qabiliyyətli gənclər yetişdirmək lazımdır. Bunu bizdən zaman, dövr tələb edir.

Qalibiyyətlə sonuclanan Vətən müharibəsi bir daha onu sübut etdi ki, gənc nəslin təlim-tərbiyəsində vətənpərvərlik hissinin təbliği xüsusi önəm daşıyır. Şagirdlərimizi savadlı, bilikli bir vətəndaş kimi yetişdirməklə yanaşı, həm də onları vətənpərvər bir ruhda tərbiyələndirmək hər bir müəllimin ümdə vəzifəsi olmalıdır. Jalə xanım da məktəbimizin digər müəllimləri kimi bu məsələyə xüsusi önəm verir. Çünki yaxşı bilir ki, vətənini, xalqını, torpağını sevməyən kəsin alimliyinin də dəyəri olmaz. İnsan hansı sahədə çalışmasından asılı olmayaraq qəlbindəki vətən sevgisini bütün duyğulardan üstün tutmalıdır. Mayası vətən sevgisi ilə yoğrulmayan uğurun müddəti də ürəkaçan olmaz. Elə bilirəm ki, Jalə xanımın

şagirdlərinə əxz etdiyi vətən sevgisi də öz gücünü daxili inamından alır. Gənclik həqiqətən böyük qüvvədir. Bu gücü, qüvvəni faydalı istiqamətə yönəldəndə isə həm insanlar, həm də gəncliyin özü qazanır. Bu baxımdan Jalə xanım kimi gənc kadrlara hər zaman, hər yerdə ehtiyac vardır.

Əlvan NOVRUZOV

Laçın rayon Oğuz tam orta məktəbin direktoru

Daxil olundu: 09.02.2022 » Oxundu: 159
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!