İnsan sağlamlığı dünyada heç nə ilə əvəz oluna bilməyən ilahi bir nemət, əvəzolunmaz bir bəxşişdir. Onun qədrini bilmək, vaxtında dəyərləndirmək günümüzün, bəlkə də ömrümüzün ən vacib məsələsidir.

Təəssüflər olsun ki, bəzən insan öz sağlamlığının qədir-qiymətini vaxtında verə bilmir və düçar olacağı fəlakətin ciddiyyətinə varmaqda çətinlik çəkir. Bunu isə birbaşa öz həyatını məhvə sürükləmək, ömrünə bilərəkdən balta çalmaq kimi ifadə etmək olar. Dövrünün tanınmış ziyalılarından olan həkim-şair Abbas Səhhətin bir fikrini xatırlatmaq yerinə düşərdi: "Sağlamlıq elə bir tacdır ki, onu ancaq xəstələr görə bilir". Həqiqətən də çox dəqiq və yerində söylənmiş bənzətmədir. Nədənsə insan əlində olanın dəyərini onu itirdikdən sonra daha yaxşı dərk edir. Təəssüf ki, bu isə bəzən çox gec olur və acı nəticələrə gətirib çıxara bilir. Ona görə də bütün bunlara səbəb olmamaq üçün sağlamlığımızın dəyərini vaxtında verməyi bacarmalı, tibbi müayinələri həyat tərzimizin ayrılmaz bir hissəsi kimi qanunauyğunluğa çevirməliyik. Unutmamalıyıq ki, dünyanın ən böyük xoşbəxtliyi elə sağlamlığın özüdür. Bu yolda bizə yardımçı olanlar isə məhz həkimlərdir. Belə həkimlərdən biri də İmişli Dəmiryol Xəstəxanasının baş həkimi Rafiq Quliyevdir.

O, 1961-ci ildə İmişli rayonunda dünyaya göz açıb. Hələ kiçik yaşlarından həkim olmaq arzusu ilə yaşayan Rafiq Quliyev orta təhsilini başa vurduqdan sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. 1985-ci ildə universiteti müalicə-profilaktika ixtisası üzrə bitirib. Daha sonra Bakı şəhər 1 saylı xəstəxanada bir il internatura keçdikdən sonra İmişli MRX-da həkim-terapevt kimi əmək fəaliyyətinə başlayıb. Sonralar müxtəlif kurslarda elmi biliyini və nəzəri təcrübəsini bir az artırıb. 1996-cı ildə MRX-nın mədə-bağırsaq şöbəsinə şöbə müdiri təyin olunub. 2001-2003-cü illərdə Tibbi Soial Ekspert Komissiyasının həkimi işləyib. 2009-cu ildə isə İmişli Dəmiryol Xəstəxanasına baş həkim təyin olunub.

Əvvəllər 100 çarpayılıq olan bu xəstəxana hazırda 40 çarpayılıqdır. Burada əsasən təcrübəli tibb işçiləri çalışır. Onlardan Haqverdi Qasımovun, Hafiz Şükürovun, Tofiq Mehtiyevin, Fidan Əliyevanın, Həmayə Cəbrayılzadənin və digərlərinin adını çəkmək yerinə düşərdi. Xəstəxanada xəstələrə çox yüksək xidmət və qayğı göstərilir. Bunun nəticəsidir ki, buraya nəinki rayondan, hətta ətraf bölgələrdən də müraciət edənlər olur. Bu bir tərəfdən xəstəxananın fəaliyyətidirsə, digər tərəfdən sırf Rafiq həkimin peşəkarlığının nəticəsidir. Çünki məhz Rafiq həkimin adını tutub xəstəxanaya müraciət edənlərin kontingenti daha genişdir.

Rafiq Quliyev bacarıqlı bir həkim olmaqla yanaşı, həm də məsuliyyətli bir ata, qayğıkeş ailə başçısıdır. Ocağında iki oğul, bir qız yetişən Rafiq həkimin bir oğlu əczaçıdır. Bu isə ailədaxili söhbətlərin də təbabətlə bağlı olmasını qaçılmaz edir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 15.01.2022 » Oxundu: 2498
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!