Artıq son 3 gün ərzində Bakı şəhər DYPİ-nin əməkdaşları 100-dən artıq taksi sürücüsü ilə bağlı inzibati qaydada tədbirlər görüb.

Yol polisi taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, bu sahədə nizam-intizamın yaradılması olduqca vacibdir: “Hər sürücülük vəsiqəsi olan şəxs taksi sürücüsü ola bilməz.

Taksi sürücüsü avtomobili daim saz vəziyyətdə saxlamalıdır. Onlar müvafiq nişanlar nişanlanmış yerlərdə dayanıb taksi fəaliyyəti ilə məşğul olmalıdırlar.

Qanunla nəzərdə tutulan yerlərdə maşın saxlamaq, yoldan keçənlərə qarşı qeyri-etik hərəkətlər etmək, sürücülərin, piyadaların yolunu kəsərək sıxlıq yaratmaq qanunsuzdur və yol polisi bu cür əməllərə qarşı mübarizəni bundan sonra da davam etdirəcək”.

Yol polisi tərəfindən mütamadi olaraq taksi fəaliyyəti ilə məşğul olan sürücülərin hüquq və vəzifələri barədə məlumatların çatdırılmasına baxmayaraq, hələ də fərqlənmə nişanı olmadan qanunsuz fəaliyyətlə məşğul olan sürücülər müəyyən olunur. Onlarla yerlərdə profiklatiki söhbətlər aparılır, xətanın ictimai təhlükəliliyi izah olunur, ümumi qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparılır:

“Hər bir hərəkət iştirakçısı, xüsusilə sürücülər yollarında qanunlara həssas yanaşmalıdır, müvafiq tələblərə ciddi şəkildə əməl etməli, dövlətin və cəmiyyətin maraqları naminə, öz hüquq və vəzifələrini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Bu, ictimai etimad və hörməti doğruldur, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.

Avtomobil yollarında süni sıxlıq yaradan, dayanma-durma qaydalarının pozan, avtobus dayanacaqlarını, piyada səkilərini zəbt etməklə qanunsuz taksi xidməti göstərən şəxslərin əməlləri ictimai, həm də sosial məsuliyyət yaradır. Hər bir hərəkət iştirakçısına tövsiyyə edirik ki, yollarda digər insanların qanunla qorunan maraqlarına ehtiramla yanaşsınlar”.

Daxil olundu: 08.10.2018 » Oxundu: 917
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!