Təranə NAĞIYEVA
Filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Dövlət Pedaqoji universiteti
e-poçta: terane.nagiyeva.79@mail.ru
XÜLASƏ
Məqalədə Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda “xalq düşməni” damğası ilə güllələnən Əhməd Cavadın “Azərbaycan bayrağına”, “Al bayrağa”, “Yarndın”, “Milli marş”, “Marş” kimi şeirlərinə müraciət edilir. Əhməd Cavad yaradıcılığının ən məhsuldar dövrü Azərbaycan Demokratik Cüm huriyyətinin yaranması və inkişafı dövrünə təsadüf edir. Belə desək, daha döğru olar, Xalq Cümhuriyyətinin əsas şairi Əhməd Cavad olmuşdur. Cümhuriyyət şairi kimi tanınan Əhməd Cavadın vətənini, millətini, xalqını düşünərək əsərlər yazması, heç bir çətinlikdən qorxmayaraq qələmini silaha çevirməsi, inqilabi ruhda şeirlər ərsəyə gətirməsi onun vətənə, torpağa bağlılığından irəli gəlir. Böyük şair Əhməd Cavad öz poeziyasında hər şeydən əvvəl azadlığı və vətən şərəfini, vətən məhəbbətini tərənnüm edir. Azərbaycançılıq Əhməd Cavad poeziyasında poetik zirvəyə yüksələrək kuliminasiyada dayanır, süjetin sonrakı mərhələsinə enmir. Zirvədən boylanır, zirvədən baxır.
Açar sözlər: azərbaycançılıq, bayraq, məfkurə, vətən, azadlıq
ИДЕОЛОГИЯ АЗЕРБАЙДЖАНСТВА В ТВОРЧЕСТВЕ АХМЕДА ДЖАВАДА
Тарана НАГИЕВА
РЕЗЮМЕ
В статье говорится о стихах Ахмета Джавада, боровщегося за свободу и независимость азербайджанского народа и расстрелянного с ярлыком «враг народа», таких как «Азебайджан байрахына», «Ал байрах», «Ярндын ", "Милли марш", "Марш". Наиболее продуктивный период творчества Ахмеда Джавада совпадает с периодом становления и развития Азербайджанской Демократической Республики. Правильнее было бы сказать вернее говаря, что Ахмет Джавад был главным поэтом Народной Республики. Ахмад Джавад, как звестный поэт Республики, писал произведения, думая о своей родине, нации и народе, превращал свое перо в оружие, не боясь никаких трудностей, и создавал стихи в революционном духе. В своей поэзии великий поэт Ахмед Джавад восревает свободу, честь страны и любовь к стране. Азербайджанство поднимается на поэтическую вершину в поэзии Ахмеда Джавада и останавливается на кульминации, а не спускается на следующую стадию сюжета. Он выглядывает с веришны, смотрит с высоты.
Ключевые слова: азербайджанство, флаг, идеология, родина, свобода.
THE IDEOLOGY OF AZERBAIJANISM IN THE CREATION OF AHMED JAVAD
Tarana NAGIYEVA
SUMMARY
The article refers to the poems of Ahmet Javad, who fought for the freedom and independence of the Azerbaijani people and was shot with the label of "enemy of the people", such as "To Azerbaijanʼs flag", "Take the flag", "National march", "March".
The most productive period of Ahmad Javad's creativity coincides with the period of the establishment and development of the Azerbaijan Democratic Republic. It would be more correct to say that Ahmet Javad was the main poet of the People's Republic. Ahmad Javad, who is known as the poet of the Republic, wrote works thinking about his homeland, nation, and people, turned his pen into a weapon without fearing any difficulties, and created poems in a revolutionary spirit. In his poetry, the great poet Ahmed Javad glorifies freedom, the honour of the country, and the love of the country. Azerbaijanism rises to a poetic peak in Ahmed Javad's poetry and stops at the climax, and does not descend to the next stage of the plot. He grows from the top, looks from the top.
Giriş
Azərbaycan xalqının böyük oğlu, cümhuriyyət nəğməkarı, vətənini, millətini, xalqını sevən Əhməd Cavad qəlbindəki vətən sevgisini, azərbaycançılıq məfkurəsini gizlədə bilməmiş, Leyli kimi pünhan ağlamamış, gizlicə həsrət çəkməmiş, dövrün yad təsirlərindən çəkinməyərək, vətənə, xalqa olan sevgisinin sərhəd tanımadığını, qorxu bilmədiyini, hər misrası ilə vətən aşiqi, vətən Məcnunu olduğunu geniş, təbii və poetik ifadələrlə əks etdirmişdir.
Şəxsiyyətə pərəstiş dövründə yaşasa da, həmin dövrün yad təsirlərinə boyun əyməyən, hər cür çətinlik və məhrumiyyətlərlə üzləşən Əhməd Cavadın vətənpərvərliyi, azərbaycançılığı oxşadılan, bənzədilən vətənpərvərlik deyil. Düşməni narahat edən, qorxuya salan elə bir sevgidir ki, illər, əsrlər sonra da bu eşqin, məhəbbətin qığılçımları, parıltısı sönmur, bu gün də yanır, parıldayır, yüz illər sonra da yanacaq, yaşayacaq. Vətən, xalq, millət anlamını qəlbindən, hisslərindən, duyğularından misralara köçürən şairin vətənpərvərlik duyğusu, vətən eşqi, vətən sevgisi bundan yüz, min illər sonra da susmayacaq, misralarından, şeirlərindən hayqıracaq, bağıracaq, yad nəfəslərə, yad baxışlara meydan oxuyacaq.
“Cumhuriyyət” sevdalısı olan şair Azərbaycan himninin sözlərini elə qələmə alır ki, elə ilk misralardan bu xalqın, bu millətin kimliyini, bütövlüyünü, əyilməzliyini, mərdliyini hər kəlməsindən görmək olur, duymaq olur.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa! (1, 209)
Bu himn bir əsr əvvəl yazılsa da, ta qədimdən bu günə qədər xalqımızın kimliyini, tarixini, vətənə bağlılığını, qəhrəmanlığını təbii boyalarla əks etdirən ən qüvvətli marşdır.
Əhməd Cavadın Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. O, 1918-1920-ci illərdə, 26-28 yaşlarında Azərbaycan milli istiqlalının yorulmaz təbliğatçısı olub. M.Ə.Rəsulzadə onun yaradıcılığına yüksək qiymət verib: "Milli qurtuluş hərəkatının, Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini əks etdirən milli şair Əhməd Cavadın 28 May İstiqlal günü münasibətilə hürriyyət pərisinə müraciət etdiyi "Nədən yarandın” parçası son dərəcə lirikdir”. (2)
Qeyd etdiyimiz kimi, Əhməd Cavad poeziyasının güclü ideyası azadlıq və istiqlalla bağlı olub. Onun 1918-ci illər şeirləri, əsasən, azadlığa, ilk Azərbaycan Respublikasının uğurlarına həsr edilib. Belə şeirlərindən biri də “Azərbaycan bayrağına” şeiridir.
Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!
Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma!
İzn ver gözümdə coşan yaşıma -
Dinlətsin dərdini aha, bayrağım! (1, 127 )
"Azərbaycan bayrağına" şeiri sentimental, daxili dünyaya yönəlik, pıçıltıyla söylənilməli bir şeir deyil. Bu istiqlalını qazanmış, bütün çətinliklərə, təhlükələrə baxmayaraq "heçdən bir bayraq yapmış" bir millətin bağrından qopan, ruhundan daşan hiss-həyəcanın şeirdir, millətə, dünyaya səslənişdir! Bəlkə, kiməsə şeirin ahəngindəki pafos, yüksək tərənnüm ruhu süni, qeyri-təbii görünə bilər, amma şeirin yazıldığı dövrü, Azərbaycan bayrağının hansı şərtlər altında qaldırıldığını düşünsək, Əhməd Cavad həyacanına və sevincinə daha yaxından bələd olmuş olarıq.
Şeir özünün bədii təsir gücü, səmimiliyi və dövlətçilik dəyərlərinə vətəndaşlıq məhəbbəti ilə seçilən, bədii-estetik əhəmiyyətilə diqqəti cəlb edən əbədiyaşar bir əsərdir. Diqqət etsək, görərik ki, şair şeirdə təkcə tərənnüm və vəsf etmir, həm də bayraqdakı rəmzi işarələrin mənasını açır, onun müqəddəsliyi və ucalığını hiss etdirir, hətta milli dövlətçilik tarixinə nəzər salır, milli dövlətçilik ənənələrini izləyərək bu müqəddəs Oğuz-Türk yurdunda mövcud olmuş məşhur Elxanilər-Atabəylər dövlətinə işarə edir.
Ümumiyyətlə, vətən məhəbbətinin bədii ədəbiyyatdakı bir simvolu olaraq çıxış edən bayraq mövzusu böyük Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığında əsas mövzulardan birini təşkil edir. Şairin Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi və ilk milli dövlət bayrağı qaldırıldığı 1918-ci ildə şəxsən söylədiyi "Elin bayrağı” şeiri də bayrağa və onun ifadə etdiyi müstqəillik və azadlığa dərin məhəbbət ifadə edir. Şair bayrağı kəsb etdiyi məzmun və mahiyyətə əsasən qibləgah, yol göstərən kimi təqdim edir. Əhməd Cavad Azərbaycan bayrağını kamilləşmə dövrünü keçən "Azərbaycançılıq” ideologiyasının qibləgahı və yol göstərəni kimi göstərir, bu bayrağın iman və inam yeri olduğunu bildirir. Şair:
Təmiz al alnındakı tozu, torpağı,
Haqq üçün açdığın əllərinlə sil!
Qalxıb, bir də enməz elin bayrağı,
O sənin, o mənim əlimdədir, bil! – deyə bütün vətəndaşları bu bayraq altında Azərbaycanın və Azərbaycançılığın əsgəritək birləşməyə dəvət edir.(3)
Şairin bu mövzuda yazdığı "Al bayrağa” şeiri də öz təsir gücü və məzmunu etibarilə seçilir. Şeirdə özünəməxsus ustalıqla işlədilən bədii suallar şeirin təsir gücünü artırmaqla yanaşı, müəyyən məsələlərə diqqəti cəlb etməyi, vurğulumağı öhdəsinə düşən vəzifə sayır və bunun öhdəsindən uğurla gəlir:
Gül rəngində bir yarpağın
Ortasında bir hilal!
Ey Al bayraq, sənin rəngin
Söylə, neyçün böylə al?!
...Bu bənzəyiş nədən, gözüm,
Şəhidlərin qanına?!
Uğrunda can verənlər
Neyçün qıyar canına?!
Yol üstündə dərdli nənə
Görür səni, ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!
Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü! (1,130)
Bayrağın üzərindəki al rəngin şəhidlərin qanından yarandığını ifadə edən şair vətən uğrunda canından keçən el oğullarına dərin hörmət və məhəbbətini heyranlıqla ifadə edir, milli istiqlaliyyət mücahidlərinin xatirəsini əbədiləşdirir, öz varlığını istiqlaliyyətə qurban verən şəhidlərə mənəvi abidə ucaltmış olur. Övlad itkisindən içi sökülən, dərdli bir ananın, nənənin al rəngli bayrağı görəndə ağlamamasını ən sadə vətəndaşın istiqlaliyyət sevgisi və milli qüruru, vətəndaşlıq vüqarı kimi dəyərləndirir. Qoca ana al bayrağın mavi səmada aramsız dalğalanmasını müşahidə edərkən şəhid olmuş övladının ruhunun bu dalğalar üzərində azad-azad süzdüyünü sanır və vətən naminə qurban gedən oğlu üçün ağlamır. Çünki övladın qanı, canı sayəsində vətən bayrağı mavi səmada dalğalanır. Bayraq sevgisi, Vətən sevgisi digər sevgiləri üstələyir. Nənə düşünür ki, azad vətəni ona bəxş edən, üç rəngli bayrağın dalğalanması seyrini ona nəsib edən torpaq altında uyuyuan şəhid övladıdır.
İki ilə yaxın davam edən Azərbaycan Azərbaycan Demokratik Cumhuriyyəti həyatında baş verən elə bir hadisə olmamışdır ki, Əhməd Cavad onlara cavab verməmiş olsun. Onun “Marş” adlı şeiri (”Gənclər yurdu” 1918, 2 avqust ) o dövrün əhval-ruhiyyəsini əks etdirir. Bu şeirin mayasında azadlıq bayrağının tərənnümü durur:
Millətimin tarixinə
Şan, şöhrət əkməliyəm.
Bu qarşıda yad qalaya
Bir al bayraq dikməliyəm.
Düşmənlərə göstərdim ki,
Mənim kimi əsgəri yox.
Mənim qılınc vurmadığım
Dünyanın heç bir yeri yox.
İsmarladım nişanlıma
Mən Turana gediyorum.
Qardaşımı qutarmağa
Türküstana gediyorum.
Bayrağıma xain baxan
Xain gözə mən tikanam.
Vurulursam kölgəsində
Həlal olsun ona qanım.(1, 206)
Müəllif bu bayrağı qalaya tikməyi qarşısına məqsəd qoymuşdur. Bu al bayraq onun azad olmuş torpağının rəmzidir, simvoludur. Bayrağına xain baxanın gözünə tikan kimi batmaq istəyir. Nə qədər ki, 3 rəngli bayraq vətən göylərində dalğalanır, bu bayrağın dalğalanması üçün canını verməyə, şəhid olmağa hazırdır.
Şairin “sevgili bayrağına” həsr etdiyi “Yarandın” şeiri də sanki “Marş” şeirinin davamıdır. Onun Azərbaycançılıq ruhu, bayrağa sevgisi, məhəbbəti sonsuzdur, nəhayətsizdir, solmazdır, ürək arzusudur, ilahi bir qüvvədir, həyatının, ömrünün mənasıdır.
Sən qüdrətin aşıb-coşan vaxtında
Mələklərin gülüşündən yarandın!
Səhər dilli bir fırçanın əli ilə
Ahuların duruşundan yarandın.
Ay işığı gözəlliyin, qızlığın.
Çiçəklərin öpüşündən yarandın!
Qələm əldə ilhamımı dinlərkən
Sən qəlbimin vuruşundan yarandın! (4, 95)
Əhməd Cavad qəlbində nə qədər munis, saf, təmiz, gözəl sözlər varsa, hamısını o, “Al bayrağı” na söyləmişdir. O, təbiətin min bir əlvan rəngindən, bu rənglərin saysız çalarlarından yeni bir obraz, yeni bir gözəllik mücəssəməsi yaratmışdır. Bu gözəlliyə, bu məşuqəyə zaman-zaman baxmış, dərin duyğularla sevən aşiq obrazını oynamış, sevgisindən min bir çələng toxuyaraq duyğularını ifadə etmişdir.
Həqiqətən də, Əhməd Cavadın bir çox şeirləri bizim milli himnimizdir. Diqqət etdinizmi ki, Türkiyədə keçirilən “Birinci Millətlərarası Böyük Azərbaycan Konqresi” məhz Əhməd Cavadın məşhur misraları ilə yekunlaşmışdır. 71 il bundan əvvəl qoşulmuş “Qara dəniz” və “Bən kiməm” adlı şeirlər bu gün də aktual səslənir, qonşu dövlətdə də özünün bütün əzəməti və mahiyyəti ilə bu gün də aktual səsələnir, qardaş türk xalqlarını məftun edir. Bu da Əhməd Cavadın istedadından və bu gün də, gələcəkdə də yaşadığından və yaşayacağından xəbər verməkdədir. Belə şeirlərə və onun müəllifinə ölüm yoxdur. (4, 103)
Ümumiyyətlə, milli dövlətçilik, Azərbaycançılıq məfkurəsi Əhməd Cavad yaradıcılığı üçün səciyyəvidir. Əhməd Cavadın "Nədən yarandın”, "Azərbaycan bayrağına”, "Elin bayrağı”, "Al bayrağa” kimi şeirləri sırf dövlət müstəqilliyini simvolizə edən bayrağa məhəbbət ruhunda yazılan və azərbaycançılığı tərənnüm və təbliğ edən əsərlərdir. Əhməd Cavad poeziyasında milli düşüncə təkcə Azərbaycan və Azərbaycançılıqla məhdudlaşmamış, ümumən türk və türkçülük ideyası ilə çuğlaşaraq Turançılığı da əhatə etmişdir. Bu mənada Əhməd Cavadın milli məfkurəsi ümumtürk nüvəli Azərbaycançılıq ideologiyasıdır. Bu məhəbbətdən və bağlılıqdan irəli gəlirdi ki, onun şeirlərində türk düşüncəli poetik nümunələr də özünə xeyli sayda yer tutmuş, xüsusilə "Çırpınırdı Qara dəniz”, "İstanbul”, "Şəhidlərə”, "Türk ordusuna”, "Ey əsgər” kimi şeirlərində türk sevgisi və Turançılıq ehtirası ifadə olunmuşdur.
Nəticə:
Beləliklə, Azərbaycançılıq məfkurəsi ilə zəngin ədəbi-bədii yaradıcılığa malik Əhməd Cavad Azərbaycan istiqlal düşüncəsi, milli mistəqillik mücadiləsi və milli ideologiyasının ən görkəmli nümayəndələrindən biridir. Milli marş, dövlət himni və bayraq şeirlərilə məşhurlaşmış Əhməd Cavad yaradıcılığı hər gələn yeni nəsillər üçün milli istiqlal kitabı və vətəndaşlıq nümunəsidir.
Ədəbiyyat:
1.Ə. Cavad. Seçilmiş əsərləri. Şərq-Qərb nəşriyyatı. Bakı, 2004
2.Ə.Əsgərli. İstiqlal şairi. Kaspi qəzeti. 19 iyun 2017
3.Qasımov R. Azərbaycanın dövlət müstəqilliyinin kamil tərənnümçüsü - Əhməd Cavad. Kaspi qəzeti, 20 iyul, 2017.
4.Saləddin Ə. Əhməd Cavad. Bakı, Gənclik 1992.

Daxil olundu: 27.09.2022 » Oxundu: 1595
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!