
Yer kürəsində mövcud olan 11 iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkədə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır. Ölkə ərazisinin 12 faizi meşə ilə örtülüdür. 10,3 faizini isə xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir. Lakin bütün bunlarla kifayətlənmək olmaz. Çünki insanların sağlam yaşaması üçün ekoloji təmizlik mütləqdir. Bunun üçün isə yaşıllıqlara diqqət yetirmək, yaşıl əraziləri genişləndirmək lazımdır.
İqtisadiyyatın inkişafı, demoqrafik artım, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Son illərdə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətində həyata keçirilmiş layihələr ətraf mühitin komponentlərinin bərpasında əhəmiyyətli rol oynayır. Respubldika Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi bu məsələnin müsbət həllinə istiqamətlənmiş ən real vasitələrdən biridir. Yurdumuzun bütün guşələrində ağacəkmə aksiyalarının keçirilməsi, yeni parkların, yaşıllıqların salınması ətraf mühitin qorunmasına göstərilən dövlət qayğısının əyani nümunəsidir.
Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsvir etmək mümkün deyil. Unutmaq olmaz ki, ekoloji tarazlığa diqqət yetirməmək qaçılmaz təbii fəlakətlərə gətirib çıxarır. Bu baxımdan ekologiyanın əhəmiyyəti müqayisəyəgəlməz şəkildə böyükdür. Şəki Regional Ekologiya idarəsi bu böyük məsuliyyəti hər zaman öz üzərində hiss edir. İdarənin xidməti ərazisi Balakən, Qax, Şəki, Zakatala, Oğuz inzibati rayonlarını əhatə edir. İdarə öz xidməti ərazisində ətraf mühitin mühafizəsi, təbii ehtiyatların monitorinqi və təbii ehtiyatlardan səmərəli istifadə olunması sahəsində sahələrarası idarəetməni və dövlət nəzarətini həyata keçirir.
Bölgədə təbii və coğrafi şəraitin unikallığı burada flora və faunanın növ müxtəlifliyinin rəngarəngliyinə imkan yaradıb. Şəki tarixən öz füsunkar təbiəti ilə məşhur olub. Bu təbiəti qorumaq və onu daha da zənginləşdirmək hər bir vətəndaşın mənəvi borcudur. Çünki həqiqətən də, təbiəti qorumaq Vətəni qorumaq deməkdir. Müasir dövrümüzdə ətraf mühitin və ekologiyanın mühafizəsi ən aktual məsələlərdəndir. Hər ağac saf, təmiz nəfəs, sağlamlıqdır. Yaşıllıqlar yerin oksigen qatını əmələ gətirən ən vacib amillərdən biri, bəlkə də birincisidir. Yaşıllıqları məhv etdikdə havada oksigen azalır. Oksigenin azalması isə canlı aləmin tələfatına gətirib çıxarır. Oksigen bolluğuna xidmət edən nemətlərin mənbəyi isə meşələr, yaşıllıqlardır. Bitkilərin varlığı yer üzündəki canlıların həyatı üçün çox vacibdir.
Ölkəmizdə təbiətin mühafizəsində təbiət qoruqlarının müstəsna xidmətləri vardır. Bu baxımidan Şəki, İsmayıllı, Arpaçay və s. kimi dəyərli yasaqlıqların təbiətin mühafizəsində rolu böyükdür. Ümumiyyətlə, ölkəmizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə daha çox diqqət yetirilir. Ətraf mühitin mühafizəsi, insanların saf təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi aparılan sosial-iqtisadi siyasətin prioritet istiqamətldərindən birinə çevrilmişdir. Bir qurum olaraq biz də bu istiqamətdə öz əməyimizi əsirgəmir, daha böyük iradə və ruh yüksəkliyi ilə çalışmağa davam edirik.
Anar Süleymanov
Şəki 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi