Jurnalistika həqiqətən yorucu bir peşədir. İllah da ki teleaparıclıq. Bəlkə də qıraqdan asan, əyləncəli görsənə bilər, amma heç də elə deyil. Çünki, televiziya elə bir sahədir ki, orda tutulan postda möhkəm dayanmaq məharət, dözüm, səbir tələb edir. Özəl kanalların artması və yaranan rəqabətlər, eyni zamanda tamaşaçıların zövqü dəyişdikcə, televiziya aparıcılarının da strategiyalarının dəyişməsi, daim özlərini yeniləmələri və bu xətdə mövcud olmağa davam etmələri... Sizcə bu asandırmı?
Dözmək, yorulmamaq üçün ya bu peşənin kodları sənin genetikanda olmalıdır, ya da ona elə aşiq olmalısan ki, bütün çətinliyinə dözə biləsən və nazını sevə-sevə çəkəsən.
Elçin Əlibəylidə hər ikisi var.
Ekranın, efirin bu qədər iliklərinə işləməsinə səbəb onun aktyor ailəsində göz açması və bu yolda qardaşı, çağdaş televiziyasının öndə gedəni mərhum Oqtay Əliyevin açdığı cığırla addımlaması olub deyərdim. Elə peşəsini sevməyi də ailəsindən öyrənib. İrəvanda - düşmənlə, xainlərlə əhatələnmiş bir yerdə İrəvan teatrının keşiyini çəkən Vidadi Əliyev və Elmira İsmayılovadan təbii ki, peşəyə sevgi və sadiqlik öyrənəcəkdi. Jurnalistikada və televiziyada uzun illərini geridə qoyan, işini böyük məmnuniyyətlə işləyən Elçin Əlibəyli media karyerasına 1990-cı illərdən başlayıb. Müxtəlif formatlarda verilişlər hazırlayıb təqdim edib və etməkdədir. Kariyerasında sənətşünaslığın da önəmli yer tutması onun teleaparıcılıq işini daha da təkmilləşdirib. Ölkənin ən çox baxılan televiziya kanalları üçün hazırlayıb təqdim etdiyi proqramlarla böyük uğurlar qazanıb. Əldə etdiyi yüksək reytinqlərlə ölkənin ən məşhur imzalarından birinə çevrilib. Deyərdim ki, jurnalistikanın “brendi”dir. Ölkənin bütün təbəqələrinə tanış simadır. Birlikdə bölgələrə ezam olunarkən mən bunun şahidi olmuşam. Ən çox kasıb təbəqə yaxınlaşaraq “sən həmişə haqqın tərəfindəsən” deyib, sevgilərini bildirirlər. Arada yekəqarın məmur trollarının da çəpinə baxıb, dillərinin altında nəsə mızıldanmaqlarını da görmüşəm.
Elçin həmişə qələminin ağası olub, nökəri olmağa heç vaxt çalışmayıb. Lazım gələrdisə, lap sındırardı o qələmi, amma tabe olmazdı . Mən onu tanıyıram.
Savadına, intellektinə həmişə qibtə etmişəm. İlahi, insan necə bu qədər çox məlumatlı ola bilər axı? Elə bir sahə varmı ki, ordan məlumatı az olsun? Tanıdıqca bilmişəm ki, baxmayaraq 26 yaşından sənətşünaslıq üzrə fəlsəfə doktorudur, 5 elmi kitabın müəllifidir, o, hələ də tələbəliyini özündə bitirməməyə çalışır. Oxumağı, öyrənməyi heç vaxt dayandırmır. Etiraf edək ki, Azərbaycanda bu cür jurnalistlər barmaq sayına gələcək qədərdir. Lap dərinə gedəsi olsaq, bir əlin barmaqlarını nəzərdə tutardım. Yaxşı, indi gəlin böyük paradoksa baxaq; bu cür tanınan, “brend” jurnalistin heç bir fəxri adı yoxdur. Hə, bir də bunu deyim, yekunlaşdırım. Adam kirəyələrdə yaşayır, bu qədər jurnalistlər üçün binalar tikildiyi halda. Sizcə? Əslində cavabı bir az öncə qeyd etmişəm. Diqqətlə oxusanız biləcəksiniz.
Nə isə, bu gün sənin günündür, EKRAN ADAM, təbrik edirəm!

İlhamə Nasir

Daxil olundu: 22.07.2023 » Oxundu: 196
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!