Dünyaya gələn hər bir bəşər övladı həyatda özündən sonra müəyyən nişanələr, izlər qoyub gedir. Dünya bina olunandan bu eləbelədir. Hərə öz sənətinə, peşəsinə münasib işlər görür, qurur-yaradır, yadigarlarını gələcək nəsillər üçün ərməğan edir. Bu mənada alim əməyi, elm adamlarının fəaliyyəti daha məsuliyyətli, daha çətin olması ilə fərqlənir. Biz ömrünün 45 ilini elmə, təhsilə həsr etmiş filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin baş elmi işçisi Nəriman Seyidəliyev barədə danışmaq istərdik. Nəriman müəllim müasir dilçilik elmimizi inkişaf etdirən alimlərimizdəndir. Artıq 30 ildir onun imzası elmi və təhsil ictimaiyyətinə yaxşı tanışdır, doğmadır.
Nəriman Fərman oğlu Seyidəliyev 1950-ci il, martın 6-da Cəbrayıl rayonunda doğulmuşdur. 1968-cı ildə rayondakı M.Qorki adına (sonralar həmin məktəbə akademik Mehdi Mehdizadənin adı verilmişdir) orta məktəbi bitirmişdir. Tale və elmə marağı Nərimanı 1971-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun alman-Azərbaycan dilləri şöbəsinin tələbəsi etdi. O, həmin ali məktəbi yüksək göstəricilərlə başa vurdu. Nəriman hələ tələbəlik illərində dövri mətbuat səhifələrində şeirləri, publisistik və elmi mövzularda məqalələri ilə çıxış etməyə başlamışdır. İlk qələm təcrübəsi lirik şeirləri oldu. 1975-ci ilin payızında Nəriman ali təhsil diplomunu alıb orta məktəb şagirdləri qarşısında ilk dəfə müəllim kimi danışmaq xoşbəxtliyinin meyvəsini daddı. Cəbrayıl rayonunun Quycaq kənd orta məktəbində sonsuz həvəs və sevinclə müəllimlik fəaliyyətinə başladı. Nəriman müəllim nə biləydi ki, onun bu sevinci uzun sürməyəcək. Bir çox başqa bölgələrimiz kimi Cəbrayıl rayonunun kəndləri də 18 ildən sonra erməni-düşmən təcavüzünə düçar olacaq, torpaq tapdanacaq. Nəriman müəllim orta məktəbdə işləyərkən onu həmişə elmlə bağlı mövzular maraqlandırır və sonsuz bir həvəs elmə, elmi tədqiqat aparmağa səsləyirdi. Nərimanı ana dilinin tədrisi məsələləri ilə yanaşı, doğma dilimizin elmi-nəzəri mövzularının həlli də cazibə qüvvəsi kimi özünə çəkirdi. Nərimanı nitq mədəniyyətini araşdırmaq, müasir Azərbaycan dilinin zəngin leksik-semantik söz xəzinəsini töküb-töküşdürmək fikirləri, düşüncələri məşğul edirdi. O, qərarlaşdırdığı ali məqsədinə çatmaq üçün neçə dəfə elm və mədəniyyətimizin beşiyi olan Bakı şəhərinə səfərlər etdi. Belə səfərlərindən birində AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, mərhum akademik Məmmədağa Şirəliyevin yanında oldu. Dünyanın xeyirxah və ailəcənab insanlarından biri olan Məmmədağa müəllim onu diqqətlə dinləyəndən sonra çox qayğıkeşliklə “Azərbaycan dilində üslubi sinonimlər” mövzusunda namizədlik dissertasiyası yazmağı məsləhət gördü. İllər ötdü, 1989-cu ildə akad. M.Şirəliyevin rəhbərliyi ilə Nəriman çox uğurla namizədlik dissertasiyasını müdafiə etdi. Amma təəssüf ki, yalnız 4 il gənc alim kimi doğma Cəbrayılda müəllimlik edə bildi. 90-cı illərin məlum hadisələri Azərbaycan türklərini dədə-baba yurdu olan tarixi torpaqlarımızdan qaçqın, didərgin saldı. Erməni vəhşilikləri nəticəsində neçə-neçə bölgələrimizin dinc insanları yurd-yuvalarını tərk etməyə məcbur edildi. Nəriman müəllim də başqa Cəbrayıllılar kimi,ailəsi ilə birgə doğma ocağı ilə vidalaşmalı oldu, Bakı şəhərində məskunlaşdı. Elmlər Akademiyasının Dilçilik İnstitutunda xeyirxah insanların diqqət və qayğısı sayəsində işə qəbul olundu, lüğətçilik şöbəsində elmi fəaliyyətə başladı. Bu elm məbədində özünə yeni-yeni həmkarlar, dostlar, həmfikirlər qazandı. Nəriman müəllim 1994-cu ildən indiyədək burada kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb, nəhayət, hazırda baş elmi işçi kimi yüksək elmi vəzifəyə irəli çəkilmişdir. Onunla işlədiyim 26 ildə Nərimanı son dərəcə zəhmətkeş, möhkəm iradəli, səbrli,mübariz, böyük ümidlərlə yaşayan bir insan kimi tanıyıram. Məhz bunlara görə də o azrularına çata bilmişdir. N.Seyidəliyev bu günədək dilçiliyin leksikologiya, üslubiyyat, nitq mədəniyyəti və b. sahələrinə aid araşdırmalar aparmış 200-dən artıq elmi əsər yazıb nəşr etdirmişdir. Bir çox monoqrafiya və lüğətlərin müəllifidir. Eyni zamanda tədris məsələlərini də unutmamışdır. BDU, “Təfəkkür” universitetlərində 10 ildən artıqdır ki, bu ali məktəblərdə mühazirə və seminarlar aparır. İndiyə kimi, N.Seyidəliyevin qələmindən bir çox elmi əsərlər, kitab və monoqrafiyalar çıxmışdır. Nəriman müəllim “Dini terminlər lüğəti”, “Azərbaycan dilinin sinonimlər lüğəti”, “Frazeologiya lüğəti”nin tərtibçisi, habelə “Alman atalar sözləri”, onların azərbaycanca, rusca qarşılıqları (prof. S.Abdullayevlə ortaqlı), “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (kollektiv), “İxtisarlar lüğəti” (həmmüəllif), “İzahlı onomastik terminlər lüğəti” (prof. Q.Məşədiyevlə ortaqlı) kimi lüğətlərin nəşrində iştirak etmişdir. Bütün bu işləri ilə yanaşı N.Seyidəliyev Azərbaycan dilçiliyində frazeologiya sahəsinin araşdırılmasında da dəyərli uğurlar qazanmışdır. O, “Azərbaycan dastan və nağıl dilinin frazeologiyası” mövzusunda 2009-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş (elmi məsləhətçisi prof. İsmayıl Məmmədli) və 2010-cu ilin ilk günlərində xoş müjdə almışdır. Azərbaycan Respublikası Prezidenti yanında AAK onun bu əsərinə görə filologiya elmləri doktoru diplomunu Nəriman müəllimə təqdim etmişdir.
N.Seyidəliyev üçün 2000-ci ilin ilk onilliyi çox uğurlu illər olmuş, 7 lüğət və monoqrafiya nəşr etdirmiş, “Azərbaycanca-ispanca”, “Azərbaycanca-italyanca”, “Azərbaycanca-almanca”, “Azərbaycanca-ukraynaca”. Lüğətçilik şöbəsinin əməkdaşları ilə birgə tərtib olunmuş başqa lüğətlərdə də tərtibçi kimi iştirak etmişdir.
Onun “Dini terminlər lüğəti” (Bakı, 1996, 2015 və 2018), “Romantik həyat, romantik düşüncələr” (Bakı, 2000), “Azərbaycan dilinin izahlı lüğəti” (tərtibçi) (3 cildlik, Bakı, 1997-2000), “Alman atalar sözləri, onların azərbaycanca və rusca qarşılıqları” (həmmüəllif, Bakı, 2001), “Azərbaycan dilinin sinonimlər lüğəti” (Dərs vəsaiti, Bakı, 2003), “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (kollektiv, Bakı, 2004 və 2013), “Frazeologiya lüğəti” (Bakı, 2004), “İxtisarlar lüğəti” (həmmüəllif, Bakı, 2005), “İzahlı onomastik terminlər lüğəti” (həmmüəllif) (Bakı, 2005), “Azərbaycan dastan və nağıl dilinin frazeologiyası” (monoqrafiya) (Bakı, 2006), “Azərbaycan dilinin sinonimlər lüğəti” (Bakı, 2007) (Prezident İlham Əliyevin sərəncamı ilə), 2012-ci ildə təkrar, «Стилистические синонимы в современном азербайджанском языке» (monoqrafiya) (Баку, 2010), “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti” (kollektiv, Bakı, 2011), “Müasir Azərbaycan dilində üslubi sinonimlər” (monoqrafiya) (Bakı, 2012), “Yeni sözlər və yeni mənalar lüğəti” (kollektiv) (Bakı, 2016), “Azərbaycan dilində işlənən alman mənşəli beynəlxalq sözlərin izahlı lüğəti” (Bakı, 2017), “Afad Qurbanov və ümumi dilçilik” monoqrafiya, “İxtisarlar lüğəti” (kollektiv) (Bakı, 2019) kitabları nəşr olunmuşdur. 5 kitabı isə çap üçün hazırdır.
N. Seyidəliyevə 06 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Baş elmi işçi” elmi adı verilmişdir.
O, hazırda Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisidir. 2012-2016-cı illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzdindəki Dissertasiya şurasının elmi katibi olmuşdur. 2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Ekspert şurasının üzvüdür. 2010-cu ildə elmi fəaliyyətinə və anadan olmasının 60 illiyi ilə əlaqədar AMEA-nın fəxri fərmanı ilə təltif olunmuşdur. 2012-ci ildə “Qızıl qələm” mükafatına layiq görülmüş və “İlin nüfuzlu ziyalısı – İlin dilçi alimi” fəxri diplomu ilə təltif olunmuşdur. 2017-ci ildə “İlin adamı” media mükafatına və “Elm fədaisi” fəxri diplomuna layiq görülmüşdür.
Nəriman Seyidəliyev Dilçilik İnstitutunda işlədiyi 25 il müddətində şöbə əməkdaşlarının və kollektivin hörmətini qazanmış, müsbət mənəvi keyfiyyətləri, elmi-nəzəri hazırlığı, çalışqanlığı və işgüzarlığı ilə seçilmişdir. Şöbənin plan işlərini həmişə keyfiyyətlə yerinə yetirmiş, müdiriyyət tərəfindən təşəkkürnamələr almışdır. Hazırda Azərbaycan dilinin böyük izahlı lüğətinin (B, C və Ç hərflərinin) tərtibçilərindən biri kimi çalışmaqdadır.
2020-ci il filologiya elmləri doktoru Nəriman Seyidəliyev üçün əlamətdar, uğurlu bir ildir. Onun anadan olmasının 70, pedoqoji-elmi fəaliyyət 45 ili tamam olur. Bu munasibətlə onu təbrik edir ən şirin nemət olan can sağlığı və elmi işlərində Nəriman müəllimə yeni yaradıcılıq uğurları diləyirik. Qələmin iti, sözlərin kəsərli olsun, Nəriman müəllim!

İsmayıl Məmmədli
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Tətbiqi dilçilik şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor

Daxil olundu: 28.02.2020 » Oxundu: 2151
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!