Quba şəhər Hikmət Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-lisey uzun illərdir ki, fəaliyyət göstərir. Məktəb rayonun sayılıb-seçilən təhsil müəssisələrindən biridir. Burada şagirdlərin yaxşı təhsil almaları, elmi biliklərə dərindən yiyələnmələri üçün bütün lazımı şərait yaradılıb. burada əsasən təcrübəli və yüksək ixtisaslı müəllimlər çalışır. Məhz bunun nəticəsidir ki, məktəbin yetirmələrinin səsi-sorağı müxtəlif ali məktəblərdən, yüksək məqamlardan gəlir. Məktəbə hazırda Gülnarə Niftəliyeva rəhbərlik edir.
Məktəbin direktor əvəzi olan Gülnarə Niftəliyeva 1982-ci il sentyabr ayının 30-da Bakıda anadan olub. Orta təhsilini Bakı şəhər 124 saylı tam orta məktəbdə aldıqdan sonra. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Quba filialına qəbul olub. 2001-ci ildə ali təhsilini başa vurub və pedaqoji fəaliyyətə başlayıb. 2006-cı ildə Quba rayon Qımılqazma kənd tam orta məktəbdə müəllim işləyib. 2017-ci ildən 2019-cu ilə kimi Quba rayon Təhsil şöbəsində metodist vəzifəsində çalışıb. 2019-cu ildə Hikmət Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə təşkilatçı müavin vəzifəsinə təyin edilib. 2022-ci il sentyabr ayının 1-dən məktəbin direktor əvəzi vəzifəsini icra edir.
Gülnarə xanım məlumat üçün bildirdi ki, hazırda bu məktəbdə 751 şagird təhsil alır ki, onların elmi biliklərə yiyələnməsi və təlim-tərbiyəsi ilə 72 müəllim məşğul olur. Məktəbin nümunəvi müəllimlərindən Respublikanın əməkdar müəllimi Fatmaxanım Quliyevanın, «Tərəqqi» medalına layiq görülmüş Ülviyyə Osmanovanın, Zümrüd Qurbanovanın, Böyükxanım Məlikovanın, Ruhəngiz Qubadlının, Gülər Seyidovanın və digərlərinin adını çəkmək yerinə düşərdi. Məhz belə məsuliyyətli müəllimlərin əməyi sayəsində məktəbin məzunları qəbul imtahanlarında həmişə yüksək bal toplayırlar.
Burada kimya-fizika laboratoriyası və geniş akt zalı fəaliyyət göstərir. Məktəb bütün lazımı avadanlıqlarla, kompüter dəstləri ilə təmin olunub. Bu isə şagirdlərə elmi biliklərə daha dərindən yiyələnmələri üçün münbit şərait yaradır. Məktəbin psixoloqu Ayşə Ağayeva müəllim və şagirdlərlə vaxtaşırı lazımı söhbətlər edir, həyata daha cəsarətli, daha güclü tapınmağın həlli yollarını göstərməyə çalışır.
44 günlük Vətən müharibəsi ölkəmizin bütün gənc və yeniyetmələrinin milli vətənpərvərlik ruhunu daha da gücləndirib desək, yəqin ki, səhv etmərik. Quba məktəb-liseyində təhsil alan şagirdlər də məhz bu qəbildəndirlər. Burada Vətən müharibəsi şəhidlərinin xatirəsi hər zaman uca tutulur, tez-tez anım mərasimləri keçirilir, şəhid ailələri ilə görüşlər təşkil olunur. Zəfər bayramı ilə əlaqədar da silsilə tədbirlər keçirilir. Məktəbin yaddaqalan tədbirlərindən biri də məzun görüşləridir.
Məktəb-liseydə idmana da böyük diqqət yetirilir. Burada şagirdlərin peşəkar idmanla məşğul olmaları üçün hər cürə şərait yaradılıb. Məktəbin geniş idman zalı və bütün lazımı idman avadanlıqları şagirdlərin ixtiyarındadır. Ümidverici idmançılardan uğurlu nəticələri ilə məktəbin idman şərəfini ləyaqətlə qoruyan Ülvi Məmmədovu, Əlirza Zeynalovu və onun qardaşını nümunə göstərmək olar. Məktəbin şagirdləri arasında idmanın şahmat növü üzrə yüksək nəticə əldə edən idmançılar da çoxdur. Burada həmçinin incəsənətə, xüsusən də musiqiyə böyük maraq göstərilir.

G. Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 04.12.2022 » Oxundu: 159
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!