Əkinçilik Elmi Tədqiqat institutunun sınaq və təcrübə stansiyaları respublikamızın Gədəbəy, Ağstafa, Zaqatala, Şəki, Abşeron və digər rayonlarında fəaliyyət göstərir. Yem bitkilərindən daha səmərəli istifadə etmək və məhsul bolluğu yaratmaq üçün əvəzsiz xidmətləri olan bu stansiyalardan biri də Əkinçilik Elmi Tədqiqat İnstitutunun Kürdəmir rayon Təcrübə stansiyasıdır. Bir əsrdən artıq ömrü olan bu müəssisə 1916-cı ildən fəaliyyətə başlayıb. Burada əsasən buğda, arpa, yonca və sair yem bitkiləri üzərində elmi tədqiqat və təcrübə-sınaq işləri aparılır. Müəssisənin ərazisi 149 hektar sahəni əhatə edir ki, bunun da 1 hektarında müəssisənin inzibari binası və anbar yerləşir. Sahənin 55 hektarında arpa və buğda, 52 hektarında yonca əkilir. Müəssisənin bir hektarı isə təcrübə işləri üçün nəzərdə tutulub. Müəssisənin əsas iş prinsipi Şirvan ərazisində yem bitkilərinin məhsuldarlığını öyrənmək və toxumunu istehsal edib bölgü əsasında özəl toxumçülüq təsərrüfatlarına istehlak etməkdir. Müəssisə tərəfindən respublikanın bir çox fermerlərinə daha çox satılan məhsul isə elit və super elit buğda növüdür.
Müəssisənin müdiri Səday Məmmədovdur. Ali təhsilli aqronom olan Səday müəllim stansiyaya 2016-cı ildən rəhbərlik edir. Burada əsasən təcrübəli və peşəkar işçilər çalışır. Yay mövsümündə ehtiyac olduğu üçün stansiyaya müqavilə ilə yeni işçilər götürülür.
Stansiyanın işi haqqında ətraflı məlumat verən Səday müəllim onu da xüsusi vurğuladı ki, Əkinçilik Elmi Tədqiqat institutunun direktoru Faiq Xudayev müəssisənin işinə həmişə nəzarət edir, diqqət və qayğısını əsirgəmir. Birləşmiş təsərrüfatı idarə edən Asif müəllim də mövsümlə əlaqəli olaraq stansiyanın təsərrüfatına baş çəkir. Lazımı texnika ilə təmin edilən stansiyanın 2 ədəd traktor texnikası, həmçinin otbiçən, ot presi bağlayan və digər texnikası vardır.
Səday müəllim məlumat üçün bildirdi ki, Şirvan zonasında yoncanın ən məhsuldar növü Abşeron sortudur. Burada arpanın Qarabağ-22, buğdanın isə Qobustan sortundan istifadə edilir. Daha çox elit və super elit sortlarına müraciət olunur.
"Ümumiyyətlə, taxılçılıq ölkəmizdə ən çox inkişaf etmiş sahələrdən biridir. Taxıl məhsullarının bolluğu isə əhalinin rifahı üçün çox vacib amildir. Bu baxımdan yeni məhsuldar və keyfiyyətli sortların kəşfi və yetişdirilməsi üçün təcrübə stansiyalarının əhəmiyyəti böyükdür. Ərzaq məhsulları arasında ən əhəmiyyətli yerlərdən birini tutan ət və ət məhsullarının inkişafı da birbaşa yem məhsullarının bolluğu ilə bağlıdır. Çünki heyvandarlığın inkişafı yem məhsullarının bolluğundan asılıdır. Bu baxımdan təcrübə stansiyamızın üzərinə böyük məsuliyyət düşür. Əməkdaşlarımız bu məsuliyyəti gözəl anlayır və hər kəs öz işinə böyük ciddiyyətlə yanaşaraq üzərinə düşən işin öhdəsindən ləyaqətlə gəlməyə çalışır. bizim müəssisəmizdə heç kəs işin böyüklüyü və kiçikliyi haqqında düşünmür. Çünki bütün işlər demək olar ki, bir-biri ilə sıx surətdə bağlıdır və hər bir iş keyfiyyətli və mühitə davamlı məhsulların bolluğuna köklənib. Bir məsələni də vurğulamaq yerinə düşərdi ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə əldə etdiyimiz möhtəşəm qələbə torpaqlarımızın düşmən tapdağından azad olunmasını təmin etdi. Bu isə həm də yeni əkin sahələrinin, yeni tarlaların istifadəmizdə olması deməkdir. Daha çox əkib-becərmək, daha çox məhsul əldə etmək üçün sağlam və mühitə davamlı toxum sortlarının da yetişdirilməsi günün vacib məsələlərindən birinə çevrilib. Müəssisəmiz bu işin də öhdəsindən böyük həvəs və ruh yüksəkliyi ilə gəlir, qalib xalqımızın adına layiq məhsul növləri əldə etmək üçün bütün səy və bacarığını sərf edir" – söyləyir Səday müəllim.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 03.06.2022 » Oxundu: 2018
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!