Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Kürdəmir rayon komitəsinin sədri Samir Şükürov 1985-ci ildə rayonun Atakişili kəndində dünyaya gəlib. 2006-cı ildə Bakı Bədən Tərbiyəsi Akademiyasını bitirib və idman müəllimi olaraq əmək fəaliyyətinə başlayıb. Yunan-Roma güləşi üzrə müxtəlif titulların sahibi olan Samir müəllim zona və respublika yarışlarının çempionu adını qazanıb, həmçinin respublika yığma komandasının üzvü olub. Hər bir vətənpərvər Vətən oğlu kimi 2006-2007-ci illərdə ordu sıralarında xidmət edib. Əsgəri xidmətini şərəflə başa vurduqdan sonra Kürdəmir rayon Yenikənd tam orta məktəbində müəllimlik fəaliyyətini davam etdirib. 2009-cu ildən isə rayonun Təhsil şöbəsində Bədən tərbiyəsi və hərbi hazırlıq üzrə metodist işləyib. Ömrünün 2011-2024-cü illərində rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru vəzifəsində çalışıb. Samir müəllimin çalışqanlığı və rəhbərlik bacarığı sayəsində bu illər ərzində məktəb xeyli uğurlu nəticələr əldə edib. Həmçinin həmin illərdə rayonun idman məktəbləri voleybol üzrə respublika çempionu olublar.
Samir Şükürov 2024-cü ilin aprel ayında Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Kürdəmir rayon Komitəsinə sədr seçilib. Söhbətimiz zamanı gördüyü səmərəli işlər haqqında ətraflı məlumat verən Samir müəllim məlumat üçün bildirdi ki, hazırda komitənin 3 min 300 üzvü vardır. Burada hər bir üzvə həssaslıqla yanaşılır və hər zaman onlara maddi və mənəvi dəstək göstərilir. Komitə tərəfindən milli bayramlarımızın və ölkəmizə aid olan əlamətdar günlərin təntənə ilə qeyd edilməsi artıq bir ənənə halını alıb. Novruz bayramı, 8 Mart Beynəlxalq Qadınlar Günü, Müəllimlər Günü, Yeni il şənlikləri və s. bayramlara həsr edilmiş tədbirləri misal çəkmək yerinə düşərdi. Daha bir ənənəvi tədbir isə təhsil işçilərinin təqaüdə çıxması ilə bağlıdır. Təqaüdə çıxan müəllimlər komitə tərəfindən xüsusi hədiyyələrlə təntənəli şəkildə yola salınır.
Samir müəllim xüsusi olaraq bildirdi ki, komitə tərəfindən üzvlərin sağlamlığına daha çox diqqət yetirilir. Çünki sağlam bədən sağlam ruhun və səmərəli iş fəaliyyətinin təməl daşıdır. Odur ki, səhhətindən şikayətçi olan hər bir komitə üzvü ərizə ilə müraciət etdikdə mövcud şəraitin imkan verdiyi sayda müxtəlif sanatoriya və istirahət mərkəzlərinə göndərilir. 2024-cü ildə sanatoriyaya getmək üçün mürəciət edənlərdən 90 nəfəri ailəvi istirahət mərkəzlərinə göndəriş almışdır.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığı, milli ordumuzun şücaəti və xalqımızın əzmkar birliyi sayəsində əldə etdiyimiz Böyük Zəfərin təntənəsi yaddaşlarda dərin iz saldı. İndi böyükdən kiçiyə hər bir azərbaycanlı 30 ildən çox düşmən tapdağı altında qalmış və qəhrəman oğullarımızın qanı, canı bahasına işğaldan azad olunmuş Vətən torpağında igid oğullarımızın ucaltdığı müqəddəs bayrağımıza baxıb qürur hissi keçirir. Bu fərəhli anları bizə yaşadan şəhid oğulları ehtiramla anmaq, qazi və veteranlara layiq olduqları ehtiramı göstərmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Hazırda Kürdəmir təhsilində də 41 nəfər qazi, şəhid ailəsi və müharibə iştirakçısı vardır. Onlar hər zaman Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Kürdəmir rayon komitəsinin diqqət mərkəzindədirlər. Bütün bayramlarda, xüsusilə də Zəfər bayramında onların əməyi layiqincə qiymətləndirilməyə çalışılır və daha çox diqqət göstərilir.
Konfederasiyanın sədri Azad Paşayevin qazi və şəhid ailələrinə qarşı olan xüsusi diqqəti də nəzərəçarpacaq dərəcədədir. Bu il Novruz bayramında 10 şəhid ailəsinə Nabranda yerləşən Təhsil İstirahət Mərkəzinə 5 günlük ailəvi istirahətə göndəriş verməsi bu qayğının bariz nümunəsidir. Həmçinin 8 Mart Beynəlxalq Qadınlar Günündə də təhsil işçilərinin 20 nəfəri Qubada yerləşən Nazlı Bulaq mərkəzinə 2 günlük istirahətə göndərilmişlər.
Samir müəllim onu da qeyd etdi ki, bütün bu işlər rayon Təhsil sektorunun müdiri Rəfail Məmmədovun nəzarəti ilə həyata keçirilir. Rəfail müəllimin diqqət və qayğısından ruhlanan komitə daha səmərəli işlər görməyə çalışır və üzvlərin rifahının gündən-günə yüksəlməsi üçün bütün qüvvə və bacarığını sərf edir. "Ən böyük şərəf xalqa xidmətdir" – deyən Samir Şükürovun daha uğurlu nəticələr əldə edəcəyinə heç bir şübhəmiz yoxdur.

Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 14.04.2025 » Oxundu: 44
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!