Səhiyyə İşçiləri Azad Həmkarlar İttifaqı Xocavənd rayon şurasının sədri Nəzakət Quliyeva həkimlik fəaliyyətinə Xocavənd rayonunun Tuğ xəstəxanasında başlayıb. O özü də 1975-ci ildə bu kənddə dünyaya gəlib. Burada böyüyüb, boya-başa çatıb. Orta təhsilini başa vurduqdan sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub və ali təhsilini terapevt ixtisası üzrə bitirib. İnternaturanı Beyləqan rayon Mərkəzi Xəstəxanasında keçib. Elə o vaxtdan Tuğ və Yeni Tuğ xəstəxanasında işləyir. Bu xəstəxana 32 çarpayılıqdır. Xəstəxananın baş həkimi Küşvər Qaraşovadır.

Nəzakət xanım bacarıqlı bir həkim olmaqla yanaşı, həm də 2020-ci ildən SİAHİ Xocavənd rayon şurasının sədridir. Şura haqqında ətraflı məlumat verən Nəzakət xanım bildirdi ki, burada hər bir üzvə həssaslıqla yanaşılır və onların maddi və mənəvi dəstəyi hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, ərizə ilə müraciət edən hər bir üzvə mövcud şəraitin imkan verdiyi miqdarda maddi yardım edilir. Üzvlərin sağlamlığı isə hər zaman ən ümdə məsələlərdən olub. Odur ki, hər il ehtiyacı olan şura üzvlərindən bir neçəsi müalicə üçün müxtəlif istirahət mərkəzlərinə göndərilir.

Nəzakət xanım xüsusi olaraq qeyd etdi ki, şəhid ailələri hər zaman şuranın diqqət mərkəzində olub. Belə ailələrdən hətta himayəyə götürülmüş olanlar da vardır. Həmçinin qazilərə də bəzi maddi yardımlar edilir. Nəzakət xanım: "Qələbə ilə başa çatan Vətən müharibəsində canını bu Vətən, bu torpaq uğrunda fəda edən, döyüş meydanında böyük cəsarət nümayiş etdirən igidlərimizi unutmaq ən azı nankorluq olardı. Çünki bu zəfəri bizə öz qanları, canları bahasına məhz onlar yaşatdılar. 30 ildən sonra xalqımızın yurd həsrətinə son qoydular, işğal altında olan torpaqlarımızı düşmən tapdağından xilas etdilər. Ən əsası isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bizi məğlub xalqdan qalib xalqa çevirdilər. Bunun üçün biz hər zaman şəhidlərimizin xatirəsini əziz tutmalı, qazilərimizə, döyüşçülərimizə hörmətlə yanaşmalıyıq. Buna respublikamızın hər yerində olduğu kimi xəstəxanamızda da ciddi əməl olunur. Xəstəxanamızın baş həkimi Küşvər xanım bu qaydaya əməl olunmasını bütün tibbi heyətdən tələb edir. Bu isə onun yüksək insani keyfiyyətə malik, vətənpərvər, yurdsevər, təəssübkeş olmasını göstərir" – deyir.

Həmkarların sədri onu da qeyd etdi ki, Xocavənd rayon Mərkəzi xəstəxanası Publik huquqi şəxs olan direktor Kifayət xanım bizə həmişə yaxından köməklik göstərir.
Onu da qeyd etmək yerinə düşərdi ki, Nəzakət Quliyevanın bir terapevt kimi adını tutub xəstəxanaya müraciət edən xəstələrin də sayı az deyil. Bu uzun illər ərzində o, yüzlərlə xəstənin sağlamlığına qovuşmasına yardımçı olub, həyatını xilas edib. Həqiqətən də hər bir həkimin ən birinci işi insanların sağlamlığını qorumaq, yaranmış xəstəliklərin aradan qaldırılmasına vasitəçi olmaqdır. Nəzakət xanım da iş prinsipini məhz bu qaydalar əsasında qurur və hansı vəzifədə çalışmasından asılı olmayaraq hər zaman insanların sağlam həyat tərzi sürməsinə yardımçı olmağa çalışır.


Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 17.01.2022 » Oxundu: 498
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!