Ölkəmizdə təhsilin bütün sahələrinə hər zaman davamlı olaraq diqqət və qayğı göstərilir. Əmək bazarının inkişaf edən tələblərinə cavab vermək üçün respublikamızda peşə təhsilinin keyfiyyətinin aktuallığı da bu baxımdan təqdirəlayiqdir. Unutmaq olmaz ki, peşə məktəbləri məzunlar üçün təhsilin növbəti pillələrində uğura gedən yolun başlanğıcıdır. Oğuz Peşə Məktəbi də bu uğurlu yola qədəm qoymaq istəyənlər üçün yaradılmış nəcib vasitələrdən biridir. Oğuz rayon təhsilində əhəmiyyətli mövqeyə malik olan məktəb 1960-cı ildən fəaliyyətə başlayıb. Hazırda məktəbə Ceyhun Kərimov rəhbərlik edir. Ceyhun Kərimov 1979-cu ildə Qərbi Azərbaycanda dünyaya göz açıb. O, qədim və ulu Gəncədə fəaliyyət göstərən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının məzunudur. Ali təhsilini başa vurduqdan sonra bir çox sahələrdə çalışan Ceyhun müəllim 2020-ci ildə Oğuz Peşə Məktəbində müəllim kimi əmək fəaliyyətini davam etdirib. O, 2024-cü ildən isə bu məktəbdə direktor əvəzidir. Məktəbdə hazırda 17 qrup olmaqla, 307 tələbə və 24 pedaqoji heyət vardır. Nümunəvi müəllimlərdən tədris-təlim üzrə direktor müavini Günay Haşımovanın, Metodbirləşmənin rəhbəri Günel xanımın, baş usta Pərviz Salamovun, İmran Qasımovun və başqalarının adını çəkmək yerinə düşər. Məktəbdə bərbər, kompyuterçi, telekommunikasiyada kompyuter texnikasının operatoru, kompyuterlərin təmiri üzrə texnik, elektrik avadanlıqlarının təmiri, avtomobil elektrik ustası, avtomobillərin diaqnostikası və təmiri, geniş profilli traktorçu və maşinist təmiri, dayə, aşpaz və başqa ixtisaslar tədris edilir. Ceyhun müəllim qeyd etdi ki, məktəbin torpaq ərazisi, yəni yardımçı təsərrüfatı 1,5 hektarı məktəb istifadə edir.10 hektari mübahisəli məhkəmə şəraitində olduğu üçün hələ ki, ondan keyfiyyətli şəkildə istifadə etmək mümkün deyil. "Son illərdə məktəbdə qismən də olsa təmir işləri aparılıb. Məktəb tərəfindən işə götürənlərə müraciət olundu və sağ olsunlar, müraciətimizi qəbul etdilər və məktəbdə təmir işləri görüldü. Ümumiyyətlə, peşə təhsilinin inkişafına ölkəmizdə hər zaman diqqət göstərilib. Ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla Agentliyin əvvəlki rəhbəri Ceyhun Kərəmovun, hazırkı rəhbərimiz İlqar Bayramlının xüsusi dəstəyini hər zaman hiss etmişik. Bu isə bizi daha məsuliyyətli olmağa və daha səylə çalışmağa ruhlandırır" –  deyir Ceyhun Kərimov. Məlumat üçün onu da deyək ki, məktəb 40-a yaxın kompyuter dəsti, soyuducu, elektrik avadanlıqları, bərbər qrupları üçün güzgü, mebel, yeni partalar və lazımlı avadanlıqlarla təchiz olunub. Bütün bunlar isə tədrisin keyfiyyətinə və işin daha uğurlu olmasına öz müsbət təsirini göstərməkdədir. Ümumiyyətlə, peşə təhsili müəssisələri müəyyən bir sahədə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edən  təhsil pilləsidir. Tələbələr burada peşə və texniki bilikləri, bacarıqları və səriştələri əldə edirlər. Sənət qəbulu orta məktədən sonra həyata keçirilsə də, burada müxtəlif yaş qrupundan olan gənclərin təhsil alması üçün hər cürə şərait və imkanlar yaradılmışdır. Sevdikləri ixtisası seçərək onu peşəkarlıq səviyyəsində öyrənə bilmələri üçün bu imkanlardan istifadə edərək öz gələcəklərini qurmaq isə gənclərin öz əllərindədir.

Gülağa CƏFƏROV,

Kesmiş SSRİ və Azərbaycan  Jurnalistlər

Birliklərinin uzvu

Daxil olundu: 19.02.2026 » Oxundu: 3984
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!