Gənclik böyük qüvvədir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar. Çünki gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Dünyada gedən prosesləri düzgün qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər vətənimizi uğurlu gələcəyə aparmaq üçün əvəzsiz vasitədir. Hər bir inkişafda gənclərin aparıcı rolunun olduğunu danmaq olmaz. Gənclərin inkişafına yardım edən hər bir dövlət bununla öz işıqlı gələcəyini təmin etmiş olur. Cəmiyyətin gələcəyinin gənclərlə bağlı olduğunu haqlı olaraq düşünən dövlətlərdən biri də ölkəmizdir. Hər il fevral ayının 2-nin ölkəmizdə Gənclər Günü kimi qeyd olunması bunun bariz nümunəsidir. Müstəqil Azərbaycanda məqsədyönlü gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin imzaladığı bir çox sərəncamlar zamanında gənclər hərəkatının hərtərəfli inkişafına geniş imkanlar yaradıb. Müasir dövrümüzdə də Azərbaycan dövləti, ölkə Prezidenti İlham Əliyev gənclər üçün böyük işlər görür, gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Artıq ölkəmizdə yüksək intellektual səviyyəyə, yüksək vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Belə gənclərdən biri də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Gülər Abdullayevadır.
Gülər xanımın ən böyük uğurlarından biri 2017-ci ildə keçirilən Respublika müsabiqəsində "İlin fəxri gənci" seçilməsidir. Bu münasibətlə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova Gülər xanımı fəxri fərmanla təltif edib.
Gülər xanım 1990-cı ildə dünyaya göz açıb. 2014-cü ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib və təyinatla İsmayıllı rayon Heydər Əliyev Mərkəzində işləyib. 2017-ci ildə MİHİ İsmayıllı rayon Komitəsinə sədr seçilib.
Hazırda komitənin 332 üzvü vardır. Gülər xanım söhbətində qeyd etdi ki, komitə olaraq işlərimizi üzvlərimizin hüquqlarının qorunması, rifahının artırılması və milli dəyərlərimizin yaşadılması istiqamətində qurmağa çalışırıq. O, həmçinin komitənin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına maddi-mənəvi dəstəyindən, bu istiqamətdə dövlətin bütün çağırışlarına adekvat münasibətindən söz açdı.
Təxminən bir il əvvəl Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı rayon Komitəsi İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirdiyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Qələbəmizin rəngləri" adlı rəsm müsabiqəsi Vətənin qəhrəman oğullarına verilən dəyərin nümunəsidir. Komitənin rayonun Gənclər və İdman idarəsi ilə birgə keçirdiyi tədbirlər də təqdirəlayiqdir.
Gülər xanım daha ətraflı məlumat verdi ki, təəssüf ki, üzvlərin arasında müxtəlif xəstəliklərlə mübarizə aparanlar, onkoloji xəstələr də vardır ki, onlar da daima komitənin nəzarətindədir və köməklik göstərilir. Ərizə ilə müraciət edənlər Həmkarların xətti ilə müxtəlif istirahət mərkəzlərinə göndərilirlər. Bundan başqa maddi yardıma ehtiyacı olanlara da yardım edilir. Həmçinin komitə üzvlərinin ali təhsil ocaqlarına daxil olan övladlarına da maddi dəstək olunur.
Yaşla əlaqəli təqaüdə çıxanların təntənəli şəkildə yolasalma mərasimi yaddaqalan tədbirlərdəndir. Burada milli bayramlarımızdan olan Novruz bayramı, Yeni il, Qurban bayramı, Ramazan bayramı, 8 Mart Beynəlxalq Qadınlar bayramı və digər əlamətdar günlərə həsr edilmiş tədbirlər təntənəli şəkildə qeyd edilir.
Ötən il MİHİ İsmayıllı rayon Komitəsi Salyan rayon Komitəsinin birgə təşkilatçılığı ilə yardım aksiyası keçirib. Müqəddəs Ramazan bayramı münasibəti ilə üzvlərinə, eləcə də aztəminatlı ailələrə ərzaq paylanıb.
Şəhid ailələri ilə keçirilən görüşlər isə mütəmadi xarakter daşıyır. Bu görüşlər zamanı ehtiyacı olanlara mənəvi dəstəkdən başqa maddi yardımlar da edilir.
Gülər xanım fəal ictimaiətçi, bacarıqlı rəhbər olmaqla yanaşı, həmçinin evinin məsuliyyətli xanımı, iki övladının qayğıkeş anasıdır. O, övladlarını da bu vətən, xalq üçün layiqli bir şəkildə tərbiyə edir və cəmiyyətimiz üçün yararlı vətəndaşlar kimi yetişdirməyə çalışır. Uğurlar olsun, Gülər xanım.
Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü