Böyük Qafqaz silsiləsinin cənub yamacında yerləşən, dağların və meşələrin əhatəsində yaşıllıqlara qərq olmuş İsmayıllı rayonu Azərbaycanın ən dilbər guşələrindən biridir. Şirvanın bir hissəsi olan bu diyarın ərazisi Şimali Azərbaycanın bütün torpaqları kimi, Qafqaz Albaniyasının tərkibində olub. Burada müxtəlif dövrlərə aid çoxlu sayda qədim abidələr var. Qız qalası, Cavanşir qalası, Diyarşünaslıq muzeyi, Heydər Əliyev parkı, Bado-Basqal turizm zonası, Basqal kəndi, Lahıc və s. yerlər rayonun turistləri daha çox cəlb edən məkanlarındandır.
İsmayıllının ərazisi müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün çox münasibdir. Burada ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və s. turizm növləri üçün geniş potensial mövcuddur. Bölgənin turizm imkanlarının daha da genişləndirilməsi üçün aidiyyəti təşkilatlar əllərindən gələni əsirgəmirlər və bu dilbər guşənin təbliğini özlərinin vətəndaşlıq borcu hesab edirlər. Bu şərəfli işin bir məsuliyyəti də İsmayıllı rayon Kommunal Müəssisələr Kombinatının üzərinə düşür. Çünki unutmaq olmaz ki, evə gələn hər hansı qonağı qarşılamaq üçün görülən işlərdən biri, bəlkə də birincisi təmizlik, səliqə-sahmandır. Axı bütün gözəlliklər məhz təmizlikdən, səliqə-sahmandan başlayır. Bu mənada Kommunal Müəssisələr Kombinatının məsuliyyəti ölçüyəgəlməzdir.
Kombinatın rəisi Zaur Ağayev son aylarda görülmüş işlərdən söhbət açaraq bildirdi ki, şəhər ərazisindəki ağaclar aqrotexniki qaydada budanmış və dibləri bellənmiş, müxtəlif çeşiddə qızılgül kolları, dekorativ bəzək bitkiləri əkilmişdir. Mədəniyyət və istirahət parklarındakı qazon örtüyü ləğv edilərək yenidən bərpa edilmiş, yaşıllıq zolaqlarının suvarılması üçün müxtəlif ölçülü plastik borular və şlankların sayı artırılmışdır. Yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar yaşıllıqların yanmaması üçün əlavə su maşınları cəlb edilmiş və qrafik əsasında növbətçilik yaradılmışdır. İri gövdəli ağacların budanmasından əldə edilmiş oduncaqlar kombinatda çalışan imkansız işçilərə təminatsız verilmişdir.
İl ərzində vaxtaşırı olaraq ümumyaşayış binalarının tüstü bacalarının təmizlənməsi, dam örtüklərində cari təmir işləri, pəncərələrin, suötürücü navalçaların, pilləkən meydançalarının təmiri, binaların ətrafında abadlıq, səliqə-sahman tədbirlərinin həyata keçirilməsi də müəssisənin gördüyü əsas işlərdəndir.
Yanğın təhlükəsi baxımından qış aylarında qəza vəziyyətinin yaranmaması üçün ehtiyatlı davranmaq bütün sakinlərin borcudur. Zaur müəllim bildirdi ki, bütün bunları nəzərə alaraq kommunal yaşayış evlərində yerləşən mənzillərə Dövlət Yanğın Təhlükəsizlik Xidməti əməkdaşları ilə birlikdə vaxtaşırı reydlər keçirilir və sakinlərlə təhlükəsizlik qaydalarına əməl olunması sahəsində izahat işləri aparılır. Eyni zamanda kommunal yaşayış evlərində yaşayan sakinlərdən daxil olan şifahi şikayət və digər məzmunda müraciətlərlə əlaqədar lazımı tədbirlər də görülür.
"Müəssisəmizin ən əsas işi isə şəhərin təmizliyi, abadlığı, səliqə-sahmanı ilə bağlıdır. İşçilərimiz bu işin öhdəsindən məharətlə gəlir və şəhərimizin hər zaman təmiz olması üçün əllərindən gələni əsirgəmirlər. İstər respublikamızın müxtəlif bölgələrindən, istərsə də dünyanın ayrı-ayrı ölkələrindən gələn turistlərin gözünü-könlünü oxşayan gözəlliklərlə yanaşı, təmizlik, səliqə-sahmanın da böyük əhəmiyyət kəsb etdiyini unutmuruq və hər zaman öz işimizə qarşı böyük məsuliyyətlə yanaşırıq" – söyləyir Zaur Ağayev.

Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 16.01.2025 » Oxundu: 123
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!