26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Mirzə İbrahimov adına Kitab Fondu İctimai Birliyinin təşkilatçılığı ilə “Çağdaş Güney Azərbaycan ədəbiyyatı nümunələrinin transliterasiyası, redaktəsi və nəşri” layihəsi çərçivəsində çap edilmiş “Günümüzün Güney Ədəbiyyatı Antologiyası. Poeziya” adlı kitabın təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dos.dr Esmira Fuad açaraq “Günümüzün Güney Ədəbiyyatı Antologiyası. Poeziya” adlı 1032 səhifə həcmində möhtəşəm bir nəşrin ərsəyə gəlməsinin əhəmiyyətini, Azərbaycan kitabşünaslığına, Güneyşünaslığa sanballı töhfə olduğunu qeyd etdi. E.Fuad kitabın ərsəyə gəlməsində istifadə etdiyi mənbələr və Antologiyanın yaranma səbəbləri barəsində məlumat verdi. Tərtibçi-müəllif qeyd etdi ki, 114 şairi özündə ehtiva edən 1032 səhifəlik önəmli bir kitabın təqdimatı tarixin səhifələrində izi qalacaq bir hadisə olacaq. Bu hadisə gerçəkdən Güneyimiz adına, Azərbaycan ədəbiyyatının keşiyində duran və möhtəşəm bir ədəbiyyat yaradan güneyli şair və yazarlarımız adına açılan parlaq bir səhifədir. Antologiyaya İran İslam İnqilabından sonra ədəbiyyata gəlmiş Cənubi Azərbaycan şairlərinin ana dilində fərqli janrlarda və fərqli üslublarda qələmə aldıqları əsərlər daxil edilmişdir. Bu əsərlər günümüzün Güney poeziyasında baş verən ədəbi proseslərin incəliklərini yaxından izləmək, yazarların dünyaya, ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından olduqca diqqətəlayiqdir. O, tədbir iştirakçılarına və gələcək oxucularına üz tutaraq əlavə etdi ki, antologiyada Siz poeziya örnəklərinin nə qədər böyük məhəbbətlə, yüksək poetik ustalıq və yeni nəfəslə qələmə alındığını görəcək, hadisələrə, tarixi olaylara, dünənə və bu günə, insanın duyğu və düşüncələr aləminə, sevgi dünyasına orijinal, bir-birini təkrarlamayan poetik baxışın, şeir sənətinə özəl yanaşmanın şahidi olacaqsınız... Və bu özəl baxışın, fərqli yanaşmanın orta və ali təhsilini ana dilində deyil, fars dilində alan yazarlar tərəfindən sərgiləndiyini bildikdə, təbii ki, təəccüblənəcəksiniz. Çünki onların - Güney Azərbaycan türklərinin yaşadıqları əzəli-əbədi ana yurdlarında, İranda əhalinin böyük əksəriyyətini təşkil etmələrinə baxmayaraq ana dilində-doğma türkcədə nə məktəbləri, nə dərs kitabları, nə ilk, orta və ali təhsilləri, nə də iş yerləri olub. Yad dildə danışan, bu dildə oxuyub bütün iş həyatını quran qələm adamlarının bu möhtəşəmlikdə ədəbiyyat yaratmaları, bircə kəlmə ilə desəm, əsl möcüzədir!!!
Bir də 114 şairin əsərlərini qapsayan bu möhtəşəm antologiyanı digərlərindən fərqi ən çağdaş dövr Güney ədəbiyyatını içərməsi və yazarlarla tanışlığın tam olmasına çalışdığım üçün əsərlərini çox sayda verməyimiz və onların ömürlüyü ilə yanaşı, foto şəkillərinin də sunulmasıdır... Əziyyəti çox oldu, bütün yayı istirahət etmədən, bir az mübaliğəli desəm, nəfəs belə çəkmədən işlədim, amma sonuc onurverici və çox gözəldir!... Yardım edənlərin hamısına sonsuz təşəkkürlərim var!!!

Mirzə İbrahimov adına Kitab Fondu İctimai Birliyi

Daxil olundu: 01.11.2018 » Oxundu: 1566
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!