Şəki rayonunda fəaliyyət göstərən yerli özününüidarəetmə orqanı olan Baş Zəyzid Bələdiyyəsi inzibati ərazi olaraq Baş Zəyzid bələdiyyəsi və Vərəzət kəndlərini əhatə edir. İnzibati mərkəz isə Baş Zəyzid kəndində yerləşir. Bələdiyyənin sədri Razi Məmmədovdur. Razi müəllim 7 noyabr 1996-cı ildə Baş Zəyzid kəndində anadan olub. 2014-cü ildə orta məktəbi bitirib və elə həmin il Lənkəran Dövlət Universitetinə qəbul olub. 2018-ci ildə universiteti Mühasibat uçotu və audit ixtisası üzrə başa vurub. Əmək fəaliyyətinə bələdiyyə sahəsində başlayan Razi müəllim 2020-ci ildən Şəki Bələdiyyəsində proqramçı işləyib. 2022-ci ildə bələdiyyədə vergi şöbəsinin müdiri kimi işini davam etdirib. 2025-ci ildə keçirilən bələdiyyə seçkilərində Baş Zəyzid Bələdiyyəsinin sədri seçilib.  Hazırda bu kənd Vərəzət kənd bələdiyyəsi ilə birləşib və hər iki kəndin birlikdə 7 min 870 nəfər əhalisi vardır. Bələdiyyənin gördüyü iş haqqında məlumat verən Razi müəllim bildirdi ki: "Bildiyimiz kimi bələdiyyə qanunla və ya beynəlxalq müqavilələrdə müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyələrin maliyyə vəziyyətindən asılı olaraq öz ərazisində həll etməli olduğu məsələlər Bələdiyyə yollarının tikilməsi və saxlanılması, mərasim xidmətlərinin təşkili, aztəminatlı şəxslərin dəfn və yas mərasimlərinin təşkilinə yardım, qəbiristanlıqların qorunub saxlanılması, şəhid və qazi ailələrinin sosial təminatına dəstək verilməsi, əhalinin məşğulluğuna kömək, yaşayış binalarının saxlanılması və istifadəsi, ərazinin yaşıllaşdırılması və abadlaşdırılması, ekoloji tədbirlərin keçirilməsi və s.-dən ibarətdir. Öz mülkiyyəti və yerli büdcəsi olan bələdiyyələrin büdcəsi vətəndaşdan yaşayış və qeyri-yaşayış sahələrinə görə yığılan əmlak vergisi və torpaq sahəsinə görə alınan torpaq vergisi hesabına formalaşır. Ödənişlər isə məcburidir. Daha bir faktı da qeyd etmək yerinə düşər ki, hər bir sakinin bələdiyyənin gördüyü işin hesabatı ilə tanış olmaq hüququ vardır". Razi müəllim son dövrdə Baş Zəyzid kənd bələdiyyəsində görülən işlərdən də danışdı. Bildirdi ki, kənd ara yolları və evlərə keçid yolu qaydaya salınıb,  qəbiristanlıq təmizlənərək abadlaşdırılıb, 2 körpü təmir olunub, qurumuş və aşmaq təhlükəsi olan ağaclar kəsilib. Güclü yağış nəticəsində xarab olmuş su drenajlarının təmir olunması da son günlərdə görülmüş işlər siyahısındadır. Həmçinin aztəminatlı ailələrə odun və digər yardımlar edilib. Bələdiyyə tərəfindən yaxın gələcəkdə Baş Zəyzidin girişindən kəndin sonuna kimi olan məsafədə işıqlandırma işlərinin aparılması və yol kənarlarını yaşıllaşdırmaq məqsədi ilə ağac əkilməsi, həmçinin 1 körpünün təmir olunması nəzərdə tutulub. Sədr rəhbərlik etdiyi bələdiyyənin DSF-yə olan borclarından da danışdı və qeyd etdi ki, bu borcları yavaş-yavaş ödəyirik. Baş Zəyzik kəndinin Qarabağ savaşında qəhrəmancasına şəhid olmuş 9 övladı vardır. Kənd sakinləri öz şəhidlərini hər zaman əziz tutur və vaxtaşırı onların xatirəsini ehtiramla yad edirlər. Şəhidlərin adını əbədiləşdirmək üçün bu kənddə onların  xatirəsinə möhtəşəm bir abidə kompleksi yaradılıb. Bu isə gənc nəslin vətənpərvər bir ruhda tərbiyə olunması üçün ən gözəl vasitələrdən biridir.

Gülağa CƏFƏROV,

Keçmiş SSRİ və

Azərbaycan  Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 11.07.2026 » Oxundu: 139
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!