
"Neftçala Su-meliorasiya Sistemləri İstismarı İdarəsi rayon ərazisində 38.158 hektar əkin sahəsinin suvarılmasını, 212 nəfər abonentə kanalizasiya və çirkab suların axıdılmasını, 8964 abonentin içməli su ilə təchizatını təmin edir. İdarə qeyd edilən xidmətləri göstərmək üçün balansında olan suvarma sahəsi üzrə 46 ədəd, içməli su sahəsi üzrə 7 ədəd, kanalizasiya xidmətləri üzrə 6 ədəd nasos stansiyadan, 1026,25 km. suvarma kanallarından və onların üzərində yerləşən 1394 ədəd HTQ-dan, 43 sutəmizləyici moduldan, 563 bulaqdan və 156,9 km. içməli su şəbəkəsindən istifadə edir.
Aparılan meliorativ tədbirlər nəticəsində əkin sahələri normal qaydada suvarılır. Rayonda fəaliyyət göstərən fermerlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Neftçala Suvarma Sistemləri İdarəsi tərəfindən mütəmadi olaraq tədbirlər görülür. Suvarma mövsümü öncəsi kanallarda lildən təmizlənmə işləri aparılır, hidrotexniki qurğular və nasos stansiyaları ilə təmir olunur. Ümumiyyətlə, rayonda suvarılan torpaq sahəsi 38158 hektardan artıqdır. Hazırda rayonda suvarma işləri nasos stansiyaları ilə yanaşı kanal-nov sistemi ilə də aparılır". Bu məlumatları Neftçala Suvarma Sistemləri İdarəsinin Sudan istifadə üzrə mühəndisi Təbriz Eyyubov bildirdi.
Ümumiyyətlə, Neftçala rayonunda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Rayon ərazisində əkilən müxtəlif növ bitkilərdən hər il kifayət qədər məhsul əldə edilir. Məhsuldarlığın ildən-ilə artması isə suvarılmanın mətəşəkkil aparılmasından birbaşa asılıdır. Bunun üçün də Neftçala Suvarma Sistemləri İdarəsinin bütün kollektivi hər zaman böyük məsuliyyətlə çalışır. Suvarma mövsümünə qədər bütün nasos stansiyalarında təmir işlərinin aparılaraq hər birinin saz vəziyyətə gətirilməsi vacib məsələlərdən biridir. Rayonun kənd təsərrüfatında əsasən pambıq, dənli bitkilər, yem bitkiləri və s. əkilib yetişdirilir. Rayonun əsas su mənbəyi isə Kür çayıdır və hər il bu çaydan 83 milyon kub.metr su qaldırılaraq əkin sahələrinə ötürülür. Suvarma suyunun su istifadəçilərinə itkisiz və daha sürətlə çatdırılması üçün idarənin xidmətində olan latok sistemi demək olar ki, tamamilə yenilənib. Yeni növ kanallar təkcə yeni görkəmi ilə seçilmir, həm də suvarma suyunu istifadəçilərə vaxtında çatdırmaq imkanına malikdir.
Tanışlıq üçün deyək ki, Təbriz Mərifət oğlu Eyyubov 1980-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsində dünyaya gəlib. 1998-ci ildə Neftçala şəhər 1 saylı tam orta məktəbin 11-ci sinfini bitirib və elə həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndislik fakültəsinə qəbul olub. 2002-ci ildə universiteti bakalavr dərəcəsi üzrə bitirib. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. Təbriz müəllim ilk əmək fəaliyyətinə 2004-cü ildə Neftçala Suvarma Sistemləri İdarəsində mühəndis-topoqraf vəzifəsi ilə başlayıb. Sonralar həmin idarədə müxtəlif vəzifələrdə – laboratoriya müdiri, SİB-nə Rayon Dəstək Qrupunun rəhbəri və s. işləyib. Hazırda bu idarədə Sudan istifadə üzrə mühəndis vəzifəsində çalışır. İşlədiyi müddətdə 2010-cu ildə Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi tərəfindən, 2022-ci ildə isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov tərəfindən çoxillik fəaliyyətinə və vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyinə görə fəxri fərmanla təltif edilib.
2010-cu ildə kompyuter və 2022-ci ildə Hidrometriya üzrə kurslarda iştirak edərək sertifikat alıb. 2004-cü ildən YAP-ın üzvüdür. 2004-cü ildən seçkilərdə 7 saylı MnSK-da üzv kimi fəaliyyətə başlayıb. 2008-ci ildən isə Neftçala Suvarma Sistemləri İdarəsində yerləşən və hazırda 11 saylı adlandırılan MnSK-da sədr vəzifəsində çalışır.
Söhbəti apardı: Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü