Dünya mütəfərrikləri arasında xüsusi çəkisi olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin məşhur kəlamı bu günümüz də üçün keçərli və aktualdır: "Ucalmaq istəsən bir kamala çat. Kamala ehtiram göstərir həyat!". Həqiqətən bu, çox böyük həqiqətdir. Bütün dövrlərin ağıla, kamala böyük ehtiyacı olub. Onu əldə etməyin yeganə yolu isə kitablardır. Kitab böyük xəzinədir. Bu xəzinəyə və ehtirama sahib olmaq üçün oxumaq, kitablardan istifadə etmək ən doğru yoldur. Qazax rayon Mərkəzi Kitabxana Sistemi də bu müqəddəs məqsədə xidmət edən qocaman bir elm, ədəbiyyat və mədəniyyət məkanıdır. Kitabxananın direktoru Fəridə Xudiyevadır. 1991-ci ildə Qazaxda dünyaya gələn və Azərbaycan Pedaqoji Universiteti filologiya fakültəsinin məzunu olan Fəridə xanım 2017-ci ildən kitabxana sistemində çalışır. 2022-ci ildən isə kitabxanaya direktor təyin edilib. "Hələ uşaqlığımdan kitablara böyük marağım olub. Kitab oxumağı hər zaman çox sevmişəm. Bədii əsərlərə olan marağım müəyyən bir yaş həddinə çatdıqdan sonra peşə seçimində məni doğru bir səmtə yönləndirdi. Mən mütaliəyə olan marağım sayəsində kitabxanada işləməyə qərar verdim. Bu gün qətiyyətlə deyə bilərəm ki, seçimimdə heç də yanılmamışam. Əksinə, bu peşəyə olan sevgim zaman keçdikcə daha da artır. Burada kitablarla birbaşa təmasda olmağım, onların qeyri-adi ab-havasını hiss etməyim, özünəməxsus qoxusunu duymağım, sözün əsl mənasında, məni xoşbəxt edir" – söyləyir Fəridə xanım. Fəridə xanım həmçinin Qazax rayon Mərkəzi Kitabxana Sistemi haqqında da məlumat verdi. Qeyd etdi ki, Rayon Mərkəzi kitabxanası 35 filialdan ibarətdir. Onlardan 4-ü şəhər kitabxanası və 31-i isə kənd kitabxanasına aiddir. Kitabxananın yeni avadanlıqlarla təmin olunması oxucuların rahatlığını təmin edən vasitələrdən biridir. Bəlkə elə buna görə də Oxu zalındakı insanların sayı gündən-günə artır. BDU-nin Qazax filialının və Sosial-iqtisad kollecinin rayonda yerləşməsi də oxucu sayının artımına səbəb olan amillərdəndir. Fəridə xanım kitabxanın yaranma tarixindən söz açdı: "Qazax rayon MKS 1945-ci ildən fəaliyyət göstərir. 1980-ci ildən Mərkəzləşdirilmiş Kitabxana Sisteminə keçib. Kitabxanada rus və Azərbaycan bölmələri fəaliyyət göstərir. Burada, həmçinin elektron kitabxana bölməsi də vardır və daimi internetlə təmin olunub. İl ərzində 3-4 mindən çox oxucu kitabxananın xidmətindən yararlanır. Kitabxanaya müraciət edənlərin əksəriyyəti universitet və kollec tələbələridir. Onların burada bədii ədəbiyyatla yanaşı, dərsliklərdən də istifadə etmək imkanı vardır. Kitabxanaya mütəmadi olaraq ölkə başçısının müvafiq fərmanı ilə ana dilimizdə latın əlifbası ilə çap olunmuş 500-dən çox dünya ədəbiyyatı seriyasına aid kitab gətirilir. Burada oxucular həm rus, həm də Azərbaycan şöbəsindən istifadə edə bilirlər. Son dövrlərdə oxusular elektron kitabxana şöbəsindən daha çox istifadə edirlər. Bu isə zamanla ayaqlaşmağın ən optimal yoludur. Sevindirici hal odur ki, kitablara olan maraq əvvəlki illərə nisbətən xeyli artıb. Sanki oxucular kitabların insan həyatında olan rolunu daha aydın görməyə və onların əhəmiyyətini düzgün dəyərləndirməyə başlayıblar. Bir kitabxanaçı olaraq bütün bunlara sevinməyə bilmərəm. İnanıram ki, kitablara, mütaliəyə olan maraq gələcəkdə daha da artacaq və hər kəs kitabdan yaxın dostun olmadığının fərqinə daha dərindən varacaqdır".
Gülağa CƏFƏROV,
keçmiş SSRİ və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
