Elm və Təhsil İşciləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri Donara Həsənova uzun illərdir ki, təhsil sahəsində çalışır. O, 1960-cı ildə Qazaxda anadan olub. Burada böyüyüb boya-başa çatan Donara xanım orta təhsilini də müvəffəqiyyətlə başa vurduqdan sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olub. 1986-cı ildə ali təhsilini bitirib və təyinatla doğma Qazaxa dönərək rayon Təhsil şöbəsində aparıcı məsləhətçi vəzifəsində işə başlayıb. 37 il rayonun Təhsil şöbəsində çalışan Donara xanım 2023-cü ilin aprel ayında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinə sədr seçilib. Donara xanımın təcrübəli təhsil işçisi olmasının müsbət nəticəsi idi ki, o, ilk günlərdən özünü bacarıqlı mütəxəssis və səriştəli rəhbər kimi göstərməyi bacardı. Bəlkə rayon təhsil sektorunun işçi heyətini tanıması onun kollektivlə az bir zaman kəsiyində əsl dostluq münasibətləri qurmasına səbəb oldu. burada hər bir üzvə xüsusi həssaslıq və qayğı ilə yanaşılır. Bu isə üzvlərin komitəyə olan inam və güvənini daha da artırır. Hazırda rayon təhsil sektorunda 2 min 440 nəfər komitə üzvü vardır. Onların hər biri demək olar ki, komitənin fəaliyyətindən müəyyən mənada yararlana bilirlər. Komitənin ənənə halını almış xüsusiyyətlərindən biri məlum yaş həddinə çatmış müəllim və digər təhsil işçilərinə göstərilən hörmət və ehtiramdır. Təqaüdə çıxan müəllimlər təntənəli şəkildə yola salınır, onlara fəxri fərman və xatirə hədiyyələri təqdim edilir. Yola salındıqdan sonra da onlarla əlaqə kəsilmir və müəyyən vaxtlarda vəziyyətləri, səhhətləri ilə maraqlanılır. Bu il komitənin rəhbərliyi təqaüddə olan 85 yaşlı Bəsti müəllimə baş çəkib. Bu ziyarət Bəsti müəllimi çox sevindirib. Komitə tərəfindən qocaman pedaqoqa gül buketi və xatirə hədiyyəsinin verilməsi Bəsti müəllimə duyğulu anlar yaşadıb. Donara xanım öz söhbətində bildirdi ki, çox geniş və müxtəlif profilli olan komitənin fəaliyyət dairəsinə İttifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının qorunması, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, mədəni-kütləvi, idman və maarifləndirici tədbirlərin təşkili, gənc müəllimlərin və gənc üzvlərin dəstəklənməsi, ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və s. aiddir. Həmçinin komitə üzvlərinin sağlamlığı da əsas diqqət mərkəzində olan amillərdən biridir. Buna görə də fəaliyyət istiqamətimizin bir xətti də üzvlərin istirahət və sanatoriya-kurort yollayışlarının təmin olunmasıdır. Məhz buna görə də ərizə ilə müraciət edən hər bir komitə üzvünün yaşayış tərzi nəzərə alınaraq yardımlar olunur və həqiqətən ehtiyacı olanlar müxtəlif sanatoriya və istirahət mərkəzlərinə göndərilir. Donara xanım və Seymur müəllim qeyd etdilər ki, bu il ərizə ilə baş idarəyə müraciət edənlərin hər biri müxtəlif istirahət zonalarına gedə biliblər. Bu isə komitənin öz üzvlərinin sağlamlığına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Donara xanım onu da bildirdi ki, komitə tərəfindən ölkəmizə xas olan bayram və əlamətdar günlər təntənəli şəkildə qeyd olunur. Belə yaddaqalan tədbirlərdən Beynəlxalq Müəllim Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Qurban bayramı, Müstəqillik Günü, ən əsası isə 44 günlük Vətən müharibəsində igid ordumuzun yenilməzliyi və Ali Baş Komandanımızın sərkərdəlik bacarığı ilə əldə edilən möhtəşəm qələbəmizin şərəfinə qeyd edilən Zəfər Günü və sairədir. Bundan başqa komitə tərəfindən xalqımızın hüzn günlərini, milli matəmləri də yaddan çıxmır. 20 Yanvar hadisələrinə, Xocalı soyqırımına, 27 Sentyabr Anım Gününə və s. həsr edilmiş tədbirlərdə də komitə üzvləri böyük məsuliyyət və şəhidlərimizin xatirəsinə hörmət və ehtiram hissi ilə iştirak edir, o günlərin acısını bir daha yaşamaqla bugünkü azadlığımızın və müstəqilliyimizin heç də asan əldə olunmadığını bir daha yada salırlar. "Bütün bu işləri həyata keçirməkdə rayon Təhsil sektorunun müdiri İslam Carçıyev yaxından köməklik göstərir. Həmçinin Respublika Həmkarlar Konfederasiyasının sədri Sahib Məmmədova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayev cənablarına diqqət və qayğıları üçün dərin minnətdarlığımızı bildirik" – söyləyir Donara Həsənova.
Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
