“Azərişıq” ASC-nin əməkdaşları Nərimanov rayonu ərazisində yerləşən “Kral” şadlıq evində “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçiriblər.
Qurumdan Avropa.info-ya verilən məlumata görə, baxış zamanı müəyyənləşdirilib ki, şadlıq evini qidalandıran 6 kV-luq kabel xətti binanın zirzəmisinə daxil olur və sayğacdan əvvəl xüsusi quraşdırılmış sxem vasitəsilə, sayğacdan kənar üç ədəd 160 kVa gücündə transformator qoşularaq elektrik enerjisi talan edilib.
Hazırda “Kral” şadlıq evinin elektrik enerjisi təchizatı tam dayandırılıb.
“Azərişıq” ASC bir daha xəbərdarlıq edir ki, istehlakçıların şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.
Xatırladaq ki, “Kral” şadlıq sarayı mərhum müdafiə sənayesi naziri Yavər Camalovun ailə biznes şəbəkəsinə daxildir. Həmin şadlıq sarayını və mərhum nazirin digər çoxsaylı kommersiya obyektlərini hazırda onun oğlu idarə edir.
Belə görünür ki, keçmiş nazirin bu nəhəng obyektində elektrik enerjisinin talanması yeni baş vermiş fakt deyil və illərdir həmin vəziyyət hökm sürür. Başqa sözlə, yüz minlərlə manat dəyərində elektrik enerjisinin talan edilməsindən söhbət gedə bilər. Bəs bu talançılıq Nərimanov rayon Elektrik Şəbəkəsinin rəhbərliyinin və işçilərinin xəbəri olmadan baş verə bilərdimi? Bu, qətiyyən ağlabatan deyil. Saytın əməkdaşı məsələ ilə bağlı Nərimanov rayon Elektrik Satışı və Təchizatı İdarəsi ilə əlaqə saxlayıb “Kral” şadlıq sarayında elektrik enerjisinin talanmasına illərdir niyə şərait yaradıldığını soruşmağa çalışıb. Lakin bildirdilər ki, “rəhbərlik yerində yoxdur, ərazidədir”.
Azərbaycanda “Azərişıq” ASC tərəfindən elektrik şəbəkəsi infrastrukturunun yenidən qurulması, itkilərin azaldılması istiqamətində son illər genişmiqyaslı fəaliyyət həyata keçirilir. Ölkənin rayonlarında elektrik şəbəkəsi demək olar ki, sıfırdan qurulur. Lakin göründüyü kimi yerli şəbəkələrdə korrupsiyalaşmış məmurlar bu işlərə zərbə vururlar və elektrik enerjisinin-dövlət malının talan edilməsi üçün ayrı-ayrı korrupsionerlərlə, onların biznes obyektlərini işlədənlərlə cinayətkarcasına işbirliyi qururlar. Bu baxımdan “Kral” şadlıq sarayında elektrik enerjisinin talanması faktına mütləq hüquq-mühafizə orqanları tərəfindən qiymət verilməli, talançılığı həyata keçirənlər və ona şərait yaradanlar qanun qarşısında cavab verməlidir.

Kriteri.az

Daxil olundu: 15.01.2019 » Oxundu: 1799
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!