Balakən Kərpic Zavodunun direktoru Ramazan Haxov 1969-cu il təvəllüdlüdür. Hələ uşaq yaşlarından quruculuq işlərinə, tikib-yaratmağa meyilli olan Ramazan müəllim zaman keçdikcə bu arzusunu tikinti materiallarının istehsalı ilə gerçəkləşdirməyi qarşısına məqsəd qoyub. Çünki yaxşı bilirdi ki, tikib-yaratmağın ilkin şərti onun materialını əldə etmək, keyfiyyətli məhsula sahib olmaqdır. Elə bu məqsədlə də Ramazan müəllim 2006-cı ildə Balakən Kərpic Zavodunu təsis edib. Hər bir işin əvvəli müəyyən çətinliklərlə qarşılaşmaq olur. Lakin uğur o zaman əldə edilir ki, bu çətinliklərin öhdəsindən əzmkarlıqla gəlməyi bacarasan, heç bir maneədən qorxub-çəkinməyəsən və hər bir uğurun mayasının zəhmət olduğunu unutmayasan. Ramazan müəllim də əzmkarlıq göstərdi, gecəsini gündüzünə qatıb çalışdı və uğurlu nəticə əldə edərək zavodun şöhrətinin bütün el-obaya yayılmasına nail oldu. Artıq o çətin günlər geridə qalıb və 20 illik fəaliyyəti olan zavod gündən-günə inkişaf edir, böyüyür, fəhlə qüvvəsini artırır. Bu isə neçə-neçə ailənin ruzi-bərəkəti, gündəlik tələbatı, çörəyi deməkdir. Hazırda burada 50 fəhlə qüvvəsi çalışır, orta aylıq əmək haqqı isə 450 manat civarındadır. Ramazan müəllim deyir: "Zavodumuz Balakən rayonunda yerləşir və müasir istehsal texnologiyaları ilə yüksək keyfiyyətli müxtəlif növ kərpiclərin istehsalı ilə məşğul olan bir müəssisədir. Əsas məqsədimiz müştəri məmnuniyyətidir və şükürlər olsun ki, buna da nail ola bilirik. Kərpic ta qədimdən tikinti materialı kimi geniş yayılıb. Hazırda tarixi abidələr kimi qorunan orta əsrlərə aid binaların əksəriyyətinin tikintisində kərpicdən istifadə olunduğu məlum faktdır. Bu tikinti materialının uzunömürlü olması imkan verir ki, müasir tikintilərdə də ondan geniş istifadə edilsin. Zavodumuzda istehsal edilən bişmiş kərpiclərin keyfiyyəti çox yüksəkdir. Sifarişlər ildə-ilə artsa da, qiymətlər stabil olaraq saxlanılır. Məhz qiymət və keyfiyyət amilinə görə ətraf rayonlar da bizim məhsullarımızdan istifadə edirlər. Məlumat üçün onu da deyim ki, zavodumuzda istehsal edilən kərpiclərin diametri 19X19; 19X19 X 13,5; 19X19, 10,5; 19X19 X 8,5; 19X19 X 39 olur. Sifariş etmək istəyənlər buyurub əlaqə saxlaya bilərlər. Bir neçə kəlmə də zavodumuzda çalışan işçilərimiz haqqında demək istəyirəm. Onların hər biri haqqında xoş söz söyləməyi özümə borc bilirəm. Çünki hər biri zəhmətsevər, öz işinə qarşı məsuliyyətli, bacarıqlı və vicdanlı insanlardır. Ən əsası isə halal zəhmətlə qazanılan çörəyin necə şirin olduğunu gözəl bilirlər. Məqsədimiz növbəti illərdə müəssisəmizi daha da genişləndirmək və daha çox işçi qüvvəsindən istifadə etməkdir. Bununla isə qurub-yaradan xalqımıza material bolluğu ilə xidmət etmiş oluruq. Keyfiyyətli və bol tikinti məhsulu bütün tikinti işləri üçün vacib və gərəklidir".
Gülağa CƏFƏROV,
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
