
XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyət tariximizə çox böyük hadisə kimi düşdü. Bu tarixi hadisə M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasının Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən tamaşaya qoyulması idi. Bəlkə də Lənkəranda baş verdiyi güman edilən bir səhnə əsərinin səhnələşdirilməsi, dolayısı ilə bu tamaşanın Lənkəranla bağlı olması idi ki, çox keçmədən belə bir teatr Lənkəranda da yarandı.
Lənkəran teatrı əsaslı fəaliyyətə 1891-ci ilin 18 yanvarında başlayıb. Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitunun təqdimatına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 7 avqust 2009-cu il tarixli əmri ilə Lənkəran Dövlət Dram Teatrının yaşı məhz bu tarixdən – 18 yanvar 1891-ci ildən təsdiqlənib.
Lənkəranda teatrın təşəkkül tapmasında müstəsna xidmətləri olan görkəmli səhnə ustası, SSRİ xalq artisti Sidqi Ruhulla 1912-ci ildə Lənkərana gələrək burada dram heyəti yaratmaq istəyən həvəskarlarla “Bəxtsiz cavan”, “Nadir şah” faciələrini, H.Rzayevin “Cəhalət” və N.B.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” komediyalarını səhnələşdirib.
1923-cü ildə yerli ziyalılardan Teymur Şahverdiyevin “Altı rəfat” və “Həqiqi röya” pyeslərinin tamaşaları da Lənkəranın mədəni həyatında böyük əks-sədaya səbəb olub. Hər iki əsər yenicə yaradılmış Hüseyn Ərəblinski adına Rayon Xalq Teatrı artistlərinin və yerli ziyalıların qüvvəsi ilə hazırlanıb.
Xalq teatrı təxminən 10 ildən çox fəaliyyət göstərərək sonralar yaradılmış peşəkar teatr üçün zəmin hazırlayıb. Respublikanın adlı-sanlı sənətkarlarından Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışinski, Cahan xanım Talışinskaya kimi məşhurlar ilk addımlarını məhz Lənkəran xalq teatrının səhnəsində atıblar. 1934-cu ilin payızında Lənkəranda açılan Lənkəran Musiqili Dövlət Dram Teatrı 1949-cu ilə kimi səmərəli fəaliyyət göstərib.
1949-cu ildə Lənkəran Musiqili Dövlət Dram Teatrından Dövlət Dram Teatrı statusu alınıb, həmin ilin dekabrında rayonda yenidən H.Ərəblinski adına Lənkəran Xalq Teatrı təşkil edilib. Cavan yaradıcı qüvvələrlə müntəzəm iş aparmaq, yeni-yeni istedadları axtarıb tapmaq, öz repertuarını müasir həyatla səsləşən əsərlərlə zənginləşdirmək və beləliklə də, xalqa yüksək mədəni xidmət göstərmək kimi vəzifələr Xalq Teatrının əsas fəaliyyət proqramı olub. 1973-cü il dekabrında teatrın Dövlət Dram Teatrı statusu yenidən bərpa edilib.
Yarandığı ilk dövrdən sağlam mənəvi prinsiplər üzərində təşəkkül tapan Lənkəran Dövlət Dram Teatrının repertuarında Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, Qərbi Avropa, rus və digər ölkə xalqlarının dramaturgiyasının ən gözəl əsərləri mühüm yer tutub. Bu sənət ocağı fəaliyyəti dövründə nəinki respublikamızda, eyni zamanda bir sıra xarici ölkələrdə keçirilən Beynəlxalq festivallarda uğurlar qazanıb. Qazandığı uğurların nəticəsi olaraq 2016-cı ilin iyun ayından Lənkəran Dövlət Dram Teatrına “Aparıcı teatr” stasusu verilib.
2019-cu il iyunun 1-də Lənkəran Dövlət Dram Teatrı 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Bu möhtəşəm sənət bayramında ölkəmizin 10 sənət ocağı, həmçinin Böyük Britaniyanın, Gürcüstanın, İranın Ərdəbil və Təbriz şəhərlərinin teatr kollektivləri iştirak edərək öz məharətlərini nümayiş etdiriblər.
3 əsrlik tarixi olan Lənkəran Dövlət Dram Teatrı indi də fəaliyyətini uğurla davam etdirir. Fəaliyyət göstərdiyi illər ərzində bir çox festivalların qalibi olmuş teatr özünün zəngin və rəngarəng tamaşaları ilə hər zaman tamaşaçılarını sevindirir. Hər mövsümdə yeni-yeni tamaşalar ilə seyrçilərini sevindirən teatr balaca tamaşaçıları da yaddan çıxarmır və bir-birindən maraqlı, rəngarəng uşaq tamaşaları ilə balacaların marağına səbəb olur.
Teatrımız üçün 133-cü mövsümü də çox uğurlu hesab etmək olar. Belə ki, teatrımız Bakı şəhərində hesabat qastrol səfərlərində olub və paytaxt tamaşaçıları qarşısında Çingiz Aytmatovun "Cəmilə" və Kamal Abdullanın "Cəsus" əsərləri ilə çıxış edib. Bu mövsüm həmçinin müxtəlif bölgələrə etdiyi qastrol səfərləri ilə də yadda qalıb. Biləsuvar, İmişli və Lerik tamaşaçılarına Qəşəm Nəcəfzadənin Ulu Öndərə həsr olunmuş "İki iyirmi üç arasında" əsərini təqdim edib. Masallı, Lerik və digər rayonlarda isə uşaq tamaşaları ilə qastrol səfərlərində olub.
Özünün yeni inkişaf mərhələsini yaşamaqda və yeni-yeni uğurlar qazanmaqda olan Lənkəran teatrı bundan sonra da ənənələrinə sadiq qalaraq Azərbaycanın milli teatrına şərəflə xidmət edəcək, inkişaf istiqamətini, bədii simasını ləyaqətlə qoruyacaqdır.
Laləzar HÜSEYNOVA
Dağıstan Respublikasının əməkdar artisti,
Azərbaycan Respublikasının əməkdar
mədəniyyət işçisi, Prezident mükafatçısı,
Lənkəran Dövlət Dram Teatrının direktoru