Lənkəran füsunkar təbiətə, zəngin floraya malik əsrarəngiz, gözəl diyardır. Burada torpağa toxum atdınmı cücərəcək. Elə buna görədir ki, subtropiklər diyarında hara baxsan, yaşıllıqlar göz oxşayır. Bu yerləri Lənkəran akasiyası, dəmirağac, palıd, azat, Xan çinar, eldar şamı, küknar, digər yerli növ ağaclar, həmişəyaşıl kollar, güllər, çiçəklər, sitrus və digər meyvə bağları bəzəyir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Ümumrespublika Yaşıllaşdırma Marafonu çərçivəsində rayonun şəhər, qəsəbə və kəndlərində, magistral yolların kənarlarında minlərlə ağac əkilib, çoxlu yaşıllıqlar salınıb.
"Yaşıl marafon" Lənkəranda getdikcə geniş vüsət alır. Ekoloji durumun sağlamlaşdırılmasına yönələn bu xeyirxah aksiyaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin kollektivi də öz töhfələrini verir. Kollektiv iməcilik yolu ilə məhkəmənin inzibati binasının ətrafında xeyli şam, küknar ağacları, gül kolları əkib, yaşıllıqlar salıb. Ərazi səliqə-sahmanı, yaşıllığı, gözəlliyi ilə diqqəti cəlb edir.
Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində məhkəmənin kollektivi növbəti dəfə iməcilik keçirib. Bu nəcib aksiyaya Lənkəran rayon məhkəməsinin, Regional ədliyyə şöbəsinin, Lənkəran rayon icra və probasiya şöbəsinin, rayon vəkil bürosunun, Lənkəran 1 saylı notariat ofisinin və qeydiyyat şöbəsinin kollektivləri də qoşulub.
Ədliyyə işçiləri məhkəmənin yerləşdiyi magistral yolun kənarında Xan çinar ağacları əkib, yeni yaşıllıq salıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Elxan Süleymanov söhbət zamanı bildirdi ki, yaşıllıq olmayan yerdə həyat yoxdur.Ümummilli lider Heydər Əliyev təbiətin yaşıl örtüyünün qorunmasına və artırılmasına həmişə böyük önəm verib. Ölkə Prezidenti cənab İlham Əliyev ekoloji tarazlığın bərpa edilməsinə, ətraf mühitin mühafizəsinə, ekoloji durumun sağlamlaşdırılmasına xüsusi diqqət yetirir. Həyata keçirilən “Yaşıl marafonlar”, digər aksiyalar dediklərimizə əyani subutdur.
Məhkəmənin hakimi Xamməd Nuriyev söhbətə qoşularaq kollektivin ekoloji tədbirlərə daim dəstək verdiyini, təmiz havanın, saf ekoloji mühitin insanların sağlamlığına xidmət etdiyini bildirdi. Sıra ilə əkilən Xan çinarların tezliklə böyüyüb əraziyə gözəllik və yaraşıq gətirəcəyini söylədi.
İməcilik zamanı ədliyyə işçiləri əkdikləri ağaclara aqrotexniki qulluq göstərib ərazidə abadlıq işləri apardılar.

Daxil olundu: 21.11.2021 » Oxundu: 49
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!